Azərbaycanın Avstriyadakı səfirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) bu ölkədəki nümayəndəliyinin təşkilatçılığı ilə Vyana Təsviri İncəsənət Akademiyasının Sərgi Qalereyasında azərbaycanlı gənc rəssamların əsərlərindən ibarət sərgi açılıb. “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşəbbüsü ilə gerçəkləşən sərgi Azərbaycanın Avstriyada səfiri işləmiş mərhum Fuad İsmayılovun xatirəsinə həsr edilib. Fevralın 12-dək davam edəcək sərgidə nümayiş etdirilmək üçün “Dirçəliş” mərkəzi tərəfindən 13 rəssamın 80 işi seçilib.
   Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov sərginin mədəniyyətimizin təbliği, iki ölkə arasında mədəni əlaqələrin dərinləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
   Tədbirdə qonaqlara Azərbaycan mətbəxinin ən ləziz nemətləri, milli şirniyyat və şərabçılıq məhsulları təqdim olunub, milli xalçaçılıq, musiqi nümunələrimiz, Azərbaycan tarixi, incəsənəti və turizm potensialına həsr olunmuş kitablar, habelə Heydər Əliyev Fondunun hazırladığı material və nəşrlər nümayiş etdirilib.

   Fəxriyyə Abdullayeva