Rəssamlıq peşəsi, bu peşənin incəlikləri, gözəllikləri və insan psixologiyasına təsirləri barədə dahilər çox sözlər deyib, fikirlər səsləndiriblər. Rəsm əsərlərini səssiz poeziyaya bənzədənlər də olub. Rəsm əsərini “sözsüz bir şeir” adlandıran ingilis yazıçısı Xoras Uolpol bildirib ki, rəsmlər rəssamın fırçasının dili ilə “danışmaq” imkanlarına malikdir. Dünyaca məşhur Leonardo da Vinçi də təxminən eyni ifadələri işlədib. Onun fikrincə, rəsm görünən şeirdir, şeir isə eşidilən rəsmdir.
Doğrudan da, gözəl rəsm əsərinin, şeirin insanın əhval-ruhiyyəsinə xoş təsiri danılmazdır. Müəlliflərin özləri də cəmiyyətdə seçilən insanlardır və çünki onlar əsərləri ilə başqalarında ovqat yarada bilirlər. Rəsm əsərləri insanlarda vətənpərvərlik hisslərinin formalaşdırılmasına, əsl vətəndaş kimi yetişməsinə də səbəb olur.
Rəssamlar əsərlərinin dili ilə Vətəni, ananı, övladları, bütün bunların fonunda bəşəriyyəti də sevdirə bilirlər. Mən nədənsə rəssamlara gözəllik xiridarları, sülhün carçıları kimi baxıram. Onları ölümün gözünə dik baxan qəhrəmanlar kimi təsəvvür edirəm. Ona görə də bu mövzuya müraciət etməyim təsadüfi deyil. Həmişə “Uzaq sahillərdə” filmini izləyəndə Mehdi Hüseynzadənin obrazı məni çox düşündürüb. Fikirləşmişəm ki, “Mixaylo” ləqəbli M.Hüseynzadə təsadüfən qəhrəman olmayıb. Ona Adriatik dənizinin sahillərində alman faşizminə qarşı mübarizə aparmağa əzm verən, sözsüz ki, çəkdiyi əsərlərin də təsiri olub. Axı tibb elmi də sübut edib ki, yaradıcılıqla, o cümlədən rəssamlıqla məşğul olanların fikir və düşüncələri adi insanınkından xeyli fərqlənir. Elə “Mixaylo”nun da fikir və düşüncələri kimi.
Baxın, “Mixaylo” həlak olanda 25 yaşı vardı. Ancaq onun yaratdığı əsərlər izləyənlərin fikir və düşüncələrinə təsirsiz ötüşməyib. Şahidi olanlar onun yaxşı rəssam olduğunu deyirdilər. Filmdə alman mayoru Şultsun çəkdiyi portreti də buna əyani sübutdur. Mahir rəssam olması onu həmin an ölümün cəngindən qurtara bilib. M.Hüseynzadə hamımızın yaxşı tanıdığı partizan-rəssam Cabbar Quliyevin müəllimi olub. Heç bir rəssamlıq təhsili almayan C.Quliyev bu sənətin sirlərini M.Hüseynzadədən öyrənib, gözəl sənət nümunələri yaradıb. Amma təəssüf ki, onun yaratdığı əsərlərin böyük hissəsi erməni faşistləri tərəfindən məhv edildi. C.Quliyev illərlə zəhmət çəkdiyi əsərləri dünyaya göz açdığı Zəngibasardan çıxara bilmədi. Sözüm ondadır ki, Əməkdar rəssam C.Quliyevin də əsərləri düşündürücü idi və onun rəsmlərini seyr edəndə insanın vətənpərvərlik hissi artır, torpağa, təbiətə sevgi-məhəbbət yaranır.
Elə götürək, İkinci Qarabağ müharibəsində həlak olan rəssamlarımızın həyatını.
Apardığım araşdırmalar qəhrəman şəhid rəssamlarımız barədə maraqlı və təqdirolunası məqamlar üzə çıxartdı. Tibb xidməti baş leytenantı Aqşin Ənvərlinin uşaqlıqdan rəssamlığa dərin marağı olub, müxtəlif mövzularda rəsm əsərləri çəkib. Ən çox Vətən mövzusuna müraciət edib. O, Qəbələdə İncəsənət Gimnaziyasının Rəssamlıq şöbəsində oxuyub. Rayon və respublika üzrə keçirilən rəssamlıq müsabiqələrində iştirak edib, uğurlar qazanıb, fəxri fərman və diplomlara layiq görülüb. Yaxşı nəticələr göstərdiyinə görə A.Ənvərlinin rəsmləri Mədəniyyət Nazirliyi tərəfindən nəşr olunan müvafiq kataloqlara da daxil edilib. Ailəsində hər kəs və onu tanıyanlar hesab edirmiş ki, Aqşin gələcəkdə həyatını rəssamlıq sənəti ilə bağlayacaq. Amma gözləntilər əksinə olub. Vətənə olan sevgisinə onun böyüdüyü mühitlə yanaşı, çəkdiyi əsərlər də az təsir göstərməyib. 9-cu sinifdə Aqşin hərbi həkim olmaq istəyini açıqlayıb. Elə bu istəklə də Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə daxil olub və Vətənin ağır günündə onun harayına çatıb. Müharibənin od-alovu onu qorxutmayıb. Vətənin müdafiəsinə qalxan igidlərin elə döyüş meydanında yaralarını sarıyıb, çoxlarını həyata qaytarıb. Özü də ölümün gözünə dik baxıb. Xocavənd rayonu ərazisində qaynar döyüş nöqtələrindən birində yaralıları təxliyə edən zaman 6 noyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb.
Vətən müharibəsinin şəhid baş çavuşu Nurlan Abdalov da rəssam olub. Kiçik yaşlarından rəssamlığa həvəs göstərən Nurlan Sumqayıt şəhərindəki “Dostluq” Mədəniyyət mərkəzinin rəssamlıq kursunu bitirib. Təhsil aldığı məktəbin sərgi lövhələri onun əl işləri ilə bəzədilib. N.Abdalov kiçik yaşlarından Vətənə bağlılığı ilə seçilib. Öz tay-tuşlarına həmişə Vətənlə bağlı çəkdiyi rəsm əsərlərini göstərib. Xocalı faciəsi, 20 Yanvar, erməni faşistlərinin işğal etdikləri ərazilərimizdə törətdikləri talançılıq və vəhşiliklər N.Abdalovun əsas mövzularından olub. Elə bu hisslər onu Vətəni qorumağa səsləyib. Təsadüfə bax ki, Nurlan da Xocavənd uğrunda gedən döyüşlər zamanı (3 noyabr) şəhadət şərbətini içib.
Pilot mayor Murad Məmmədov və digər həyatlarını araşdıra bilmədiyim rəssam-şəhidlərimizlə də bağlı eyni sözləri yazmaq olar. M.Məmmədovun da gözəl rəssamlıq zövqü olub, insanların ruhunu oxşayan əsərlər yaradıb. O, II Qarabağ müharibəsində sonacan döyüşən qəhrəmanlarımızdandır. Dastanlara sığmayan döyüş yolu keçən pilotumuz 30 noyabr 2021-ci ildə “Qaraheybət” poliqonunda vertolyot qəzası zamanı həlak olub.
Bəli, təsviri sənət nümunələri keçmişdən günümüzə estetik zövq vasitəsi olmaqla yanaşı, milli tarixi yaddaşa işıq tutub, Vətənin təbliğatına, tanınmasına xidmət edib. Ona görə də bu sənətin kölgədə qalan nümayəndələrini üzə çıxarıb tanıtmaq lazımdır. Bu həm də gənclərimizdə vətənpərvərlik hisslərinin formalaşmasına töhfə verə bilər.
Rəna Şahirzayeva
Azərbaycan Dövlət Rəsm Qalereyasının elmi işçisi