Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən regionlarda maarifləndirici, intellektual və digər müxtəlif yönümlü layihələrin həyata keçirilməsi davam edir.
MEMİM və Xaçmaz Regional Mədəniyyət İdarəsinin (RMİ) birgə təşkilatçılığı ilə Siyəzən rayonunda “Gəncliyimizi qoruyaq, narkomaniyaya yox deyək!” adlı seminar, rayonda yerləşən “Su ovdanı” tarixi abidəsi ətrafında iməcilik, “Şuşa İli”nə həsr olunmuş “Qarabağ mədəniyyətimizin incisidir” adlı intellektual oyun keçirilib.
Yeniyetmə və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə məqsədilə təşkil edilən seminarda Xaçmaz RMİ-nin rəisi Vüsal Hüseynov, MEMİM-in direktoru Səadət Xələfbəyli, Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Aqil Abdulov, rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Xəqani Məmmədov, rayon Mərkəzi Xəstəxanasının nevropatoloqu Günel Əliyeva, Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov, Gənclərin İnkişaf və Karyera Mərkəzi Siyəzən nümayəndəliyinin direktoru Rəqsanə İbrahimli çıxış ediblər.
Çıxışlarda ümumbəşəri bəla olan narkomaniyanın bütövlükdə cəmiyyətin gələcəyi üçün təhdid törətdiyi, onunla mübarizədə birgə səy göstərilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, gənclərin zərərli vərdişlərə qarşı meyilinin azaldılması istiqamətində ən əsas məsələlər sağlam həyat tərzinin təbliğ edilməsi, problemə müasir formada yanaşma tərzi, gənclərin asudə vaxtlarının faydalı keçirilməsi, kütləvi mədəniyyət, təhsil və idman tədbirlərinə cəlb edilməsidir.
Xaçmaz RMİ-nin tabe müəssisələrində çalışan gənclər, Siyəzən rayonunun tam orta təhsil müəssisələrinin yuxarı sinif şagirdləri, rayon Yaradıcılıq Mərkəzinin əməkdaşlarının iştirak etdiyi tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində MEMİM-in sifarişi ilə hazırlanan və narkomaniya ilə mübarizəyə həsr olunmuş “Dünya sənin varlığınla gözəldir” və davranış mədəniyyətinə dair “Hər şey səndən başlayır” videoçarxları nümayiş etdirilib. Bədii döymə üzrə sənətkar Zeydulla Ağayevin əl işlərindən, Ayşən Novruzova və İlahə Adıgözəlovanın rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdən sonra “Su ovdanı” tarixi abidəsi ətrafında könüllülərin iştirakı ilə iməcilik keçirilib. Məqsəd insanlar arasında ekoloji mədəniyyəti, təbiətə diqqət və qayğı hissini, mədəni irsin qorunmasında vətəndaş məsuliyyətini təşviq etməkdir. İməcilikdə rayon sakinləri də fəallıqla iştirak ediblər.
Daha sonra rayonun mədəniyyət müəssisələrində çalışan gənclərin iştirakı ilə “Qarabağ mədəniyyətimizin incisidir” adlı intellektual oyunu təşkil edilib. Fərqlənən iştirakçılara MEMİM tərəfindən sertifikat və xatirə hədiyyələri təqdim olunub.