Mart ayı ərzində Azərbaycan 4 beynəlxalq turizm sərgisində təmsil olunacaq. Bunlardan birincisi martın 2-dən 4-dək Litvanın Vilnüs şəhərində keçiriləcək “VİVATTUR- 2012” sərgisidir.
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata görə, sərgidə ölkəmizi Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu, Turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi Aysel Əliməmmədova, nazirliyin mətbuat katibi Zöhrə Əliyeva və Şamaxı Turizm İnformasiya Mərkəzinin direktoru Taleh Məmmədovdan ibarət nümayəndə heyəti təmsil edəcək. Tədbirdə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 25 kv.m. sahə icarəyə götürülüb. Stend sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində 20 adda müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları ilə təmin olunub.
Mədəniyyət və Turizm Nazirliyi “VİVATTUR” beynəlxalq turizm sərgisində ikinci dəfədir iştirak edir. Tədbirdə 17 ölkəni 190-dan artıq şirkət təmsil edəcək.
* * *
Bu ay ölkəmizin təmsil olunacağı ikinci beynəlxalq sərgi martın 7-dən 11-dək Almaniyanın Berlin şəhərində keçiriləcək “lTB 2012” sərgisidir. Sərgidə ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Səfər çərçivəsində Azərbaycan və Almaniya arasında mövcud əməkdaşlığın müzakirə olunması və gələcək əlaqələrin gücləndirilməsi məqsədilə bir sıra görüşlər keçiriləcək. “lTB-2012” sərgisinin rəhbərliyi ilə keçiriləcək görüş zamanı ölkəmizin “lTB” beynəlxalq turizm sərgisində iştirakı və gələcək əməkdaşlıq imkanları müzakirə olunacaq.
“lTB-2012” sərgisində ölkəmizin turizm imkanlarını əks etdirən 104 kv.m. sahədə lövhə qurulacaq. Burada ziyarətçilərə ingilis və alman dillərində hazırlanmış müxtəlif adda reklam-çap məhsulları təqdim olunacaq.
Qeyd edək ki, 2004-cü ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri hər il “lTB” beynəlxalq turizm sərgisində iştirak edir.
* * *
Mart ayında daha iki sərgi Moskvada keçiriləcək. «İnturmarket» adlı birinci sərgi 17-20 mart tarixlərində baş tutacaq. Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva, Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev, Zaqatala və Qusar rayonlarının mədəniyyət və turizm şöbələrinin müdirləri iştirak edəcəklər.
«MİTT-2011» adlı ikinci sərgi isə martın 21-dən 24-dək davam edəcək. Burada Azərbaycanın turizm potensialı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülmüş 80 kv.m. lövhədə rus və ingilis dillərində hazırlanmış bukletlər, broşürlər, CD-lər və s. vasitəsilə nümayiş etdiriləcək. «Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini - daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, M.F.Axundov adına Milli Kitabxananın əməkdaşı Günay Məmmədova, Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova, Oğuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ulduz Baxışova və Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 4 nəfər üzvü təmsil edəcək. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən hotel və turizm şirkətlərinin nümayəndələri də sərgidə iştirak edəcəklər.
Qeyd edək ki, sərgilər Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən ziyarətçilərə ölkəmizdə təşkil edilən Novruz turları haqqında da bilgilər veriləcək, eyni zamanda onlara bayram şirniyyatları təqdim ediləcək.
Fəxriyyə