Paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə tikilmiş “Səbail şəhidləri” abidə kompleksinin açılış mərasimi olub.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Milli Məclisin deputatları Nigar Arpadarai və Aqil Abbas, ictimaiyyət nümayəndələri və şəhid ailələrinin iştirak etdiyi mərasimdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Abidə kompleksinin önünə gül dəstələri düzülüb.
Tədbirdə çıxışlardan sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrının “Bizə bir nəfəs qədər yaxınsınız” adlı ədəbi-bədii kompozisiyası təqdim edilib. Rejissor Samir Qulamovun quruluş verdiyi kompozisiyada tarzən Səxavət Məmmədovun müşayiəti ilə teatrın aktyorları Gülnarə Abdullayeva, Mehriban Zaliyeva, Gülnarə Əzizova, Gültac Əlili, Səmədzadə Xasiyev, İbrahim Əlizadə, Əmrah Dadaşov çıxış ediblər. Onların ifaları alqışlarla qarşılanıb, hər kəsdə zərif duyğular oyadıb. İştirakçılar bir daha 44 günlük müharibədə Vətən uğrunda şəhid olan igidlərimizin əziz xatirəsinə ehtiramlarını bildiriblər.