Virtuoz ifaçının ADMİU-da ustad dərsi də olub

 

Klassik gitara ifaçılığında Rövşən Məmmədquliyevin öz imzası var. Hətta onu “gitaranın şairi” də adlandırırlar. 2014-cü ildən Rusiyada yaşayan musiqiçi bu günlərdə doğma Bakının qonağıdır.

Oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dünyaşöhrətli gitara ifaçısı, beynəlxalq müsabiqələr laureatı Rövşən Məmmədquliyevin solo konserti keçirildi.

Konsertdən əvvəl jurnalistlərə qısa açıqlama verən ifaçı doğma şəhərində çıxış etməkdən böyük şərəf duyduğunu dedi: “Yenidən Bakıya qayıtdığım üçün çox həyəcanlıyam. Bundan öncə mən 2010-cu ildə filarmoniyanın kamera və orqan musiqisi zalında Teymur Göyçayevin dirijorluq etdiyi orkestrlə birgə çıxış etmişəm. Ancaq Azərbaycanda solo konsertim ilk dəfədir. İnanıram ki, budəfəki repertuar və ifamla tamaşaçıları razı sala biləcəyəm. Azərbaycanda klassik gitara ifaçılığı o qədər də geniş yayılmayıb. Bu konsertdən sonra müəyyən qədər maraq yaranacağına ümid edirəm”.

Gələcək planları haqqında suala cavabında ifaçı “Mən çalışıram plan qurmayım, yaradıcılıq özü proqrama yeniliklər gətirir” dedi.

Rövşən Məmmədquliyevin ifasını dinləməyə gələnlər arasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadəni də görürük. Yaxınlaşıb konsert öncəsi fikirlərini alırıq. Bəstəkar Rövşən Məmmədquliyevin yaradıcılığı ilə çoxdan tanış olduğunu deyir: “Onu tez-tez xarici ölkələrdə qastrol səfərlərində görürəm. Bundan əlavə, Rövşən ustad dərsləri də verir. Hətta bu dərslərin birini izləyərkən peşəkar bir sənətkar olduğunu sezdim və onun mənim “Fantaziya” əsərimi ifa etməsinə razı oldum. Rövşən mənim bu əsərimi ilk dəfə ispaniyalı virtuoz gitaraçı Esteban Koluççinin ifasında eşitmişdi. Əsərin notlarını əldə edəndən sonra “Fantaziya”nı repertuara daxil etmək qərarına gəldi. Əlbəttə ki, bu məni çox sevindirir”.

Budur, Rövşən Məmmədquliyev səhnədədir. Biri-birindən maraqlı musiqilərlə zalı ələ alır. Konsert izləyicilər tərəfindən böyük maraqla qarşılanır. İfaçı proqrama Dionisio Aquado, Aqustin Barrios, Eytor Villa-Lobos, Nikita Koşkin, Fikrət Əmirov, Firəngiz Əlizadə, Fransisko Tarreqo kimi bəstəkarların əsərlərini daxil etmişdi.

Qeyd edək ki, Rövşən Şahbaz oğlu Məmmədquliyev 1986-cı ildə Bakı şəhərində doğulub. Klassik gitarada ifa etməyi Nijni-Novqorod şəhərindəki 7 nömrəli uşaq incəsənət məktəbində öyrənib. 2004-cü ildə M.A.Balakirev adına Nijni-Novqorod Musiqi Kollecini fərqlənmə diplomu ilə bitirərək M.İ.Qlinka adına Nijni Novqorod Dövlət Konservatoriyasına daxil olub. 2009-cu ildə bu təhsil müəssisəsini də fərqlənmə ilə başa vurub.

Səkkiz ildir Rusiyada yaşayan musiqiçi bir sıra mükafatlara, o cümlədən “Yeni adlar” Beynəlxalq xeyriyyə proqramının təqaüdünə layiq görülüb. Soydaşımız Rusiya, Fransa, Ukrayna, İtaliya, Portuqaliya, Polşa və digər ölkələrdə keçirilmiş müxtəlif müsabiqə və festivallarda müvəffəqiyyət qazanıb.

***

Rövşən Məmmədquliyev Bakıya səfəri çərçivəsində oktyabrın 19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ustad dərsi keçib, həvəskar və peşəkar gitara ifaçıları ilə öz bilik və bacarıqlarını bölüşüb.

Lalə Azəri