Uzun müddət ölkədən kənarda – Şimali Kipr Türk Cümhuriyyətində pedaqoji fəaliyyət göstərən, eyni zamanda yaradıcılıq fəaliyyətini davam etdirən görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev vətənə yeni musiqi əsərləri ilə qayıdıb.

Oktyabrın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Cavanşir Quliyevin yaradıcılıq gecəsi – “Müşfiq ağıları” oratoriyasının ilk təqdimatı keçirildi.

Unudulmaz şair Mikayıl Müşfiqin (1908-1938) faciəvi taleyinə həsr olunmuş oratoriyanın libretto müəllifi Xalq şairi Sabir Rüstəmxanlıdır.

Oratoriya Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor Mustafa Mehmandarov), Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova) və solistlərin – Xalq artisti Azər Zeynalov, Əməkdar artistlər Səbinə Əsədova, İlham Nəzərov, Nigar Tağıyeva və İlahə Fədanın ifasında səsləndi.

Əsərin librettosu proloq, “Ana ağısı”, “Vətən ağısı”, “Söz ağısı”, “Azadlıq ağısı”, “Eşq ağısı”, “Həyat ağısı”, beş “Qaragüruh”  və epiloqdan ibarətdir.

Proloq xanəndə-qadının ifasında həzin bir ahənglə başlayır:

Bir buludam (mən) uca göylərdə,
Qara baxtımla bizim ellərdə.
Neyçin ağlarsan, yaşına qurban (ay gülüm),
Nərgiz gözlərinin yaşına qurban...

Sonra əsər “Ana ağısı” ilə davam edir. 1908-ci ildə, iyun ayının 5-də Bakıda doğuldu. Adını Mikayıl qoydular. Böyüdü, şair Müşfiq oldu. 29 illik bir ömür yaşadı. Sevincə həsrət qalan, acı göz yaşlarıyla keçən bir ömür. Bu dünyada heç kimi yox idi, yalnız ana dediyi Vətəni vardı...

Oratoriyanın digər bölmələrində nakam ömür yaşamış şairin məşəqqətli həyatı təsirli musiqi lövhələri və poetik ifadələrlə təsvir edilir.

Epiloqla yenə xanəndə-qadının ifasında həzin bir səs eşidilir:

Vəfasız dünyadan eh dedi, getdi,
Tez sönən ömrünə meh dedi, getdi.
Gül əkdi, vay dərdi cahan bağından,
Tökdüyü yaşlara şeh dedi, getdi.

“Müşfiq ağıları” oratoriyasının ilk ifası alqışlarla qarşılandı.

S.Fərəcov