Mədəniyyət və Turizm Nazirliyi iştirak etdiyi beynəlxalq turizm sərgilərinin coğrafiyasını ildən-ilə genişləndirir.
    Bu il ölkəmizin təmsil olunduğu yeni sərgilərdən biri də yanvarın 27-dən 29-dək ABŞ-ın Los-Anceles şəhərində keçirilən "Times Travel Show" sərgisi olub. Burada Azərbaycanın turizm potensialı 18 kvadratmetrlik stenddə ziyarətçilərə təqdim edilib.
   Los-Anceles sərgisində Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin əməkdaşları ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən hotellərin və turizm şirkətlərinin nümayəndələri, Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri də iştirak ediblər.
   Tədbirin iştirakçılarından olan «Spektr travel» turizm şirkətinin direktoru Göydəniz Qəhrəmanov qəzetimizə açıqlamasında bildirdi ki, «Times Travel Show» sərgisi daha çox kurortlarla bağlı olub. Burada çimərlik, ada turizminin təmsilçiləri üstünlük təşkil edib: «Amerikanın bütün ştatlarından ziyarətçilər vardı. Azərbaycanın stendi ilə maraqlananlar da çox idi. Bir məqamı da qeyd edim ki, əvvəlki illərə baxanda, ümumiyyətlə, bütün sərgilərdə hiss olunur ki, insanların Azərbaycan haqqında məlumatları daha çoxdur. Əgər əvvəllər ziyarətçilər Azərbaycanın necə bir ölkə olması, harada yerləşməsi barədə suallar verirdilərsə, indi bölgələri, istirahət mərkəzləri, Bakı şəhəri haqqında məlumat almaq istəyirlər. Ziyarətçilərə təqdim etmək üçün özümüzlə müxtəlif xarici dillərdə hazırlanmış və ölkəmizin turizm imkanlarını əks etdirən reklam-çap məhsulları aparmışdıq. Həmin çap məhsullarını stendimizin qonaqlarına təqdim etdik».
   Şirkət təmsilçisinin sözlərinə görə, tədbir əsnasında Azərbaycanın turizm şirkətləri Amerikanın və sərgidə iştirak edən digər ölkələrin turizm şirkətləri ilə əməkdaşlıq haqqında sənəd imzalayıblar: ««Spektr travel» olaraq biz də bir neçə şirkətlə əməkdaşlıq sənədi imzaladıq. Hesab edirəm ki, Azərbaycanın təmsil olunduğu beynəlxalq sərgilərin coğrafiyasının genişlənməsi ölkəmizə gələn turistlərin sayında nəzərəçarpacaq artım yaradacaq».
   

    Fəxriyyə Abdullayeva