Tbilisidə Leyla Əliyevanın şeirləri əsasında tamaşa səhnələşdirilib
Gürcüstanda Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla xanım Əliyevanın gürcü dilinə tərcümə edilmiş “Dünya yuxutək əriyir” adlı kitabında yer alan şeirlər əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
İvane Maçabeli adına Tsxinvali Peşəkar Dövlət Dram Teatrının heyəti tərəfindən səhnələşdirilmiş tamaşanın premyerası Tbilisidə Şota Rustaveli adına Dövlət Teatrında baş tutub.
Tamaşanın bədii rəhbəri – Gürcüstanın Dövlət mükafatı laureatı, Azərbaycanın Əməkdar artisti Qoça Kapanadze tədbiri açaraq yeni səhnə əsərinin ərsəyə gəlməsi və Leyla Əliyevanın yaradıcılığından bəhs edib.
Sonra Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edib. Diplomat deyib ki, Leyla Əliyevanın əsərlərinin tanınmış şairə Makvala Qonaşvili tərəfindən gürcü dilinə tərcümə edilməsi, Qoça Kapanadzenin təşəbbüsü ilə səhnəyə qoyulması ölkələrimiz arasında mədəni əlaqələrin bariz nümunəsidir.
Gürcüstan Yazıçılar Birliyinin sədri, şair Makvala Qonaşvili və tanınmış gürcü aktyor, Azərbaycanın Dövlət mükafatı laureatı Davit Uplisaşvili də çıxış edərək Leyla Əliyevanın fəlsəfi ruhlu şeirlərinin səhnə təcəssümündən söz açıblar.
Sonra gürcüstanlı aktyorların ifasında “Dünya yuxutək əriyir” tamaşası nümayiş olunub.
Tamaşanın bədii rəhbəri Qoça Kapanadze jurnalistlərə müsahibəsində deyib: “Leyla xanım çox mükəmməl fəlsəfi və həssas bir şairədir. Makvala Qonaşvilinin tərcüməsi də yaxşı alınıb. Mən düşünürəm ki, premyera çox gözəl keçdi. Aktyorlar Leyla xanımın poeziyasında olan metaforları çox yaxşı canlandırdılar. Düşünürəm ki, biz yaxın zamanda bu səhnə əsəri ilə gürcü tamaşaçılarının qarşısına çıxacağıq”.