"Rebuild Karabakh – 2022” sərgisində Mədəniyyət Nazirliyi də xüsusi stendlə təmsil olunur

 

19-21 oktyabr tarixlərində 19-da Bakı Ekspo Mərkəzində II Azərbaycan Beynəlxalq "Qarabağın bərpa, yenidənqurma və inkişafı" ("Rebuild Karabakh – 2022”), 27-ci Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild”) və 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu (“Aquatherm Baku”) sərgilərini bir araya gətirən "Xəzər İnşaat Həftəsi” keçirilir. 

“Caspian Event Organisers” (CEO), “Iteca Caspian”, “Caspian Event Management”, “ICA Eurasia” şirkətlərinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA), Qarabağ Dirçəliş Fondu və digər qurumların dəstəyi ilə gerçəkləşən “İnşaat həftəsi”nə 17 ölkədən 300-dən çox şirkət qatılıb.

Qeyd edək ki, "Rebuild Karabakh” sərgisi ilk dəfə 2021-ci ilin 20-22 oktyabrında keçirilib.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri aparıcı biznes dairəsi ilə birgə əməkdaşlığa, dövlət-özəl tərəfdaşlığının, habelə regionda sabitliyin və inkişafın qorunmasına mühüm zəmin yaradır. Bu əsasda artıq ikinci dəfə təşkil edilən, müasir ideyalar, innovativ həllər və səmərəli təşəbbüslərlə zəngin olan “Rebuild Karabakh” sərgisi faydalı işgüzar mühitin yeni modelini yaradacaq.

Bu fikirlər Prezident İlham Əliyevin sərginin iştirakçılarına məktubunda vurğulanır. Dövlət başçısı sərgi çərçivəsində qabaqcıl biznes subyektlərini yaranmış fürsətlərdən faydalanaraq, ərazilərimizin bərpasına dəstək olan bütün səylərini və yaradıcı ideyalarını bir araya gətirməyə çağırıb.

“İnşaat həftəsi”nin "Rebuild Karabakh – 2022” sərgisində Mədəniyyət Nazirliyi də xüsusi stendlə təmsil olunur.

Stenddə Qarabağla, eyni zamanda Zəfər tariximizlə, işğaldan azad olunmuş ərazilərin tarixi, memarlığı, mədəniyyəti ilə bağlı nəşrlər, Azərbaycan, ingilis və rus dillərində "Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” kataloqu, eləcə də əl işləri və suvenirlər, işğaldan azad edilmiş torpaqlarımıza virtual səyahət etmək üçün xüsusi eynək sərgilənir.

Nazirliyin stendində, həmçinin Ağdam İşğal və Zəfər muzeyləri kompleksinin, eləcə də Füzuli Memorial Kompleksinin maketləri nümayiş etdirilir, ziyarətçilərə bu layihələr barədə məlumatlar verilir, müxtəlif nəşrlər, bukletlər və s. təqdim olunur.

Xatırladaq ki, 2021-ci il 28 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Ağdam İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimi keçirilib. Ağdam İşğal və Zəfər muzeyləri kompleksi ümumilikdə 22 hektara yaxın ərazini əhatə edəcək.

İşğal muzeyi kompleksi (17 hektar) muzey binası, xatirə gölü, memorial bağ və dağıntıların nümayiş etdrildiyi məkandan ibarət olacaq.

Ağdam Zəfər Muzeyi kompleksi 5 hektara yaxın ərazini əhatə edəcək və bu bölmə muzey binası, Bayraq meydanı və Zəfər arenasından ibarət olacaq. Ağdam şəhərinin işğaldan azad edilməsindən sonra Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan bayrağının qaldırıldığı ərazidə Bayraq meydanı salınacaq, muzeyin binası və arena bu meydanın yaxınlığında yerləşəcək.

Füzuli Memorial Kompleksinin təməli 2021-ci il oktyabrın 17-də, Füzuli şəhərinin işğaldan azad edilməsinin birinci ildönümündə Prezident İlham Əliyev tərəfindən qoyulub. Memorial kompleks Füzuli şəhərində yaradılacaq Füzuli İşğal Muzeyi və Memorial Parkı, Füzuli Zəfər Muzeyi, Füzuli Zəfər Abidəsi və Füzuli Bayraq Meydanını əhatə edəcək. Füzuli Zəfər Abidəsinin (layihə müəllifi Rəşad Mehdiyev) əsas hissəsini təşkil edəcək 44 sütun Vətən müharibəsinin Zəfər soraqlı günlərini təcəssüm etdirəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən il oktyabrın 17-də Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam da  imzalayıb. Sərəncama əsasən, layihənin həyata keçirilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə ilkin olaraq 1,5 milyon manat vəsait ayrılıb.

"Rebuild Karabakh – 2022” sərgisindəki Mədəniyyət Nazirliyinin stendində xüsusi   monitorda işğaldan azad edilmiş rayonlarda görülən və görüləcək işlər barədə tanıtım filmləri nümayiş olunur.

Stenddə muğam üçlüyünün – Elbrus Məmmədyarov (tar), Bayram Əliyev (kamança), Aydan Həmzəyeva (xanəndə) ifasında muğam və xalq mahnılarımız da ziyarətçilərə xoş əhval bəxş edir.