Bursa şəhərində 1-5 noyabr tarixində keçirilən II Dədə Qorqud Türk Dünyası Film Festivalı çərçivəsində Azərbaycanın böyük bəstəkarı Fikrət Əmirovun 100 illiyi münasibətilə konsert proqramı da təşkil olunub.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət Baş İdarəsi tərəfindən noyabrın 3-də təşkil edilən konsertdə Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Bursa Dövlət Simfonik Orkestri çıxış edib. Orkestrin məşhur pianoçusu Gökhan Aybulusun solist, tanınmış ifaçı Zeynəb Soybərkin konsertmeyster olduğu musiqi axşamında Fikrət Əmirovun “Nəsimi dastanı” baletindən parçalar və digər əsərləri alqışlarla qarşılanıb.
Xatırladaq ki, TÜRKSOY tərəfindən 2022-ci il görkəmli Azərbaycan bəstəkarının 100 illiyi şərəfinə “Fikrət Əmirov İli” elan olunub. İl ərzində bu münasibətlə silsilə tədbirlər təşkil edilib, o cümlədən builki “TÜRKSOY Opera Günləri” Fikrət Əmirova həsr olunub.