Yeddi əsrlik imperatorluğun süqutundan sonra qurulan Cümhuriyyət bütün Türk dünyası üçün fəxarət və nicat ünvanı idi...
Oktyabrın 29-u Türkiyə Cümhuriyyətinin quruluşunun 99-cu ildönümüdür. 1923-cü il oktyabrın 29-da artıq dünya səhnəsindən çəkilən qocaman imperatorluqdan, yeddi əsrlik Osmanlıdan sonra yeni dövlətin – Cümhuriyyətin qurulması ümumtürk tarixində yeni səhifənin yazılması idi.
Ondan öncə cəmi 23 aylıq ömrü olmuş Azərbaycan Cümhuriyyətinin dövranın ağır yellərinə tab gətirə bilməməsi, eləcə də Orta Asiyadakı türk xalqlarının milli dövlət qurmaq niyyətlərinin şimal küləyi ilə puça çıxarılmasından sonra Ankarada Atatürkün öndərliyi ilə bəyan edilən Türkiyə Cümhuriyyəti, əslində, bütün Türk dünyası üçün fəxarət və nicat ünvanı idi...
Tarixdən bəlli olduğu kimi, I Dünya müharibəsi (1914-1918) gedişində aldığı ağır məğlubiyyətlər nəticəsində Osmanlı imperiyası nəinki geniş coğrafiyasından məhrum olmuş, hətta özünün tarixi ərazisini, indiki Türkiyənin böyük hissəsini də itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.
Belə ağır şəraitdə Mustafa Kamal paşa Osmanlı ordusundakı vətənpərvər zabitlərlə birlikdə Türkiyənin qurtuluşu uğrunda savaşa başladı. 1919-cu il mayın 19-da Qara dəniz sahilindəki Samsun şəhərindən başlanan mücadilə üç il sürdü. 1919-cu ilin dekabrında Ankaraya gələn Mustafa Kamal bu şəhəri Türkiyə dövlətçiliyi uğrunda mübarizənin mərkəzi elan etdi. Çünki İstanbuldakı iqtidar (Sultan Mehmed Vəhidəddin hökuməti) ölkəyə nəzarəti itirmişdi.
Mustafa Kamal 1920-ci il aprelin 23-də Ankarada xalqın iradəsini təmsil edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) çağırılmasına nail oldu. 1920-ci ilin avqustunda İstanbuldakı hökumət I Dünya müharibəsinin qalibləri (ABŞ, Britaniya, Fransa) tərəfindən təslimçi sülhə – Sevr anlaşmasını imzalamağa məcbur edildi. Sazişə görə, Osmanlı 1914-cü ilə qədər olan ərazilərinin dörddəüçünü itirir, ordu və donanması müttəfiq ölkələr tərəfindən bölüşdürülürdü. Geriyə indiki Türkiyənin haradasa üçdəbiri qalırdı.
Anlaşma xalqda böyük etiraz doğurdu, Mustafa Kamal türk xalqının heç vaxt bu təslimçilik aktına razı olmayacağını bildirdi. Mustafa Kamalın başçılıq etdiyi Qurtuluş savaşı daha da genişləndi. 1921-ci ilin yanvarından başlayaraq qələbələr əldə edən türk ordusu həmin ilin avqustunda Sakarya savaşından zəfərlə çıxdı. 1922-ci ilin avqustunda Mustafa Kamalın komandanlığı altında həyata keçirilən “Böyük Taarruz” (“Böyük Hücum”) əməliyyatı ilə Türkiyənin yunan ordusunun işğalı altında olan cənub-qərbi azad edildi.
30 avqust Zəfəri ilə yeni dövlətin quruluşunun da təməli qoyuldu. Türkiyə Sevr anlaşmasının ləğv edilməsi üçün Lozannada yeni beynəlxalq konfransın çağırılmasına nail oldu. 1923-cü ilin iyulunda Lozanna konfransının yekun sənədi Sevr müqaviləsini ləğv etdi və Türkiyənin ərazisini indiki sərhədlər çərçivəsində təsbitlədi. 1923-cü il oktyabrın 2-də türk ordusu sonuncu işğalçı qoşunları – ingilis hərbi gəmilərini İstanbul ətrafından vurub çıxardı.
1923-cü il oktyabrın 29-da Mustafa Kamal TBMM-də çıxış edərək Türkiyə Cümhuriyyətinin yarandığını elan etdi. Parlament Mustafa Kamalı ölkənin ilk prezidenti seçdi, ilk hökumətin qurulması isə ordu komandanlarından İsmət İnönüyə tapşırıldı. 1924-cü ilin aprelində Cümhuriyyətin ilk Konstitusiyası – Anayasa qəbul olundu, Osmanlı dönəminə rəsmən nöqtə (Sultan Vəhidəddin ailəsi ilə ölkəni 1922-ci ildə tərk etmişdi) qoyuldu.
Cümhuriyyətin ilk illəri Türkiyə tarixinin çətin dövrü idi. Yeni dövlət quruluşunu (respublika, dünyəvilik) qəbul etmək istəməyən irticaçı (dinçi) qüvvələr ölkənin müxtəlif yerlərində təxribat və iğtişaşlar törədirdi. Xarici qüvvələrin (xüsusilə Osmanlıdan sonra İraqı ələ keçirmiş ingilislərin) təhriki ilə Türkiyənin cənub-şərq bölgələrində kürd qiyamları və ilk separatçı çıxışlar da bu dövrə təsadüf edir.
Bununla belə, Mustafa Kamal ölkənin bölünməzliyini və möhkəmlənməsini təmin etdi. 1932-ci ildə TBMM-in qərarı ilə Mustafa Kamala Atatürk adı verildi. Ümumilikdə dörd (1923, 1927, 1931, 1935) dəfə prezident seçilmiş Atatürk 1938-ci il noyabrın 10-da vəfat etdi.
Atatürkdən sonra prezident postuna Baş nazir İsmət İnönü keçdi. O, TBMM-də dörd dəfə (1938, 1939, 1943, 1946) prezident vəzifəsinə seçilmişdi. 1950-ci ilədək Türkiyədə bir partiyanın – Atatürkün qurduğu Cümhuriyyət Xalq Partiyasının hakimiyyətdə olduğunu nəzərə alsaq, bu, təbii idi.
I Dünya müharibəsindən fərqli olaraq, II Dünya savaşını kənardan seyr edən və tədrici inkişaf yolu keçən Türkiyə 1940-cı illərin sonunda yeni siyasi dönəmə – real çoxpartiyalı sistemə qədəm qoydu. 1950-ci il parlament seçkilərində hakimiyyətə Adnan Menderesin rəhbərlik etdiyi Demokrat Partiyası gəldi.
Menderesin Baş nazir olduğu 10 ildə Türkiyə sürətli iqtisadi inkişaf və islahatlar dövrünə qədəm qoymuş, geniş özəlləşmə başlamış, Türkiyənin beynəlxalq nüfuzu (1952-ci ildə NATO-ya daxil oldu) artmışdı. Bununla yanaşı, ölkədə islahatçı hökumətə güclü müxalifət (o cümlədən ordu sıralarında) də vardı, hökumət ölkənin sərvətini xarici sərmayəçilərə satmaqda, Cümhuriyyət dəyərlərinə sayqısızlıqda, dini istismar etməkdə ittiham olunurdu.
Nəticədə 1960-cı ilin 27 mayında hərbi çevriliş baş verdi, Baş nazir Menderes, Prezident Cəlal Bayar (1950-1960) başda olmaqla bütün hökumət və siyasi rəhbərlik (200-dən çox şəxs) həbs olundu. Hərbi tribunalın qərarı ilə Menderes və daha iki nazir korrupsiya ittihamı ilə edam edildi.
1961-ci ildə yeni Konstitusiya qəbul edildi, hərbi çevrilişin rəhbərlərindən olmuş Quru Qoşunların komandanı Camal Gursel Türkiyənin 4-cü Prezidenti seçildi. Ondan sonra daha bir general, Baş Qərargah rəisi Cövdət Sunay 5-ci Prezident (1966-1973) oldu. Türkiyənin növbəti Prezidenti də keçmiş hərbçi – istefada olan admiral Fəxri Korutürk (1973-1980) oldu. 60-70-ci illər Türkiyədə daxili siyasi çaxnaşmalar, dinçi, solçu və millətçi qüvvələrin toqquşmaları ilə keçdi. 1974-cü ildə Kipr türklərinə qarşı qırğınlara son qoymaq üçün adaya qoşun yeridən Türkiyə beynəlxalq müstəvidə ciddi haqsız təzyiqlərlə üzləşdi.
1980-ci ildə növbəti böhran yarandı. Parlamentdə yeni prezidenti seçmək mümkün olmadı. Dərinləşən siyasi və iqtisadi böhran, sağ-sol mübarizəsinin küçələrdə silahlı toqquşmalarla müşayiət olunması ölkəni növbəti hərbi çevrilişin eşiyinə gətirdi. 12 sentyabr çevrilişindən sonra hakimiyyət Baş Qərargah rəisi Kənan Evrenin rəhbərliyi altında Milli Təhlükəsizlik Şurasına keçdi. Ölkə iki il hərbi rejim tərəfindən idarə olundu, Türkiyənin Avropa Şurasında üzvlüyü donduruldu. 1982-ci ildə generalitet yeni Konstitusiyanın qəbuluna və dövlət idarəçiliyini mülki hökumətə verməyə razılıq verdi. General Evren Prezident kürsüsünə əyləşdi.
1983-cü ildə keçirilən parlament seçkilərində Turqut Özalın rəhbərlik etdiyi Ana Vətən Partiyası (ANAP) qalib gəldi və o, Baş nazir oldu, 1989-cu ildə isə Prezident seçildi. 1991-ci il parlament seçkilərində Süleyman Dəmirəlin başçılıq etdiyi Doğru Yol Partiyası qələbə çaldı və o, ölkənin yeni Baş naziri, 1993-cü ildə Özalın vəfatından sonra isə ölkənin 9-cu Prezidenti oldu.
1995-ci il seçkilərində dini təmayüllü Rifah Partiyası qalib gəlsə də, onun lideri Nəcməddin Ərbakanın baş nazirliyi ilyarım çəkdi və 1997-ci ilin yayında o, generalitetin təzyiqi ilə istefa verməli oldu. Bu arada Türkiyə müxtəlif koalisiya hökumətləri ilə idarə olunurdu. 1999-cu il seçkilərindən sonra Bülənd Ecevitin başçılıq etdiyi Demokratik Sol Partiya, Dövlət Baxçalının rəhbərlik etdiyi Milliyyətçi Hərəkat Partiyası və ANAP nisbətən uzunmüddətli koalisiya qurdu. 2000-ci ildə koalisiyanın dəstəyi ilə Konstitusiya Məhkəməsinin sədri Əhməd Necdət Sezər Türkiyənin 10-cu Prezidenti seçildi.
2002-ci ildə ölkədə dərinləşən iqtisadi böhran fonunda hökumət koalisiyası dağıldı və noyabrın 3-də keçirilən parlament seçkilərində Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Ədalət və İnkişaf Partiyası (AK Parti) inamlı qələbə çalaraq təkbaşına iqtidara gəldi. 2007-ci ilin iyul seçkilərində AKP yenidən təkbaşına iqtidar oldu. Həmin ilin avqustunda partiyanın namizədi Abdullah Gül TBMM-də Türkiyənin 11-ci Prezidenti seçildi.
2014-cü ilin 10 avqustunda Türkiyədə ilk dəfə Prezident xalq tərəfindən, ümumi səsvermə ilə seçildi. Baş nazir Rəcəb Tayyib Ərdoğan inamlı qələbə qazanaraq ölkənin yeni başçısı oldu. 2017-ci ildə keçirilən referendumla Türkiyənin dövlət idarəçiliyi də qismən dəyişdi. Ölkə parlament-prezident idarəçiliyindən təkbaşqanlıq sisteminə (Prezident üsul-idarəsinə) keçdi, Baş nazir postu ləğv olundu. 2018-ci ildə Prezident seçilən Ərdoğan həm dövlətin, həm də hökumətin başçısı oldu.
Bu müddətdə gerçəkləşən parlament seçkilərindən də AK Parti qalib çıxıb. Hərçənd hakim partiya 2019-cu il bələdiyyə seçkilərində bir sıra böyük şəhərlərdə yerli hakimiyyəti müxalifətə verməli oldu. Türkiyədə növbəti seçkilər (Prezident və parlament) 2023-cü ildə, Cümhuriyyətin 100-cü ilində olacaq...
Son 20 ili Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında keçən Türkiyə, axır dövrlərdə sosial-iqtisadi sıxıntıları olsa da, ümumilikdə böyük tarixi yol qət edib. Bu illər geniş islahatlar və inkişafla yanaşı, siyasi böhranlarla da müşayiət olunub. 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhdin iqtidar-xalq birliyi ilə dəf edilməsi ölkənin həm daxildən güclənməsinə, həm də regional və beynəlxalq məsələlərdə daha çox söz sahibi olmasına zəmin açdı. Bu günün Türkiyəsi 20 il, hətta 10 il əvvəlin Türkiyəsindən daha güclü, o cümlədən sürətlə inkişaf edən milli hərbi sənayesi ilə daha qüdrətlidir.
Güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan güclü Türkiyə deməkdir. Bunu iki qardaş ölkənin liderləri hər zaman xüsusi vurğulayırlar. Bunun ən bariz ifadəsi 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan-Türkiyə birliyi oldu. 2021-ci ilin 15 iyununda imzalanan Şuşa Bəyannaməsi isə bu birliyə tarixdə əbədi qalacaq möhür vurdu.
Prezident İlham Əliyevin həmkarı Rəcəb Tayyib Ərdoğanla bu günlərdə (20 oktyabr) Cəbrayılda olarkən dediyi kimi: “Bu şanlı tarix bizim müştərək tariximizdir. Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı. Bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük... Hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır... Bu birlik əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və zəmanəmizin tələbidir”.
Prezident Ərdoğanın azad yurd yerimizdə can qardaşlarına xitabı da bu yazıya sonluq olsun: “Rəbbimiz birliyimizi, bərabərliyimizi əbədi etsin! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”
Vüqar Əliyev