Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Milli Məclisin Mədəniyyət komitəsinin və Özbəkistanın bir sıra qurumlarının iştirakı ilə Özbəkistanda növbəti “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilir.

Mədəniyyət və ədəbiyyat günləri çərçivəsində AMM-də Azərbaycanın Əməkdar artisti, dost ölkədə milli rəqslərimizin təbliğinə töhfələr vermiş Kaykeb (Kövkəb) Əliyevanın büstünün açılış mərasimi keçirilib. Mərasimdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, digər qonaqlar, Özbəkistanın mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə K.Əliyeva haqqında videofilm nümayiş olunub. AMM-in direktoru Samir Abbasov, millət vəkili Qənirə Paşayeva, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov K.Əliyevanın həyat və yaradıcılığından söz açıblar.

Qeyd edilib ki, əslən azərbaycanlı olan Kövkəb Əliyeva 1935-ci ildə İranın Məşhəd şəhərində anadan olub. Sonra ailəsi Özbəkistana köçüb. O, Daşkənd Dövlət Xoreoqrafiya Məktəbini bitirib. K.Əliyeva uzun illər Özbəkistanda Azərbaycan mədəniyyətini təbliğ edib, diasporumuzun fəal üzvü olub. Təşkil etdiyi dərnəklərdə yüzlərlə azərbaycanlı, özbək uşaq və gəncə rəqslərimizi öyrədib. Mədəniyyətimizin təbliğində xidmətlərinə görə 2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb. Özbəkistanın “Dostluq”, “Şöhrət” və “Müstəqillik” ordenlərinə layiq görülüb.

Heydər Əliyev adına AMM nəzdində “Azərbaycan qızları” ansamblının yaradıcısı olan rəqqasənin adı vəfatından sonra bu kollektivə verilib. AMM-in təşəbbüsü ilə K.Əliyevanın yaşadığı binaya onun barelyefi vurulub.

Çıxışlardan sonra K.Əliyevanın büstünün üzərindən ağ örpək götürülüb. Büst AMM-in sifarişi ilə Özbəkistanın Xalq rəssamı Mariya Borodinova tərəfindən hazırlanıb.

***

Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində Heydər Əliyev adına AMM Daşkənddəki Abdulla Qadiri Xatirə Muzeyi ilə birgə “Repressiya qurbanları – Hüseyn Cavid və Abdurauf Fitrət: maarifçi ziyalılar və milli-azadlıq carçıları” mövzusunda tədbir keçirib.

Tədbirdə çıxış edən muzeyin direktor müavini Mövluda Amonova Azərbaycan və özbək ədibləri Hüseyn Cavid və Abdurauf Fitrətin həyatı və yaradıcılığı haqqında məlumat verib, onların oxşar talelərindən söz açıb.

Heydər Əliyev adına AMM-in direktoru Samir Abbasov çıxışında hər iki ədibin əsas qayələrinin öz vətənlərini azad görmək olduğunu söyləyib. Qeyd edib ki, məhz bu səbəbdən onlar təzyiqlərə, təqiblərə, repressiyalara məruz qalıblar. Repressiya qurbanlarının xatirəsinin əbədiləşdirilməsindən söz açan S.Abbasov 1981-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin nəşinin Sibirdən Azərbaycana gətirilərək dəfn edildiyini bildirib.

Yazıçı, ədəbiyyatşünas Davron Racab Azərbaycan və özbək xalqlarının ziyalıları arasında möhkəm dostluq əlaqələrinin olduğunu, ədəbiyyatımızın isə bir-birindən bəhrələndiyini vurğulayıb. O, Hüseyn Cavid və Abdurauf Fitrət kimi şəxsiyyətlərin irisinin təbliği və gənc nəslə tanıdılmasına görə AMM-yə təşəkkürünü bildirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva hələ ötən əsrin əvvəllərində Hüseyn Cavidin dram əsərlərinin Özbəkistanda tamaşaya qoyulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Hüseyn Cavid də, Mikayıl Müşfiq də, Abdurauf Fitrət də, Çolpan da, digər ədiblərimiz də Turan ideyaları uğrunda mübarizə aparıblar, həyatlarını millət üçün fəda ediblər.

Qənirə Paşayeva muzeyə Azərbaycan nümayəndə heyəti adından İrəvan xanlığının xəritəsini hədiyyə edib.

Tədbirdən sonra Qənirə Paşayeva həmmüəllifi olduğu “İtirdiyim xoşbəxtlik” (“Qarabağ hekayələri”) kitabının özbək dilində nəşrini oxucular üçün imzalayıb.