2011-ci ildə azərbaycanlı turistlərin ənənəvi səfər istiqamətləri yenə də Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Avropa ölkələri olub. Bu barədə Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Aydın Məmmədov bildirdi. Onun sözlərinə görə, 2012-ci ildə bu istiqamətlərlə yanaşı, Cənub-Şərqi Asiya ölkələri də populyar olacaq. Bu da \"Qatar Airways\" şirkəti tərəfindən Doha-Bakı birbaşa aviareysin açılması ilə bağlıdır: «Azərbaycanlı turistlər daha kreativ olublar, onları artıq standart istiqamətlər qane etmir, onlara yeniliklər lazımdır. Əvvəllər bizim turistlərimiz Asiya ölkələrinə çox həvəssiz gedirdilər, çünki marşrut dəyişirdilər və aeroportlarda çox gözləmək məcburiyyətində qalırdılar. İndi isə Dohadan keçməklə Tailand, Malayziya, Sinqapur, Maldiv adalarına - Asiyanın istənilən yerinə çatmaq daha asan olacaq».
Qeyd edək ki, Azərbaycan turistlərinin Asiya ölkələrinə marağının artması, həmçinin Şimali Afrikada kurortların populyarlığının azalması ilə izah edilir. 2011-ci ildə Misirdə baş verən hadisələr səbəbindən bu ölkəyə az sayda azərbaycanlı turist səfər edib.
Fəxriyyə Abdullayeva