İslam Səfərli sözlərinə ən çox mahnı bəstələnmiş şairlərdəndir
Yazının başlığı oxucularımıza bir qədər qəribə gələ bilər. Amma haqqında söz açdığımız şair, dramaturq, tərcüməçi, Əməkdar incəsənət xadimi İslam Səfərlinin poeziyasını musiqisiz, nəğməsiz təsəvvür etmək çətindir. Xalq şairi Səməd Vurğunun şeriyyət çeşməsindən su içən qələm sahibi sonralar haqlı olaraq “nəğməkar şair” ünvanını aldı...
İslam Əhməd oğlu Səfərli 12 fevral 1923-cü ildə Naxçıvanda dünyaya göz açıb. Erkən çağlardan poeziyaya maraq göstərir. İlk şeiri 17 yaşında mətbuatda dərc olunur. Gənclik çağları qanlı-qadalı illərə təsadüf edir. II Dünya müharibəsi başlayanda tay-tuşları kimi o da cəbhəyə gedir. Döyüş yolu Şimali Qafqaz, Krım, Ukrayna, Baltikyanı respublikalardan keçir.
Cəbhə həyatı onu yaradıcılıqdan ayırmır. Əksinə, “Qızıl əsgər”, “Qırmızı bayraq” adlı cəbhə qəzetlərində oçerk, məqalə və şeirləri dərc olunur. Müharibə başa çatdıqdan sonra İslam Səfərli sağ-salamat doğma yurda dönür və ədəbi aləmə qayıdır.
Müharibə mövzusu İslam Səfərlinin yaradıcılığında yeni bir səhifə açır. Ədib “Öncüllər” şeirində yazır:
Bir düşündük, bir danışdıq,
Bir sıçradıq düşmən üstə.
“Ana” dedik, “Vətən” dedik
Dar ayaqda, son nəfəsdə...
Şairin tələbəlik illərində yazdığı şeirlər Xalq şairi Səməd Vurğunun da diqqətini çəkir.
Yazıçı Əlfi Qasımov xatirələrində yazır: “İslam Səfərlinin tələbəlik illərində yazdığı uğurlu şeirlər gənclərin böyük qayğıkeşi Səməd Vurğunun da diqqətini cəlb etmişdi... Üçüncü kursda oxuyurduq. Böyük şair tələbələrə qonaq gəlmişdi. O, xitabət kürsüsünə qartal kimi sinə gərib, müasir poeziyamızın qarşısında duran vəzifələrdən danışdı. Səməd Vurğun nəyi isə xatırlayıb susdu. Ətrafa göz gəzdirdi və dedi:
– Hanı, o mənə oxşayan İslam?
İslam cəld ayağa qalxdı və dedi:
– Buradayam, Səməd müəllim!
– Bəri gəl görüm... İslam sıxıla-sıxıla kürsüyə yaxınlaşdı.
Səməd Vurğun soruşdu:
– Yadındamı, Yazıçılar İttifaqında ötən “Gənclər günü”ndə bir şeir oxudun. İndi həmin şeiri oxuya bilərsənmi?
– Oxuya bilərəm.
Sonra “Beşik başında” şeirini oxudu...”.
Məlumdur ki, insanların sağlamlığı keşiyində duran həkimlər haqqında maraqlı şeirlər yazılıb, bəstəkarlar gözəl mahnılar bəstələyiblər. O, şeirlər sırasında İ.Səfərlinin “Həkim qız”ı daha ürəyəyatımlı və maraqlıdır:
Gülərüzlü həkim qız,
Ey gözləri bənövşə,
Qapımızdan keçəndə,
Sarsılıram həmişə...
İ.Səfərlinin poeziyası hər şeydən əvvəl duyğu və düşüncələr üzərində yaranıb. Bu, şairin zamanında ədəbi tənqidin də diqqətindən yayınmayıb. Professor Əkbər Ağayev yazır: “Vətən də, onun təbiəti də İslam Səfərlinin tərənnümündə tam bir poeziyadır. Həm də incə, xəfif və gözəldir”.
Şairin yaradıcılığı özünəməxsus boyaları, məna çalarları ilə gözəl, baxdıqca baxmaq istədiyin bir rəsmi xatırladır. Müəllif sadə sözlərlə al-əlvan poetik lövhələr yaratmağa nail olub.
Qırçın-qırçın göy ləpələr,
Nə xəfifdir, nə incədir.
Onu şerə çəkmək olmaz,
O ən zərif düşüncədir!
Şair şeirləri ilə sanki Azərbaycanın poetik xəritəsini cızıb. Onun poeziya qalereyasında Bakı və Xəzərə həsr etdiyi şeirlər xüsusilə maraq doğurur. Buna görə də şairin “Bakı, sabahın xeyir!” şeiri oynaq ritm və ahəngi ilə musiqisiz də sanki bir nəğmədir:
Hörükləri qaradır,
Qaşları ayparadır,
O bir aləm yaradır,
Hamı ürəkdən deyir:
Bakı, sabahın xeyir!
İ.Səfərli, sözün həqiqi mənasında, nəğməkar şair olub. O, Azərbaycan poeziyasında sözlərinə ən çox mahnı bəstələnmiş şairlərdən biri, bəlkə də birincisidir. Şeirlərinin böyük əksəriyyəti musiqiyə çox yatımlıdır. Görkəmli bəstəkarlardan Cahangir Cahangirov, Tofiq Quliyev, Arif Məlikov, Səid Rüstəmov, Şəfiqə Axundova, Ramiz Mirişli, Emin Sabitoğlu, Nəriman Məmmədov, Tamilla Məmmədzadə və başqaları şairin sözlərinə mahnılar bəstələyiblər. “Ana”, “Bakı, sabahın xeyir!”, “Pıçıldaşın, ləpələr”, “Dan ulduzu, bir də mən”, “Nə vaxta qaldı”, “Ağ şanı, qara şanı”, “Şəhla gözlüm”, “Qonaq gəl bizə” və s. mahnılar dinləyicilər tərəfindən maraqla qarşılanıb, bu gün də müğənnilərin repertuarındadır.
Şairin sözlərinə bəstələnən onlarla nəğmə, o cümlədən C.Cahangirovun bəstələdiyi “Ana” mahnısı AzTV-nin “Qızıl fond”unda saxlanılır. Bu mahnı unudulmaz müğənni Rəşid Behbudovun ifasında könülləri fəth edib:
Gözümün nuru, canım ana,
Böyütdün sən bizi yana-yana.
Odlusan gün kimi, bir qaynar həyat kimi,
Borcluyam mən sənə, sənə bir övlad kimi.
İ.Səfərli ədəbiyyat tariximizdə həm də istedadlı bir dramaturq kimi anılır. Ədibin “Göz həkimi” pyesi uzun illər teatrlarımızın repertuarında yer alıb, televiziya tamaşası kimi lentə alınıb. Şair tərcüməçilik fəaliyyəti ilə də məşğul olub, A.S.Puşkin, M.M.Svetlov, S.Marşak, M.Kərim, M.Tursunzadə, K.Koladze, Y.Dolmatovski və başqalarının əsərlərini dilimizə çevirib.
Çağlayan nəğmələri ilə tutqun çöhrələrə, qəmli könüllərə nur saçan şairin əməyi yüksək qiymətləndirilir. 1973-cü ildə respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülür.
Nəğməkar şair 6 noyabr 1974-cü ildə vəfat edib. Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ildə şairin 90 illiyi dövlət səviyyəsində qeyd olunub.
Savalan Fərəcov