Fevralın 14-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami ilə görüşüb. Görüşdə Azərbaycanla Mərakeş arasında turizm sahəsində əməkdaşlığa dair bir sıra məsələlər və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Səfir hər iki ölkə vətəndaşlarının viza əldə edilməsində heç bir problemin olmadığını və mərakeşlilərin yeni turizm məkanları axtarışında olduğunu vurğulayaraq, qarşılıqlı turist axınının genişləndirilməsi istiqamətində birgə fəaliyyətin vacibliyini qeyd edib.
Görüşdə Mərakeş tərəfi bu ilin 12-14 aprel tarixlərində Bakıda keçiriləcək “AITF 2012” beynəlxalq turizm sərgisində iştirak etməyə dəvət olunub.
Mərakeş Krallığının turizm şirkətləri ilə yerli şirkətlər arasında əməkdaşlığın qurulması, həmçinin qarşılıqlı tanışlıq səfərlərinin və media nümayəndələri üçün press-turların təşkili məsələləri müzakirə olunub.
Mərakeş səfiri ölkəsinin Azərbaycanın turizm sənayesində çalışan mütəxəssisləri üçün turizm təhsili sahəsində müvafiq köməklik göstərməyə hazır olduğunu bildirib.