Bu il Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında diplomatik münasibətlərin qurulmasının (17 iyun 1992) 30 illiyidir.

Oktyabrın 19-da bu münasibətlə Azərbaycan Milli İncəsənət Muzeyində “Belçikaya komikslərlə səyahət” adlı sərginin açılış mərasimi keçirildi. Sərgi Azərbaycan Milli İncəsənət Muzeyi və Belçika Krallığının Bakıdakı səfirliyinin birgə təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və Belçika Komiks Mərkəzinin tərəfdaşlığı ilə gerçəkləşdi.

Tədbirdə çıxış edən Milli İncəsənət Muzeyi Beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Rəfiyeva bildirdi ki, sərginin keçirilməsində məqsəd Azərbaycan ictimaiyyətinə Belçikanı kəşf etmək imkanı yaratmaqdır: “Şəhərləri, abidələri, mənzərələri və mədəni ənənələri ilə dünyada məşhur olan Belçika həmçinin sevilən komiksləri ilə də tanınır. Belçika komiksləri komiks tarixində fərqli bir qrup şəklində təmsil olunur və Avropa komikslərinin inkişafında mühüm rol oynayır. 32 paneldən ibarət olan “Belçikaya komikslərlə səyahət” sərgisi çərçivəsində təqdim olunan nümunələrin hər biri ölkənin mədəni irsinin bir hissəsini təbliğ edir. Hər bir panel ziyarətçiyə Belçikada bir şəhər və ya bölgəni kəşf etmək imkanı verir”.

Belçika Krallığının ölkəmizdəki səfiri Mişel Pitermans dedi ki, ölkənin illüstratorları və ssenaristləri tərəfindən yaradılan komiks nəşrlər həm cavan, həm yaşlı nəsil tərəfindən sevilir: “Belçika “9-cu incəsənət” ölkəsi olaraq çoxlu komiks nəşrləri, illüstratorlar və ssenaristləri ilə məşhurdur. Sərgidə nümayiş olunan komikslərdə öz möhtəşəmliyi ilə seçilən Flandriya, Valoniya, Brüssel, o cümlədən Arden, Binş və ya Şarlerua şəhərləri istedadlı müəlliflər tərəfindən rəngarəng təsviri vasitələrlə təqdim olunur. Sərgidə klassik albomlardan son nəşrlərə kimi dövrlərin və janrların müxtəlifliyini, həmçinin ölkənin hər üç bölgəsinin zənginliyini görmək mümkündür”.

Çıxışlardan sonra qonaqlar sərgi ilə yaxından tanış oldular.

“Belçikaya komikslərlə səyahət” sərgisi noyabrın 14-dək ziyarət üçün açıq olacaq.

Nurəddin