Milli Xalça Muzeyində beynəlxalq konfrans
Azərbaycan Milli Xalça Muzeyində (AMXM) oktyabrın 19-da “Gənc tamaşaçılar üçün muzey” adlı beynəlxalq konfrans başlayıb.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva açılış nitqində konfransın beynəlxalq təcrübənin öyrənilməsi, paylaşılması baxımından geniş imkanlar yaratdığını, dünya muzey mütəxəssislərinin əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirdiyini bildirib.
Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova uşaqların muzeylərə cəlb edilməsi, burada onların maraqlarına uyğun mühitin formalaşdırılması məsələlərinin aktuallığını diqqətə çatdırıb, konfransın məqsəd və əhəmiyyətindən danışıb.
Sonra müxtəlif ölkələrdən iştirakçıların çıxışları dinlənilib.
Konfransın birinci günü sessiyalar bitdikdən sonra iştirakçılar Milli Xalça Muzeyinin ekspozisiyası ilə tanış olublar. Sonra qonaqlar muzeyin Ənənəvi texnologiya şöbəsində yeni toxunmuş “Zəfər” xalçasının ənənələrə uyğun kəsimi mərasimində iştirak ediblər.
Qeyd edək ki, oktyabrın 21-də başa çatacaq konfransda “Muzeylər və məktəblər: muzey pedaqogikasının üfüqləri”, “Muzeylərdə uşaqlar üçün rəqəmsal materiallar”, “Uşaqlar, yeniyetmələr və valideynlər üçün muzey proqramları”, “Uşaqlar və muzey: muzey mühitində dayanıqlı inkişafın perspektivləri”, “Uşaq auditoriyasının genişlənməsi və dinamikası: inklüziv layihələr” mövzuları üzrə müzakirələr aparılır. Bu mövzularda Azərbaycan, Almaniya, Bolqarıstan, Çexiya, Hollandiya, Latviya, Qırğızıstan, Özbəkistan, Rusiya, Serbiya və Türkmənistandan ümumilikdə 24 muzey işçisinin çıxışları dinləniləcək.
Konfrans Milli Xalça Muzeyi və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondunun dəstəyi ilə keçirilir.