Xəbər verdiyimiz kimi, İtaliyanın Milan şəhərində «BİT 2012» beynəlxalq turizm sərgisi keçirilib. 
   Tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin turizm potensialını nümayiş etdirmək üçün 40 kvadratmetrlik lövhə icarə edilib. Azərbaycan turizmi haqqında məlumatlar ziyarətçilərə Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədov və Bakı Turizm İnformasiya Mərkəzinin əməkdaşı Günel Əliyeva tərəfindən təqdim edilib. Sərgidə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 4 nəfər üzvü və «Geo Travel», «Gilan Turizm» və Millennium Tourism and Congress DMC”nin əməkdaşları da iştirak ediblər.
   Vüqar Şıxəmmədovun sözlərinə görə, dünyanın 130 ölkəsindən 2287 şirkətin iştirak etdiyi sərgidə Azərbaycanın stendinə böyük maraq olub: “Lövhəmizi ziyarət edənlər əsasən bölgələrimizlə bağlı suallar verirdilər. Bakıda keçiriləcək “Eurovision” musiqi yarışması ilə maraqlananlar da çox idi. Qeyd edim ki, yanvar ayından etibarən təmsil olunduğumuz bütün beynəlxalq sərgilərdə təqdim etdiyimiz reklam-çap məhsullarında «Eurovision» musiqi yarışması ilə bağlı məlumatlar və tədbirin loqosu da öz əksini tapır. Ziyarətçiləri tədbirin harada keçirilməsi, ölkəyə nə qədər insanın gəlməsi, Bakı haqqında məlumatlar və s. maraqlandırırdı. Biz də onlara bu haqda geniş məlumatlar təqdim edirdik».
   Sərgi günlərində Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinin çıxışları da maraqla qarşılanıb. İtaliyanın «Rai» telekanalı çıxışlardan birini lentə alıb yayımlayıb. Bundan əlavə, Azərbaycan nümayəndə heyəti tərəfindən İtaliyanın mətbu orqanlarına və BİT sərgisinin rəsmi qəzetinə müsahibələr verilib.
   
   Fəxriyyə Abdullayeva