Xan qızının 190 illiyi münasibətilə muğam və qəzəl axşamı

 

XIX əsr Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın (1832-1897) 190 illiyi Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd olunur.

Oktyabrın 27-də bu münasibətlə Beynəlxalq Muğam Mərkəzində (BMM) “Xurşidbanu Natəvan – 190: muğam və qəzəl gecəsi” adlı tədbir keçirildi.

Mədəniyyət Nazirliyinin təşəbbüsü və BMM-in təşkilatçılığı ilə gerçəkləşən gecədə mərkəzin solistləri ilə yanaşı, Muğam televiziya müsabiqəsinin qalibi olan xanəndələr çıxış etdilər. İfaçıları tarzən Rüstəm Müslümovun rəhbərliyi ilə musiqi qrupu müşayiət edirdi.

Tədbirin aparıcısı – Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi bildirdi ki, Xurşidbanu Natəvanın həyat və yaradıcılığı ədəbiyyat, incəsənət xadimlərimizi ilhamlandırıb. Hələ sağlığında müasirləri Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Mir Möhsün Nəvvab, Fatma xanım Kəminə, Mirzə Həsən Yüzbaşov, Məmo bəy Məmai, Mirzə Rəhim Fəna və başqaları ona şeirlər həsr edib, qəzəllərinə nəzirələr yazıblar. Bu ithaf şeirləri, nəzirələr müasirlərinin Xan qızının şəxsiyyətinə, fitri istedadına, xeyriyyəçilik missiyasına rəğbətin təzahürüdür. Bu nümunələrdə Natəvanın taleyinin ayrı-ayrı məqamları, şairlik, rəssamlıq keyfiyyətləri, bir sözlə, poetik obrazı çox aydın görünür. İllər sonra da Natəvanın şəxsiyyətinə, keşməkeşli həyatına maraq azalmayıb. Onun haqqında şeirlər, poemalar, pyeslər qələmə alınıb.

Gecədə bu ilin 14-15 iyul tarixlərində Şuşada keçirilən Vaqif Poeziya Günlərinin iştirakçısı olan gənc şairlərin Natəvanın qəzəllərinə yazdıqları nəzirələr Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən səsləndirildi.

Yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi, Natəvan haqqında kitabın müəllifi Mustafa Çəmənli şairənin həyatı və ədəbi taleyindən bəhs etdi.

BMM-in solistləri Elgiz Əliyev, Könül Xəlilzadə, Vəfa Orucova, Könül Məmmədli, Nisbət Sədrayeva, gənc xanəndələr Rəvan Qaçayev və Murad Laçının ifasında Xurşidbanu Natəvanın qəzəllərinin muğamlarımızın xallarında təqdimatı yubiley gecəsini sənət rənglərinə boyadı. Bu rənglər içində gənc rəssam Banu Dəvəlinin Xan qızının yubileyinə hədiyyə etdiyi portret tamaşaçıların xüsusilə diqqətini çəkdi.

Lalə Azəri