Rəfi Qurbanov: “Dahi şairin zəngin irsi ilə yanaşı, Azərbaycanın mədəniyyətini, ədəbiyyatını, Nizami yurdu Gəncəni də beynəlxalq aləmdə təbliğ etmək əsas məramımızdır”

 

Vəqf mədəniyyəti könüllü bir hərəkat olmaqla yanaşı, vicdan və mərhəmətə, xeyriyyəyə əsaslanır, fikirdə və işdə birlik prinsipi ilə formalaşır. Bu fondlar insanın insana fayda verməsinə dəstək üçün yaradılıb. Yaş, cins, dil, mədəniyyət fərqli ola bilər, nəticə olaraq hamımız insanıq. Bu prizmadan baxdıqda vəqflərin fəaliyyəti təkcə sosial yönlü deyil, həm də davamlılığın ifadəsidir.

Müasir dövrdə də vəqflər mövcuddur və onların fəaliyyət istiqamətləri genişdir. Qardaş Türkiyədə hazırda vəqf sistemi daha geniş spektri əhatə edir, çoxəsrlik ənənələr yaşadılır. Bəlkə də kimlərsə bu fəaliyyəti sıradan bir iş hesab edə bilər, amma əcdadlarımızdan bizə əmanət qalan xeyriyyə işlərinə verdiyimiz dəstəyin mənəvi dəyəri çox yüksəkdir. Azərbaycancanda da tarixən müxtəlif vəqflər olub, onların fəaliyyəti həmin dövrə dair sənədlərdə əksini tapıb.

2021-ci ildə ölkəmizdə Nizami Gəncəvi Vəqfi fəaliyyətə başlayıb. Qurum dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin (1141-1209) anadan olmasının 880 illik yubileyi çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunun sonunda qəbul edilmiş Birgə Kommunikedən irəli gələrək yaradılıb.

Bəs, yeni yaradılan vəqfin əsas məqsəd və məramı nədən ibarətdir? Meyarları və hədəfləri nələrdir? Bu suallarla Nizami Gəncəvi Vəqfinin direktoru Rəfi Qurbanova müraciət etdik.

– Məlum olduğu kimi, Orta əsrlər mədəniyyətinin böyük simalarından olan dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı onun öz zamanından üzübəri həmişə diqqət mərkəzində olub, araşdırılıb, əsərlərinin üzü köçürülüb. Mütəfəkkir şairin zəngin irsi bu gün də nəinki respublikamızda, bir sıra ölkələrdə də araşdırılır, müxtəlif dillərə tərcümə edilərək çap olunur. Son illər Azərbaycan alimlərinin Nizami yaradıcılığını yeni aspektdə tədqiq etmələri, əsərlərinin ana dilimizdə yeni redaktədə nəşri və s. ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bu məqsədlə atılan addımlardan biri də 2021-ci ildə Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş “Nizami İli”ndə keçirilən I Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində Nizami Gəncəvi Vəqfinin təsis edilməsi oldu. Yeni qurduğumuz vəqf vaxtilə mövcud olmuş Şeyx Nizami Vəqfinin varisidir.

 

– Tarixi qaynaqlarda qeyd etdiyiniz Şeyx Nizami Vəqfi haqqında hansı məlumatlara rast gəlinir?

– Şeyx Nizami Vəqfi ilə bağlı ilk məlumat 1595-ci ildə tərtib edilmiş “Gəncə-Qarabağ vilayətinin ərazi icmal dəftəri”ndə yer alıb. Həmin icmal dəftərinin 277-ci səhifəsində Nizami vəqfindən bəhs edilir. Bu dəftər şair əbədiyyətə qovuşandan sonra xatirəsinin əziz tutulduğunu təsdiq edən sənədlərdən biridir. Dəftərdə ayrıca vəqfin gəlir qaynaqları da göstərilib. Bundan əlavə, Azərbaycan ictimaiyyətinə vəqf haqqında ilk məlumatlar akademiklər Həmid Araslı və Ziya Bünyadov tərəfindən 80-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilmiş məqalələr vasitəsilə verilib. Bu məqalələr bizim vəqfin rəsmi saytında da yerləşdirilib. Sovet dövründə yazılan bu məqalələr Nizami vəqfinə aid sənədin xüsusi bir araşdırma obyekti olduğunu göstərir.

 

– Şeyx Nizami Vəqfinin kim tərəfindən təsis edildiyi məlumdurmu?

– Təəssüf ki, vəqfin neçənci əsrdə və kim tərəfindən təsis edildiyi məlum deyil. Çünki yaradılması haqqında, yəni təsis sənədi ilə bağlı məlumatların olmaması vəqfin idarəetmə forması, vəqf edilən malların növü və ölçüləri və s. kimi ortaya çıxan suallara cavab almaq qeyri-mümkündür. Lakin əldə olunan məlumatlardan aydın olur ki, Gəncə şəhərində İmamzadənin (Göyimam) də vəqfləri var idi. İmamzadə Gəncə qalasının içərisində, Nizami məqbərəsi isə kənarda yerləşib. Nizami zaviyyəsinin (hücrə, guşə – red.) 12 ədəd vəqf edilmiş mülkü olub. Bu, həmin dövrlərdə Gəncə-Qarabağ vilayətində ən böyük vəqf hesab edilirdi. Vəqfin illik gəlirləri mədrəsələr, türbələr və yaxud digər binaların tikilməsində sərf olunurdu.

 

– Nizami Gəncəvi Vəqfinin məqsəd və məramı nədən ibarətdir?

– Vəqfin məqsədi Nizami Gəncəvinin irsinə sahib çıxmaqla Orta əsrlərdə Gəncə-Qarabağ bölgəsində fəaliyyət göstərmiş Şeyx Nizami Vəqfinin mənəvi varisi kimi bu irsi təbliğ etmək, eyni zamanda ümumbəşəri dəyərləri, sülh və ədaləti tərənnüm edən dahi mütəfəkkirin ideyalarını yaşadaraq Azərbaycan mədəniyyətinin beynəlxalq arenada təbliğinə töhfə verməkdir. Eyni zamanda Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, ədəbiyyatını, incəsənətini və adət-ənənələrini, xüsusilə Azərbaycanın qədim şəhəri Gəncəni beynəlxalq auditoriyada geniş təbliğ etmək də əsas məramımızdır. Biz həm də Nizami Gəncəvinin ədəbi irsini tədqiq edən nüfuzlu beynəlxalq və yerli nizamişünas alimlərin bilik mübadiləsini təşviq etmək, eləcə də bu sahədə yeni tədqiqatların aparılmasına töhfə vermək, bu irsi tədqiq edən alimlər üçün Azərbaycanı beynəlxalq əməkdaşlıq platforması kontekstində bir mərkəz halına gətirməkdir.

Vəqfimiz eyni zamanda müxtəlif regional və beynəlxalq səviyyəli, dövlət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində elmi və mədəni layihələrə dəstək vermək, nəticələri nəşrlər və digər vasitələrlə dünya ictimaiyyəti ilə bölüşərək fərqli mədəniyyətlər arasında körpü yaratmaq niyyətini də qarşıya məqsəd qoyub. Bu məqsədlə vəqfin Beynəlxalq Ekspertlər Şəbəkəsi də yaradılıb.

 

– Bu şəbəkə hansı prinsiplər əsasında fəaliyyət göstərəcək?

– Beynəlxalq Ekspertlər Şəbəkəsi vəqfin məqsəd və vəzifələrinə uyğun olaraq müvafiq sahələr üzrə ixtisaslaşmış nüfuzlu yerli və xarici ölkələrdən elm adamlarını, ekspertləri və mütəxəssisləri könüllü əsaslarla birləşdirən əməkdaşlıq platformasıdır. Burada bizim təşəbbüsümüz və dəstəyimizlə həyata keçirilən layihələr üzrə müvafiq mövzu seçiminin, konsepsiya və proqramların formalaşdırılmasında məsləhətləşmələrin aparılması, müəyyən sahələr üzrə ixtisaslaşmış yerli və beynəlxalq təşkilat, dövlət qurumları, elmi dairələr və fərdi ekspertlərlə əməkdaşlıq əlaqələrinin qurulmasına dəstəyin göstərilməsi nəzərdə tutulur.

 

– Qurumun “Gənclər konsepsiya”sı nəyə xidmət edir?

– Nizami Gəncəvi irsini rəhbər tutaraq universal dəyərləri təşviq etmək və gənclər üçün əlverişli sosial mühit yaratmaq məqsədilə “Kəşf et, ünsiyyət qur, inkişaf et!” şüarı ilə vəqfin “Gənclər konsepsiyası” da hazırlanıb. Vəqfin gənclərlə bağlı fəaliyyətində onların dünyagörüşünün formalaşmasına, sosial məsuliyyət hissinin və komanda daxili əməkdaşlıq vərdişlərinin aşılanmasına xüsusi önəm verilir.

 

– Hansısa qurumla əməkdaşlıq əlaqələri yarada bilmisinizmi?

– Bəli, bu gün vəqfimiz yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir. Tərəfdaşlar sırasında Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyənin Yunus Əmrə İnstitutu, yerli və xarici universitetlər və s. var. Biz bu əməkdaşlıqdan məmnunuq.

 

– Vəqfin fəaliyyətində uğurlar arzulayırıq.

– Təşəkkür edirəm.

Lalə Azəri