Azərbaycan Prezidentinin “Eurovision” müsabiqəsi ilə bağlı imzaladığı fərman müsbət qarşılanıb
   
   Azərbaycanın turizm sektorunun təmsilçiləri “Eurovision” müsabiqəsi ilə bağlı ölkəmizə gələcək xarici vətəndaşlar üçün viza prosedurlarının sadələşdirilməsi barədə prezident fərmanını razılıqla qarşılayırlar.
   
   Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da “Bakı şəhərində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” fərman imzalayıb.
   Fərmana əsasən, “Eurovision” müsabiqəsi ilə əlaqədar Bakıya gələcək əcnəbilər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin respublikanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər. Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab edilə bilər: “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu; Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd; “Eurovision-2012” mahnı müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
   Azərbaycan Turizm Assosiasiyası (AZTA) İdarə Heyətinin sədri Nahid Bağırov fərmanın ölkənin turizm sektorunun nümayəndələri tərəfindən müsbət qarşılandığını bildirib: “Turizm sektoru maraqlıdır ki, viza alınması daha da asanlaşsın. Fərman bu yöndə mühüm bir addım oldu və ümidvarıq ki, gələcəkdə belə praktika davam edəcək».
   Onun sözlərinə görə, hələlik viza prosedurunun sadələşdirilməsinin ölkəyə gələcək turistlərin sayına nə dərəcədə təsir edəcəyi barədə konkret danışmaq çətindir. Bununla yanaşı, yeni qaydaların viza prosesini asanlaşdıracağı şübhəsizdir.
   AZTA sədri bu günlərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən «Turizm haqqında» yeni qanun layihəsinin turizm ictimaiyyətinin müzakirəsinə təqdim edilməsini də müsbət qiymətləndirir və həmkarlarını bu müzakirələrdə fəal olmağa dəvət edir: “Bu il qəbul olunacağı gözlənilən «Turizm haqqında» yeni qanun bizə növbəti illərdə öz işimizi daha səmərəli qurmağa imkan verəcək. Bizim hamımızın marağındadır ki, qəbul olunacaq yeni qanun bu sektorun bütün təmsilçilərinin, o cümlədən turizm şirkətlərinin, hotellərin, dövlət və qeyri-hökumət təşkilatlarının, eyni zamanda bütün Azərbaycan turistlərinin maraqlarına cavab versin. Ona görə də mən bütün həmkarlarımı bu layihənin müzakirəsində fəal olmağa dəvət edirəm, qoy onlar öz əlavə və təkliflərini Mədəniyyət və Turizm Nazirliyinə göndərsinlər».
   N.Bağırov həmçinin qeyd edib ki, yaxın günlərdə Azərbaycan Turizm Assosiasiyasının yeni qanun layihəsinin müzakirəsinə həsr edilmiş toplantısı keçiriləcək.

   Fəxriyyə Abdullayeva