General Polad Həşimovun dəfnindən evə qayıdan Fərhad Babayev belə demişdi...
Vətən müharibəsində şəhid olan qəhrəmanlarımız haqqında məlumat verməyə davam edirik. Bu yazıda əsir torpaqlarımızı düşməndən qurtarmaq üçün cəbhəyə könüllü gedənlərdən şəhid əsgər Fərhad Babayevi yada salacağıq.
Fərhad Məhərrəm oğlu Babayev 1992-ci il yanvarın 30-da Bakı şəhərində anadan olub. 1998-2010-cu illərdə Bakı şəhəri Suraxanı rayonu Pərviz İsmayılov adına 278 saylı tam orta məktəbdə təhsil alıb. Sonra Qazax rayonunda N saylı hərbi hissədə xidmətdə olub.
2020-ci ilin Vətən müharibəsi başlayandan bir gün sonra könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Xocavənd və Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edib. Fərhad oktyabrın 24-də Qubadlı istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid olub, Siyəzən şəhər qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda”, Xocavənd və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.
Şəhidin anası Səmayə Babayeva Fərhadın hələ Milli Qəhrəman, general-mayor Polad Həşimovun dəfnindəki (15 iyul 2020) izdihamı görüb özünə şəhidlik arzuladığını deyir: “Fərhad şəhid olana qədər mən bilmirdim ki, orduya könüllü yazılıb. Elə bilirdim ki, hərbi komissarlıq çağırıb. Fərhad Polad Həşimov şəhid olanda yoldaşları ilə birgə onun dəfn mərasiminə getmişdi. Evə gələndə dedi ki, ana, şəhid olmaq nə gözəl şey imiş. İnşallah, şəhidlik bizə də qismət olar. İnsan nəyi içdən arzulayırsa, ona da nail olur. Fərhad müharibəyə gedəndə ona çox yalvardım ki, bala, bəlkə getməyəsən. O, isə dedi, “Ana, mən getməyim, o getməsin, bəs kim getsin?!”.
Fərhadın yaxşı səsi olduğunu vurğulayan Səmayə xanım zaman-zaman oğluna musiqi yarışmalarına qatılmasını da məsləhət gördüyünü söyləyir: “Fərhad “Qaragilə” xalq mahnısını çox sevirdi. Hər dəfə onun məzarını ziyarət edəndə həmin mahnını qəbri üstə oxuyuram: “Gəlmişəm otağına, Qaragilə, oyadam səni...”. Amma nə qədər haraylayıramsa, balam oyanmır...”.
Şəhidin qardaşı Zamiq Babayev Fərhadla qürur duyduğunu bildirir: “Fərhadı özüm müharibəyə yola saldım, öz əlimlə də nəşini gətirdim. Bir qardaş kimi mənə çox ağırdır. Üzündə qəribə bir təbəssüm vardı. Sanki ölümün üzünə gülür, arzuladığı şəhadətə yüksəldiyi üçün özünü xoşbəxt hiss edirdi. Əslində, şəhidlərin içində qardaşımı axtaranda hamısının üzündə təbəssüm gördüm. Elə bil gülə-gülə yatmışdılar, şəhidliklə bərabər nur gəlmişdi üzlərinə. Vaxt var idi ki, Fərhadı görənlər “Zamiqin qardaşıdır” deyirdilər. İndi mənə deyirlər ki, “Sən Fərhadın qardaşısan”. Mənim üçün bundan böyük şərəf yoxdur”.
Şəhidin bacısı Aysel Süleymanova Fərhadın ona həm də ata kimi yanaşdığını deyir: “Ailəmizin kiçiyi olsa da, Fərhadda ata qayğısı vardı. Qardaş, sözün əsl mənasında, bacıya dayaqdır. Gedişi ilə elə bir boşluq buraxıb ki, arxasında, onu heç kim doldura bilməz. Allah heç bir bacıya qardaş dağı çəkdirməsin”.
Həyat təsadüflərlə doludur və bu, bəzən acı təsadüf olur. Aysel xanım Fərhadın Vətən müharibəsinə yollanmazdan əvvəl telefonlarını, saatını çıxarıb evdə televizorun yanında qoyub getdiyini bildirir: “Anamgilə gələndə Fərhadın saatını qoluma taxdım. Fərhad şəhid olan gün, oktyabrın 24-də gördüm ki, saatı da dayanıb. Allah Fərhada və bütün şəhidlərimizə rəhmət eləsin”.
Ölkəmizin ərazi bütövlüyü Vətən üçün canını və qanını əsirgəməyən igidlərin sayəsində bərpa olundu. Bu gün yağıdan azad edilmiş ərazilərdə üçrəngli bayrağımız dalğalanırsa, biz şəhid və qazilərimizə, qəhrəman oğullarımıza minnətdarıq.
Allah rəhmət eləsin.
Nurəddin