Fevralın 19-dan 24-dək Sərhat İnkişaf Agentliyinin təşkilatçılığı ilə Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda bu vilayətin turizm potensialının təqdimatı ilə əlaqədar tədbirlər keçiriləcək. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin Mədəniyyət Müşavirliyindən qəzetimizə daxil olan məlumata görə, tədbirlərdə 5 ölkənin - Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və İranın turizm agentliklərinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər.
   Layihənin məqsədi Türkiyənin şərq bölgələrinin turizm potensialını nümayiş etdirmək, bölgənin qış, yay və inanc turizmini canlandırmaqdır. Tədbirlər çərçivəsində səfərin iştirakçıları üçün Qars, Ərdahan, İğdır və Ağrı vilayətlərinə gəzinti təşkil ediləcək, müxtəlif konfranslar, toplantılar keçiriləcək. Tədbirdə Qarsın turizm potensialı ilə əlaqədar film də nümayiş olunacaq.
   Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Türkiyəyə gedəcək Azərbaycan nümayəndə heyətində «Mədəniyyət» qəzetinin əməkdaşı da yer alacaq.
   

  Fəxriyyə Abdullayeva