Azərbaycan Turizm İnstitutu ilə Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universiteti arasında 2010-cu ilin iyun ayında bağlanmış əməkdaşlıq müqaviləsinin şərtlərinə əsasən, institutun bir qrup əməkdaşı Doğu Akdeniz Universitetində (DAU) “XXI əsrdə Turizmin və Mədəniyyətin Menecmentinin tədrisində Kurrikulumun rolu” mövzusuna həsr olunmuş təcrübə mübadiləsi kursunun dinləyicisi olub. ATİ-nin 20 nəfərlik heyətinə institutun Turizm işinin təşkili və idarə edilməsi fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi, dosent Nəsrulla Nəsirli rəhbərlik edib. Onun sözlərinə görə, yanvarın 28-dən fevralın 5-dək davam edən kursda institutun əməkdaşları TedQual sertifikatının alınması üçün lazımi sənədləşmə və prosedurlarla tanış olub, sillabus və kurrikulumların tərtibatı üzrə təcrübə mübadiləsi aparıblar. Səfər çərçivəsində eyni zamanda ATİ ilə DAU arasında tələbə mübadiləsi, yay məktəbinin və dil kurslarının təşkili, magistrlər üçün ikili diplom proqramlarının hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb. ATİ “Elektron Şəbəkə Dərs Sistemi və Moodle Texnologiyaları 2012” mövzusuna həsr edilmiş beynəlxalq kursda iştiraka dəvət alıb. 
   
    Fəxriyyə Abdullayeva