Azərbaycan milli ifaçılıq sənətinin görkəmli nümayəndəsi, tanınmış müğənni və pedaqoq, Xalq artisti Şövkət Ələkbərova milli musiqi tariximizdə şərəfli yer tutmuş sənətkarlardan olub.
Bu sözlər oktyabrın 27-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Şövkət Ələkbərovanın 100 illiyi münasibətilə keçirilən tədbirdə səslənib.
Tədbir unudulmaz müğənninin ifasında Səid Rüstəmovun “Oxu, gözəl” mahnısının videoyazısının nümayişi ilə başlayıb.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü söyləyərək qonaqları salamlayıb.
Muzeyin direktor müavini Təranə Zeynalova Şövkət Ələkbərovanın həyatı və zəngin yaradıcılıq yolu haqqında danışıb. Bildirib ki, nadir məlahətli səsi, dərin musiqi duyumu, yüksək səhnə mədəniyyəti ona xalq arasında muğamların, xalq musiqisinin təkrarsız ifaçısı kimi böyük şöhrət gətirib.
Azərbaycan Milli Konservatoriyası nəzdində Bakı Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Şövkət Ələkbərovanın yetirməsi, Əməkdar artist Nuriyyə Hüseynova, yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli, Şövkət Ələkbərovanın gəlini, Tofiq Quliyev adına 12 nömrəli 11 illik Musiqi məktəbinin direktoru Gülnarə Səfərova sənətkar haqqında xatirələrini bölüşüblər.
Çıxışlar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış “Şövkət Ələkbərova – 100” slayd-şousu ilə müşayiət olunub.
Tədbirin bədii hissəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının solisti Nuriyyə Hüseynova, Azərbaycan Milli Konservatoriyasının müəllimi Nüşabə Kərimova, Ş.Ələkbərova adına 20 nömrəli Musiqi məktəbinin müəllim və şagirdlərinin ifalarında konsert proqramı təqdim olunub.