Rusiya Federasiyası Sverdlovsk vilayətinin inzibati mərkəzi – Yekaterinburq şəhərində “Azərbaycan muğamı gecəsi” keçirilib. Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğu və UNESCO üzrə Milli Komissiyasının birgə təşkilatçılığı ilə Sverdlovsk Dövlət Filarmoniyasında gerçəkləşən konsert iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinə və “Şuşa İli”nə həsr olunub.
Musiqi gecəsində Xalq artisti, xanəndə Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupu çıxış edib. 8 Noyabr – Zəfər Günü ərəfəsində təşkil olunmuş konsertdə Xalq artistləri Mənsum İbrahimov, Elçin Həşimov (tar), Əməkdar artistlər Elnur Əhmədov (kamança), Kamran Kərimov (nağara), eləcə də xanəndə Günay İmamverdiyevanın ifasında xalq mahnıları, Azərbaycana, Qarabağa həsr olunan kompozisiyalar səsləndirilib.
Gecədə Rusiya XİN-in Yekaterinburq şəhərindəki nümayəndəsi Aleksandr Xarlov, Sverdlovsk vilayəti qanunvericilik orqanının deputatı Vyaçeslav Veqner, Ural Dövlət İqtisadiyyat Universitetinin rektoru Yakov Silin, Sverdlovsk vilayəti mədəniyyət nazirinin müavini Roman Doroxin, digər rəsmilər, xarici ölkələrin Yekaterinburqda akkreditə olunmuş diplomatları, Azərbaycan diasporunun nümayəndələri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları iştirak ediblər.
Ölkəmizin Yekaterinburqdakı baş konsulu vəzifəsini yerinə yetirən Şöhrət Mustafayev gecəni açaraq, Azərbaycanla Rusiya, eləcə də Ural federal dairəsi arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrdən danışıb. O, Azərbaycan Prezidentinin sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunduğunu xatırladaraq bildirib ki, Qarabağın tacı Şuşa hər bir azərbaycanlı üçün müqəddəs məkandır. Diplomat əsası Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhərinin tarixi barədə məlumat verib, 28 ilə yaxın erməni işğalında qalmış Şuşanın 2020-ci ilin 44 günlük Vətən müharibəsində işğaldan azad edildiyini, şəhərin Azərbaycanın mədəniyyət paytaxtı elan olunduğunu diqqətə çatdırıb.
Gecədə Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev, Rusiya XİN-in Yekaterinburq şəhərindəki nümayəndəliyi, Sverdlovsk vilayəti qanunvericilik orqanının sədri Lyudmila Babuşkina və digər rəsmi şəxslərin təbrik məktubları oxunub.
Rusiya XİN-in Yekaterinburqdakı nümayəndəsi Aleksandr Xarlov AZƏRTAC-ın müxbiri ilə söhbətində Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrindən danışaraq deyib: “Müslüm Maqomayev, Fərman Salmanov və digər tanınmış azərbaycanlılar hər iki xalqın sərvətidir. Ural regionunda da azərbaycanlılar tanınır, onlara xüsusi ehtiram var, onlar Rusiya cəmiyyətinin dəyərli üzvləri sayılırlar”.
Sverdlovskun qanunvericilik orqanının deputatı Vyaçeslav Veqner vilayətdə yaşayan azərbaycanlıların regionun iqtisadi-siyasi, mədəni həyatında fəal iştirakını vurğulayıb. “Sverdlovsk vilayəti ilə Azərbaycan arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir, ticarət dövriyyəsi artır. Bu, əlbəttə ki, bizi sevindirməyə bilməz. Belə bir çətin dövrdə Azərbaycanın simasında güvənə biləcəyimiz etibarlı tərəfdaşımızın olduğuna əminik”, - deyə o bildirib.
Ural Dövlət İqtisad Universitetinin rektoru Yakov Silin Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından keçən 30 ili bizim ən yeni tariximiz, gənc nəslin sülh və dostluq şəraitində yaşaması üçün bir nümunə adlandırıb. O vurğulayıb ki, rəhbərlik etdiyi universitetdə xeyli sayda azərbaycanlı tələbə təhsil alır.
Azərbaycan diasporunun fəalları – Novosibirsk vilayətinin Qanunvericilik Məclisinin vitse-spikeri Mais Məmmədov, RAGB-nin Yekaterinburq şəhəri üzrə bölməsinin rəhbəri Toğrul Həsənov və başqaları Zəfər Günü ərəfəsində belə bir möhtəşəm tədbirin keçirilməsini yüksək qiymətləndiriblər.