Əfsanəvi musiqiçinin 80 illiyinə həsr olunan gecə keçirildi

 

Bir payız axşamı. Heydər Əliyev Sarayının qarşısından keçən küçə payız əhvallı olsa da, nikbin notlara qərq olub. Səsgücləndiricidən ətrafa doğma bir səs pərvazlanır. Bu səs qanad açıb “Əlvida, Bakı!” dediyi şəhərin üzərinə həzin və səmimi notlar səpələyir... Bu, unudulmaz müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin (1942-2008) ecazkar səsidir.

Möhtəşəm binanın qarşısında vurulan böyük stenddə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə dünya şöhrətli Azərbaycan musiqiçisinin 80 illiyinə həsr olunmuş “Salam, əziz Müslüm” adlı konsertin afişasını görürük.

Sarayın foyesində isə bizi tamam fərqli bir mənzərə qarşılayır. Burada Maqomayevin həyat və yaradıcılığının müəyyən dövrlərini əhatə edən fotosərgi təşkil olunub. Bundan əlavə, Azərbaycan Milli Kitabxanasının fondundan müğənniyə həsr olunan nəşrlərdən ibarət sərgi də maraq doğurur. Foyenin mərkəzində sənətkarın bu ilin avqustunda Bakı bulvarında qoyulan heykəlinin ilkin variantı – maketi qarşılayır tamaşaçıları.

Zəng çalınır və tamaşaçılar zala daxil olur. Zalda, el dili ilə desək, iynə atsan, yerə düşməz. Elə bil paytaxtın bütün Müslümsevərləri bir araya gəlib. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dirijor Mustafa Mehmandarovun idarəsi ilə səhnədə öz yerini tutur və yubiley gecəsi başlayır.

İlk olaraq mədəniyyət naziri Anar Kərimov səhnədə qoyulan mikrofona yaxınlaşır, qonaqları və iştirakçıları salamlayır: “Bu gün biz Azərbaycanın və SSRİ-nin Xalq artisti, görkəmli müğənni, bəstəkar, “Şöhrət” və “İstiqlal” ordenli Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley gecəsinə toplaşmışıq. Müslüm Maqomayev haqqında danışmaq böyük fəxarətdir. Çünki o, XX əsr Azərbaycan və sovet estradasının əzəmətli sütunlarından biri olub. Onun bənzərsiz səsi və ölməz əsərləri milyonların qəlbində yaşayır...”.

Nazir vurğuladı ki, gözəl və gur tembrli səsə, parlaq aktyorluq istedadına, mükəmməl səhnə görünüşünə malik vokalçı gənc yaşlarından diqqəti cəlb etmişdi: “Müğənninin ifasında “Koroğlu”, “Şah İsmayıl”, “Toska”, “Aleko” operalarından ariyalar, Azərbaycan və xarici ölkə bəstəkarlarının onlarla estrada mahnısı xüsusi yer tuturdu. Keçmiş SSRİ-nin ən populyar estrada müğənnilərindən biri olan Müslüm Maqomayev, sözün əsl mənasında, ümumxalq məhəbbəti qazanmışdı. Azərbaycan estrada ifaçılığı sənətini xaricdə yüksək səviyyədə dəfələrlə təmsil edən müğənniyə Parisin məşhur “Olimpiya” zalında solo konsertlə çıxış etmək nəsib olmuşdu”.

Nazir qeyd etdi ki, M.Maqomayev 1974-cü ildə təşkil etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri ilə birgə ABŞ, Kanada, Fransa, Almaniya, Finlandiya, İsveçrə, İspaniya, İtaliya, Portuqaliya, Argentina, Braziliya, Polşa və digər ölkələrdə böyük uğurla çıxış edib. O həm Azərbaycanda, həm də keçmiş ittifaqın digər respublikalarında keçirilən dövlət əhəmiyyətli tədbirlər, mədəniyyət günləri, qurultay və plenumlar çərçivəsində təşkil edilən konsertlərin iştirakçısı olub.

M.Maqomayev haqqında bir neçə film çəkilib, müğənni özü isə “Nizami” bədii filmində baş rolda çıxış edərək dahi Azərbaycan şairinin yaddaqalan obrazını yaradıb. O, bir sıra populyar mahnıların müəllifi kimi də tanınıb. “Azərbaycan”, “Mavi əbədiyyət” və s. mahnıları bu gün də milyonların qəlbini riqqətə gətirir.       

Anar Kərimov diqqətə çatdırdı ki, 2002-ci ildə Bakıda M.Maqomayevin 60 illik yubileyi Prezident Heydər Əliyevin sərəncamı ilə yüksək səviyyədə qeyd olunub. 2008-ci ildə dünyasını dəyişən sənətkarın adı Prezident İlham Əliyevin sərəncamı ilə əbədiləşdirilib. Paytaxtımızdakı 26 nömrəli onbirillik Musiqi məktəbinə müğənninin adı verilib, Bakı şəhərində yaşadığı evə xatirə lövhəsi vurulub, habelə Fəxri xiyabanda və Moskvada sənətkarın abidəsi ucaldılıb. Dövlət başçısının sərəncamı ilə bu il sənətkarın Bakı bulvarında heykəlinin açılışı keçirilib. Prezident İlham Əliyevin sərəncamları ilə 2012 və 2017-ci illərdə müğənninin 70 və 75 illik yubileyləri böyük təntənə ilə qeyd olunub. 2010-cu ildən başlayaraq iki ildən bir Moskvada Vokalçıların M.Maqomayev adına beynəlxalq müsabiqəsi təşkil edilir.

***

Yubiley konserti orkestrin ifasında M.Maqomayevin möhtəşəm “Azərbaycan” əsəri ilə başladı. Daha sonra sənətkara həsr edilmiş filmlərdən kadrlar və müxtəlif illərdə müğənninin çıxış etdiyi SSRİ və dünya səhnələrindəki ifalarının kadrları təqdim edildi. Ulu öndər Heydər Əliyevin M.Maqomayev haqqında vaxtilə səsləndirdiyi fikirlərin yer aldığı tarixi kadrlar alqışlarla qarşılandı.

Gecənin aparıcıları – Əməkdar artistlər Nərgiz Cəlilova və Oleq Əmirbəyov M.Maqomayev yaradıcılığından söz açdılar, konsertin təşkilatçılarına təşəkkür etdilər.

Gecə boyu müğənninin həyatının müxtəlif dövrlərini əks etdirən videokadrlar və müsahibələrindən fraqmentlər tamaşaçıları Müslümlü günlərə apardı.

Xalq artistləri Fidan Hacıyeva və Tünzalə Ağayevanın ifalarından sonra Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Xalq artistləri Faiq Sücəddinov, Fərhad Bədəlbəyli, Emin Ağalarov çıxış edərək unudulmaz sənətkarla bağlı xatirələrini bölüşdülər. Xalq artisti Miri Yusif müğənniyə ithaf etdiyi mahnısını oxudu.  Ukraynada yaşayan istedadlı müğənni Vaqif Nağıyevin ifasında sənətkarın repertuarından “Sən mənim melodiyamsan” mahnısı xüsusi alqış aldı.

M.Maqomayevin uşaqlıq dostu, kinorejissor, Xalq artisti Oqtay Mir Qasım onun “Nizami” filmində yaratdığı obraz və ulu öndərin Heydər Əliyevin tarixi filmlərimizin çəkilişinə göstərdiyi diqqətdən söz açdı. Filmin rejissoru, mərhum Eldar Quliyevi fədakar sənətkar adlandıraraq Müslüm və Eldar sənətinin uğurlu tandemini vurğuladı.

Xalq artistləri Azər Zeynalov, Faiq Ağayev, rusiyalı müğənni Astemir Apanasovun ifaları da gecəyə rəng qatdı.

Yubiley konserti Prezident İlham Əliyevin 17 avqust 2022-ci il tarixində M.Maqomayevin Bakı bulvarında heykəlinin açılış mərasimindəki nitqinin lent yazısından parça və sənətçilərin səhnədə “Azərbaycan” mahnısını birgə ifa etməsi ilə yekunlaşdı.

L.Azəri