“Fikrət Əmirov – 100” fortepiano əsərləri antologiyası albomu “Qremmi” mükafatının (Grammy Awards) “Ən yaxşı klassik toplu” (“Best Classıcal Compendıum”) kateqoriyasında uzun siyahıya (longlist) daxil olub.
Musiqi albomu Azərbaycanın dünya şöhrətli bəstəkarının 100 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən hazırlanıb. Bəstəkarın diskdə yer alan əsərləri tanınmış pianoçu, Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundovanın ifasında yazılıb. Səs rejissoru Nazim Kərimovdur.
“Grammy Awards” Amerika Milli Səsyazma Sənəti və Elmləri Akademiyası (National Academy of Recording Arts and Sciences) tərəfindən təqdim edilən illik musiqi mükafatıdır. Mükafat akademiyanın fəal üzvlərinin səsvermə nəticələrinə əsasən verilir.
Mükafatın 2023-cü il üçün albomlar siyahısı seçiminin nəticələrinə əsasən, “Fikrət Əmirov – 100” diskinin uzun siyahıya salınması Azərbaycan musiqi mədəniyyəti üçün əlamətdar hadisədir. Gələcək nəticədən asılı olmayaraq artıq pianoçu Yeganə Axundova “Qremmi” nominasiyası üçün seçilmiş ifaçı (balloted artist) adını qazanıb.
“Fikrət Əmirov – 100” diski rəqəmsal olaraq “Apple Music”, “Spotify”, “Yandex Music”, “Vk Music”, “Boom”, “YouTube Music”, “Tidal”, “Deezer”, “Shazam” kimi platformalarda yerləşdirilib.