Xalqımız tarixin ən ağır, keşməkeşli dövrlərində belə milli-mənəvi dəyərlərini yad ünsürlərdən qoruyub saxlamağı və gələcək nəsillərə ötürməyi bacarıb. Əsrlərdən əsrlərə miras qalan bu dəyərlərimiz çox zəngin bir mənəvi sərvətdir. Hər bir insan və hər bir millət, ilk növbədə, malik olduğu bu sərvətə sahib çıxmalı, mentalitetini, mədəniyyətini qorumalıdır.
Ölkəmizə rəhbərliyinin hər iki dövründə milli-mənəvi dəyərlərimizə sahib çıxan, diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyev deyib: “Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.
Azərbaycanın dünya şöhrətli şəxsiyyətləri də xalqımızın dəyərləridir. Çünki onların tarixi xidmətləri, yaradıcılıq mirası ölkəmizi dünyaya tanıtdırır, etnik-mədəni kimliyimizi bəyan edir. Bu şəxsiyyətlər arasında böyük mütəfəkkir şair, dramaturq Hüseyn Cavidin (1882-1941) də adını fəxrlə çəkə bilərik.
Milliliyə, türklüyə böyük önəm verən Hüseyn Cavidin ədəbi-estetik və fəlsəfi görüşlərinin formalaşmasında İstanbul mühiti böyük rol oynayıb. Təsadüfi deyil ki, turançılıq, türkçülük idealı şairin bütün yaradıcılığından qırmızı xətlə keçir. Onun əsərlərindəki hadisələr əsasən Türk-Turan dünyasında cərəyan edir, qəhrəmanlarının çoxu türk ellərinin seçilmiş igid oğul və qızlarıdır. Eyni zamanda hadisələrin cərəyan etdiyi bu məkanlarda danışılan da türk dilidir...
Məlumdur ki, Azərbaycan milli ideoloji təfəkkürünün qaynaqları çox dərinlərə gedib çıxır və onun əsasında türklük düşüncəsi dayanır. Azərbaycan təfəkkürünü türklükdən ayrı düşünmək onu öz mənbəyindən, öz qaynağından qoparmaq deməkdir. Doğrudur, zaman-zaman ictimai-siyasi proseslərin təsiri ilə ideoloji düşüncəmiz müxtəlif təsirlərə məruz qalıb, lakin heç bir qüvvə ideoloji təfəkkürümüzü türklük qaynağından qopara bilməyib. Cavid əfəndi də bütün bunları çox gözəl bilirdi və yaradıcılığında böyük sevgi və məsuliyyətlə əks etdirirdi. Buna görə də şairin daha çox tarixi mövzulara müraciət etməsi təbiidir. Onun yaradıcılığında türklərin tarixi, mədəniyyəti, folkloru, türk insanının yaşam tərzi dolğunluqla əks olunub.
Cаvidin müasiri olan tənqidçilər onun tarixə müraciətini yanlış anlayırdılar. Ədibin ən ədаlətli tənqidçilərindən olan Hənəfi Zеynаllı o illərdə yаzırdı: “Cаvid bir “Şеyx Sənаn” yаzаr, bir “Uçurum” аçаr, bir “Аfət” dоğurаr, bir “İblis” rəqs еtdirər, bir “Pеyğəmbər” yаrаtmаğа qayrət еdər, bəlkə də şimdi bir Çingiz, yаrın bir İskəndər, еrtəsi gün də bir Lеnin diriltməyə cаn аtаcаqdır”.
Görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü mərhum Yaşar Qarayev Cavidin əsərlərini “bəşər və dünya tarixinə çəkilən illüstrasiyalar”, şairin özünü isə “planeti görən və planetdəki bütün qütblərdən görünən sənətkar” olaraq dəyərləndirirdi. “Bəşər və dünya tarixinə çəkilən illüstrasiyalar”ın içərisində sovet ideologiyası, o mürtəce rejimin rəhbərləri, sovet adamı, kolxoz, traktor, “böyük rus xalqı” yox idi. Cavid yaradıcılığında keçmiş bu gün, bu gün keçmiş üzərində qurulmuşdu. Şair türkün tarixinə etinasızlığı və biganəliyi xəyanət sayırdı. Mütəfəkkir ədib “türk cəmiyyətini türkün qəhrəman və igid oğullarına qədirşünaslıq göstərmək” fikrini “Maral” faciəsində topçu alayının zabiti Çingiz bəy obrazı vasitəsilə təəssüflə bəyan edirdi: “Əcnəbilər böyük İskəndər, böyük Napoleon deyə öz qəhrəmanlarına abidələr yapdırır, heykəllər tikdirirlər. Fəqət bizlər!... Bizlər isə Çingiz kimi cahangirlərə, Teymur kimi qəhrəmanlara xunxar, canavar deyə ləkələmək istəyiriz!”.
Ədib bu sözləri 1912-ci ildə yazmışdı. Hələ nə Rusiyada 1917-ci il inqilabı baş vermişdi, nə də Azərbaycan bolşeviklər tərəfindən işğal olunmuşdu. Heç zaman ədəbi ideallarına, sənətkar vicdanına xəyanət etməyən şair 1926-cı ildə Əmir Teymur haqqında əsər yazdı. Bəzi mənbələrdə “Çingiz” əsəri yazmasından da bəhs olunur. Cavid əfəndinin şeirinə və sənətkarlığına məftun olan ədəbiyyatşünas Əkrəm Cəfər “Həqiqət şairi” adlı məqaləsində yazır: “Cavidlə son görüşüm 1936-cı ilin yayında Moskvada oldu. Uzun söhbət əsnasında indi hansı mövzu üzərində işlədiyini soruşdum. – Lenin! – dedi”.
Tarixə və tarixi mövzulara çox maraqlı olan Cavid əfəndi Lenindən yazmaya bilməzdi. Sözsüz ki, onun yazdığı “Lenin” əsəri əlimizə gəlib çatsaydı, bu əsər Lenin haqqında yazılanların hamısından seçiləcəkdi. Çünki gerçək ədəbiyyat yaratmaqla məşğul olan Cavid əfəndidə “tarixi fakta sədaqət” hissi çox güclü idi. O, Solovki həbs düşərgəsinin yaradıcısına – Leninə mədhiyyə yazmayacaqdı. Əminik ki, Cavid belə bir əsər yazsaydı, Leninin o zamanlar heç birimizə bəlli olmayan yönlərini də xalqa göstərəcəkdi. Təəssüf ki, şairin özü kimi, bir neçə əsəri də – “Lenin”, “Çingiz”, “Atilla” və s. repressiyaya uğrayıb.
Cavidin “Çingiz”i haqqında görkəmli ədəbiyyatşünas, akademik Rafael Hüseynov yazır: “Üç sirr var. Həbibə xanım Məmmədxanlıdan qalıb o sirlər mənə və açmaq məqamı yetdi. Ürəyindən daş olub asılan hər üç sirri Mişkinaz xanım Həbibə xanımla bölüşübmüş və “məbada Turan bilə”, – deyibmiş. Birinci sirr odur ki, 1939-cu ildə Bakıda, həbsxanada Mişkinazla son görüşlərindən birində Cavid ona pıçıldayıbmış ki, “tutulduğum gün aparılan “Çingiz”in əslini, ya qaralamalarını haçansa tapsan, son pərdədə ozanın şərqisini oxu və həmin vərəqi cır at. Orada Ərtoğrolla Turanın qismətini yazmışam. Möhkəm ol!”.
Mişkinaz xanım Cavidin qaralamaları içərisindən ozanın nəğməsini tapıbmış, son ümidi Ərtoğrolu tezliklə, özü də məhz vərəmdən qeyb edəcəyi barədə ərinin şeirlə xəbərdarlığını dəhşət içərisində oxuyubmuş, o vərəqi yandırıbmış. Həbibə xanım həmin vərəqin bir çimdik külünün büküldüyü kiçicik düyünçəni ölümündən az qabaq bu sirlə birgə mənə verdi: “Ananın ürəyi gəlməmişdi bunu atsın, sən də saxla, bəlkə bu bir əlamətdir ki, bir gün “Çingiz”in tapılmasına səbəb oldu”.
Beləliklə, millət öz faciəsini yaşadığı qorxunc, ziddiyyətli bir zamanda, məlum 30-cu illərdə, Cavid əfəndi heç nədən qorxmadan, çəkinmədən, necə deyərlər, ölümün gözünə baxa-baxa “Peyğəmbər”də Peyğəmbər, “Seyx Sənan”da Şeyx Sənan, “Topal Teymur”da Əmir Teymur, “Çingiz”də Çingiz, “Səyavuş”da Səyavuş, “Xəyyam”da Xəyyam yaradırdı. Hətta yazılanlara inansaq, zənni Hənəfi Zeynallını aldatmamışdı, Cavid əfəndi Çingizə, Leninə də əsərlər yazmışdı.
Ədibin tarixə, tarixi mövzulara marağını “Topal Teymur”, “Peyğəmbər”, “İblis” və “Səyavuş” pyeslərini təhlil edən ilk Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadə “müəllifin bu günün həqiqətini deyə bilmək üçün tarixin qoynuna sığınması”nı vurğulamış, sovet cəmiyyətində “sənətkarlarımızın hansı formalarda öz fikirlərini söyləmək imkanı tapdıqlarının” sübutu üçün Cavid əfəndinin əsərlərini nümunə göstərmişdi.
Həmişə yazdıqlarından düşüncələrinin təbliğatı kimi istifadə edən Cavid əfəndidə milli mövzular daha çox ağırlıq təşkil edib. Çünki böyük sənətkаr Оğuz-Türk хаlqlаrının, toplumlarının qаrdаşlıq və həmrəyliyini bir idеyа kimi irəli sürərkən, hər şеydən əvvəl, onların tаriхi köklərini, qədim mənşə birliyini, kеçmiş qəhrəmаnlıq səhifələrindəki müştərəkliyi ön plаnа çəkib. Böyük iftiхаrlа və qürurlа kеçmişə аrхаlаnan şairin “Qoca bir türkün vəsiyyəti” şeiri bu mənada diqqətəlayiq nümunələrdəndir:
Bir millətin tarixidir kökü, yurdu, yuvası,
Tarixiniz baş ucundan hərgiz əskik olmasın.
“Altay” dağı, “Makan” çölü, həm də “Yasın” ovası
Birər aydın səhifədir, hər türk gərək anlasın.
Südü təmiz, əsil oğul bilməzmi ki, əcdadı
Nasıl doğub yaşamışlar, nə ərliklər еtmişlər.
Bilməli ki, tеz məhv еdər zaman nankor еvladı,
Öz nəslini unutanlar çoqdan sönüb gеtmişlər...
Ömrü boyu milliliyə, etnik-mədəni yaddaşa söykənən müəllif şeiri çox vacib bir çağırışla bitirir:
...Əsr – iyirminci əsrdir!
Vəzifəsi pək аğır.
Mаrş irəli!
Qоmşulаr yol aldı, geri qаlmаyın!
“Qoca bir türkün vəsiyyəti”ndəki bu müraciəti ilə Cavid əfəndi türk gəncliyini tərəqqiyə səfərbər edir. Eyni ideyanı “Maral” əsərində davam etdirən, bir türkün əzəmətini öz kökünü, öz soyunu unutmamaqda görən ədib Bayrama məsləhət verən Bəypoladın dili ilə fikirlərini bu şəkildə diqqətə çatdırır: “Sən bir türk oğlusan, mərd oğul kökünü unutmaz. Ər oğlu ər ol, qəlbini dar tutma!”.
Bir millətin tarixini kökü, yurd-yuvası bilən Cavid əfəndi haqlı olaraq “Uçurum” pyesində öz kökünü unudanların mütləq bir faciə ilə qarşılaşacağını bəyan edirdi. Bu mənada, Cavid əfəndinin istər şeirlərində, istərsə də səhnə əsərlərində yaratdığı silsilə obrazlar və ideyalar sistemi milli ideologiyanın bütün tərəflərini özündə əks etdirir. Millilik anlayışını dərk etmək üçün məhz Cavid əfəndinin yaradıcılığını dərindən öyrənmək yetərlidir. Çünki Cavid təkcə şair, dramaturq, mütəfəkkir deyil, o həm də böyük nəzəriyyəçidir, ideoloqdur. Yazdıqları böyük və müqəddəs amala xidmət edir.
Hər zaman nədən və necə yazmağı yaxşı bilən Cavid əfəndi bütün yaradıcılığı boyu buna əməl edib. Yaratdığı zəngin xəzinə ilə millətin gələcəyini aydınlatdığı, xalqını özünüdərkə səslədiyi üçün pantürkist-millətçi kimi uzaq Sibirə sürgün edilən şairin cənazəsini vətənə gətirən milli-mənəvi dəyərlərimizin himayədarı ümummilli lider Heydər Əliyev oldu. Mütəfəkkir şairin nəşini Sibirdən gətirmək, onu Sibirə sürgün etmək qədər asan deyildi. Ümummilli lider öz çıxışlarından birində haqlı olaraq bu işin nə qədər çətin və məsuliyyətli olduğunu demişdi: “...1982-ci ildə Hüseyn Cavidin cənazəsini uzaq Sibirdən Azərbaycana gətirmək asan iş deyildi. Bu, böyük iradə, cəsarət tələb edirdi. Ancaq xalqımıza, millətimizə, tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza olan sədaqət mənə belə bir cəsarət göstərməyə imkan verdi”.
Öz gücünü, cəsarətini milli dəyərlərimizə sədaqətdən alan ulu öndər 59 yaşında Sibirə sürgün edilən Cavidin nəşini 41 il sonra, 100 yaşında böyük siyasi ustalıqla vətənə gətirdi. Bu, tək Cavidin vətənə qayıdışı deyildi. Akademik Rafael Hüseynovun təbirincə desək, bütövlükdə, “milli hissə və duyğuya malik olan şəxsiyyətlərin hamısının cənazəsinin, ruhunun, öz doğma vətənlərinə – Azərbaycana qaytarmaqdı”. Bu, keçmiş SSRİ məkanında analoqu olmayan hadisə, ümumilikdə, milli dəyərlərə hörmət və sədaqət idi ki, “bunun da möhkəm və sarsılmaz qaynaqları var. Əgər bu qaynaqlardan biri Hüseyn Cavidlə Heydər Əliyevi birləşdirən coğrafi məkandırsa, daha önəmlisi, Heydər Əliyev və Hüseyn Cavidi birləşdirən onların baxışlar sistemindəki milliliyə, türkçülüyə, milli yaddaşa, millətə və xalqa olan sədaqət hissləridir”.
Dövlət başçısının sərəncamı ilə bu il 140 illiyini qeyd etdiyimiz “Millət müəllimi”nin əsərləri milli yaddaşımızı, milli özünəməxsusluqlarımızı, dilimizi, tariximizi daha dərindən öyrənməyə, idrak etməyə çağırışdır. Bütün Türk dünyasını daha işıqlı və daha uzaq məsafələrə aparmağa güc verən bir çağırış...
Lütviyyə Əsgərzadə
Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru