Qalaaltıda gerçəkləşən “XAZART” incəsənət simpoziumundan yadda qalanlar
Parçalı buludlu, bir az da qaşqabaqlı Bakıdan qaçış üçün əla fürsətdir təbiət. Üstəlik orada səni ruhu dağ çayları kimi coşqun, duyğuları təbiət kimi əlvan insanlar gözləyirsə...
Biz də bu fürsəti dəyərləndirib təbiətin əlvanlığında, rənglərin melodiyasında səssiz, sözsüz nəğmələr “oxuyan” rəssamların görüşünə getdik. Mədəniyyət Nazirliyinin dəstəyi, “Leyla Khazary ArtGallery” və “Qalaalti Hotel & Spa”nın təşkilatçılığı ilə keçirilən “XAZART” incəsənət simpoziumuna.
Oktyabrın 5-dən öz işinə başlayan və ətrafına topladığı rəssamları emalatxana divarları arasından təbiətin qoynuna, onu vəsf etməyə səsləyən tədbir oktyabrın 14-də başa çatdı.
Qalaaltıda – sıldırım qayalıqların kölgəsində – məkan edən rəssamlar məsum uşaqlar kimi sevgi və həyəcan dolu idilər. Nə günəşin üzərini zəbt edən ala-boz buludlara, nə dağlardan qopub gələn şıltaq küləyə məhəl qoymur, hotelin “oyun meydançası”nda düzənlədikləri sərgilərinə davam edirdilər. Kimisi yarımçıq qalan işinə son toxunuşlarını etmək üçün rəng qutusunu qarışdırır, kimisi etüd üçün yeni obyekti gözdən keçirir, kimisi də kənara çəkilib rənglərin arasındakı rəngli adamların həyəcan və dalğınlığından zövq alır. Ölkəmizdə və ondan kənarda tanınan və sevilən fərqli yaradıcılıq üslublarına malik müxtəlif yaş qrupundan rəssamlar və sənətşünaslar məhsuldar keçən günlərin qızğın müzakirəsini edirlər.
İlk olaraq bu gözəl təşəbbüsün səbəbkarı Leyla Xəzəriyə yaxınlaşıram. Layihənin əsas məqsədinə çatdığını bildirən təşkilatçı artıq təşəbbüsə başqa hotellərin də qoşulduğunu sevinclə vurğulayır. Deyir ki, belə aksiyalar rəssamların bir araya gəlməsində xüsusi önəm daşıyır: “Simpoziumun məqsədi ictimaiyyət nümayəndələrinin iştirakı ilə təsviri incəsənətdə müasir tendensiyaları müəyyənləşdirmək, geniş tamaşaçı kütləsi arasında müasir rəngkarlığı təbliğ etməkdir. Burada hər rəssam daxili dünyasını, öz baxışını auditoriyaya gətirərək tamaşaçıları öz yaradıcılığı ilə tanış edir. Bunun sayəsində fərqli texnikalarda işləyən həmkarları ilə təcrübə mübadiləsinə də nail olurlar. Biz qalereya olaraq ümumilikdə yaradıcılığı təbliğ edir, rəsm kursları, fərdi sərgilər, konfranslar və hərraclar keçiririk. Həmçinin incəsənət haqqında sənədli filmlər də nümayiş etdiririk. Məqsədimiz incəsənətin rəssamlıq istiqamətinin daha da kütləviləşməsinə nail olmaqdır”.
***
Onu da qeyd edək ki, simpoziumda tanınmış fırça ustaları Əbülfəz Fərəcoğlu, Anar Hüseynzadə, Anar Yolçuyev, Diana Əliyeva, Eldar Babazadə, Elnur Mahmudov, Fərhad Yalquzaq, İnna Kostina, Mir Azər Abdullayev, Rafail Əliyev, Erkin Ələkbərli, Təranə Seyid, Zöhrab Salamzadə iştirak edirdilər.
Hər gün bir fərqli məkana üz tutan rəssamlar təbiətdən ilhamlanaraq öz ideyalarını kətan üzərinə köçürmüşdülər. Bəziləri artıq həmin əsərlərini sonuncu günün bayram ovqatında sərgiləyir, bəziləri isə “Qalaaltı gündəliyi” adlandırdıqları etüdləri arasında seçim həyəcanı yaşayırdılar.
Əsərləri önündə qürurla dayanan rəssamları bu dəfə sözə çəkmək elə də çətin olmadı. Bildiyiniz kimi, rəssamlar asanlıqla dialoqa girməyi, xüsusən də əsərləri haqqında danışmağı elə də sevmirlər. Amma bu dəfə fərqli idi. Açıq havada rənglərin gülümsədiyi tablolarının yanında səf tutan rəssamlar sevinclə təəssüratlarını bölüşür, təşkilatçılar haqqında sevgi ilə danışırdılar.
Ömrünün 20 ilini qardaş Türkiyədə yaşayan, müxtəlif sərgilərdə uğurla təmsil olunan və İkinci Qarabağ müharibəsi başlayanda vətənə köçən Əbülfəz Fərəcoğlu təəssüratlarını bizimlə bölüşür: “Rəssam üçün, ümumən istənilən insan üçün doğulduğu torpaqlar sonsuz sevgi və həyat mənbəyidir. Bu elə bir hissdir ki, sən onu istəsən də, olduğu kimi izah edə bilmirsən. Bilirsiniz ki, rəssamlar başqa bir dünyanın insanlarıdır. Onlar ruhən azad və xoşbəxtdirlər. Digər tərəfdən, onları sevindirmək o qədər də çətin deyil. Çünki gözəlliklər axtarır və onu mükəmməl çalarlarla ifadə etməyə çalışırlar. Layihənin ərsəyə gəlməsində zəhməti olanlara təşəkkür edirəm. Bu günlər ərzində köhnə və yeni dostlarımı, həmkarlarımı gördüm və zövq aldım. Bugünkü simpozium bir-birimizi tanımaq, dəstək olmaq, yaradıcılıq texnikalarımızı nümayiş etdirmək, təcrübəmizi bölüşmək üçün də maraqlı ideyadır. Ötən günlər mənim üçün məhsuldar oldu və hər günə xatirə olaraq özüm üçün bir etüd etdim. Düşünürəm ki, rəssamlıq sənəti və onun nümayəndələrinin ictimaiyyətə təqdimatı üçün də bu kimi tədbirlər vacibdir və arzu edərdim ki, bu aksiya ənənəvi hal alsın”.
Tədbirin əhəmiyyətini qeyd edən rəssam Fərhad Yalquzaq deyir: “Belə görüşlər sayəsində müxtəlif janrlarda işləyən rəssamlar bir araya gəlir və iş prosesində bir-birlərinin texnikaları ilə tanış olur, nəyisə mənimsəyir, fikirlərini bölüşürlər. Köhnə-yeni dostluqların möhkəmlənməsi, eyni yaradıcılıq sahəsi ilə məşğul olan insanların dialoqu üçün bu kimi layihələr çoxalmalı və dəstəklənməlidir. Çünki əvvəlki dövrlərə nisbətən yaradıcılıq ezamiyyətləri, birgə sərgilər, konfrans və görüşlər elə də çox deyil. Üstəlik hər rəssam öz evinə, emalatxanasına çəkilib öz işi ilə məşğul olur və beləcə, bir sıra yeni yaradıcılıq proseslərindən kənarda qalır. Yaradıcılıq baxımından simpoziumun gənclər üçün önəmi daha böyükdür. Onlar peşəkar rəssamların texnikalarını görərək öz üslublarındakı boşluqları doldurmağa çalışır, yeni axtarışlar sayəsində təcrübə qazanırlar”.
Pedaqoq və qrafika ustası kimi daha çox tanınan rəssam Mir Azər Abdullayev də art-simpoziumdan zəngin təəssüratla qayıdacağını deyir: “Hər rəssam özünəməxsus üslub və texnika ilə işləyir. Sözsüz ki, rəsmdən əvvəl onun ideyası yaranır və proses getdikcə az qala son ana qədər sən onun üslubunun təyinatında tərəddüd edirsən. Məsələn, Qalaaltına gələrkən artıq nəyi çəkəcəyimi bilirdim. Vacib deyil Çıraqqala olsun, hər halda beynimdə ideya artıq yaranmışdı və sevinirəm ki, onu reallaşdıra bildim. Mən rəsmlərimdə çox zaman qlobal, optimist, insanın gələcəyi ilə bağlı mövzulara toxunuram. Qalaaltı, onun ecazkarlığı təsvirlərimə ayrı bir ruh qatdı. Layihə çərçivəsində üç mövzu üzərində işlədim. Onlardan biri Qarabağa aid “Başlanğıc” əsəridir. Digər iki işim isə qadının cəmiyyətdə rolunu əks etdirən “Missiya” və insanın həyata olan münasibəti, həyatda axtardığı nizamı göstərməyə çalışan “Tarazlıq” rəsmləridir”.
Nisbətən yeni nəsil rəssamlardan olan Təranə Seyid də simpoziumdan dolğun təəssüratla ayrılır: “Düşünürəm ki, bu səfər də növbəti əsərlər üçün materialdır və yəqin ki, burada çəkdiyim bir neçə eskizi rəsmə çevirəcəm. Son günlər doğma Şuşada etdiyim eskizlərin bir neçəsi üzərində işlədim və irihəcmli bir neçə rəsm yarandı. Qalaaltıda da təbiət möcüzəsi Şuşa mövzusundan qopa bilmədim. O tarixi şəhər məndə o qədər pozitiv enerji oyadıb ki, hətta onun dağıdılmış binaları, abidələri də gözümdə incəsənət nöqteyi-nəzərindən gözəl görünür. Şuşada gün ərzində hava bir neçə dəfə dəyişir, gah dağları duman alır, gah da günəş buludların arasından boylanır və işığın düşmə bucağından şəhərin mənzərəsi dəyişir. Bütün bunlar məni bu gözəlliyi yenidən tabloya köçürməyə vadar etdi. Amma vətənimin sonsuz gözəlliklər məkanı olan Çıraqqalanı da unutmadım və onu da vəsf edən impressionist üslublu bir rəsm çəkdim”.
Rəsmlərini ani ideyalar üzərində quran rəssam Anar Hüseynzadə isə məhsuldar keçən son günlərindən danışdı: “Qalaaltıya gələndə bilirdim ki, qapalı məkanların, xüsusən günü-gündən sıxlaşan şəhərin gərginliyindən çıxıb təbiət qoynunda olacağam. Artıq işləyəcəyim rəsmlərin də təbiətlə həmahəng olacağına əmin idim. Bu mənada Qalaaltı əvəzsiz mövzu qaynağıdır. Çünki təbiətlə yanaşı abidələr də yaradıcılığımda xüsusi yer tutur. Çıraqqala da öz möhtəşəmliyi ilə diqqətimi çəkmişdi. Sadəcə, bu möhtəşəmliyi tabloya köçürmək üçün onu canlı görüb, hiss etmək lazım idi və sevinirəm ki, o hüdudsuz gözəlliklə baş-başa qalıb, onu təsvirə nail oldum. Qalaaltıya qalxanda hava dumanlı idi, buna görə də bura yaddaşıma duman arasında gizlənən alınmaz qala kimi həkk olundu. Düşünürəm ki, nəinki rəssamın, ümumilikdə bütün insanların təbiətlə öz ünsiyyət forması var və onun təsvir həlli hamıda fərqlidir...”.
...Rəssamların əsərlərini izləyərkən yadıma bənzərsiz üslubu ilə insanlığı hələ də heyrətdə saxlayan Pablo Pikassonun “Mən axtarmıram, mən tapıram” sözləri düşdü. Həqiqətən də, əsl rəssam təsvirə köçürən yox, onun yaradılış sirrinə varıb dərin qatlarındakıları tapıb rənglərin dili ilə “deyəndir”.
Həmidə Nizamiqızı