Yaxud lənətə gəlmiş fədakarlıq imkan vermədi yaşamağa

 

İşıqlı səhnə, gurultulu alqışlar, qısa sürən təzim və ... 60 yaş. Özü də səssiz-səmirsiz gələn, heç cıqqırı belə çıxmadan sükuta, qapqara boşluğa bağırmaq. Ağırdır demirəm. Amansızdır. Həm də bu amansızlığın içində o mütləq hakimdir. Özünün dediyi kimi Kral Lirdir. Bölən, verən və sonda səhv etdiyini anlayan hakim.

Həmsöhbətim Əməkdar incəsənət xadimi, əsl dəyərini zamanında alan və buna layiq olduğunu illər əvvəl təsdiq edib yaradıcılığını ən müdrik və məhsuldar dönənimdə sükuta çəkilən rejissor Bəhram Osmanovdur. Sənətkarla görüşümüz qızmar yayı yola salmağa hazırlaşdığımız zamanda – sentyabrda olmuşdu.

 

– Zarafat deyil, bu da 60.

– İnanmazdım bu yaşa çatım. Amma çatdım. Yaşayıram. Sən demə, yaşamaq maraqlıdır.

 

– 60 sizə nəyi öyrətdi?

– Mən həmişə işləmişəm. Yaxından tanıyanlar bilir ki, durmadan işləmişəm. Beləcə, bir çox şeydən xəbərsiz olmuşam. Artıq 60 öyrətdi ki, elə eləmək lazım deyil. Təbii ki, işləyən adamın səhvləri də olur. Bu səhvləri kimlərsə şişirdir, kimlərsə ört-basdır edir. İndi anladım ki, gərək o qədər işləməz, əvəzində həm də münasibətlər qurmaq üzərində çalışardım. Lazımlı insanlarla dostluq edərdim və həlledici məqamda onlardan yararlanar, istifadə edərdim. Bax, mən bunları etmədim, əvəzində də durmadan çalışdım. Teatr, pedaqoji fəaliyyət, səhnə, sənət və nəticə...

 

– Sənətdə dostluq var ki?

– Mən lazım olan adamları dedim. Əsas məqamda onların dostluğu işə yarayır.

 

– Anlayıram, siz hansı dostluğu nəzərdə tutursunuz. Mən sözün birbaşa mənasındakı dostluğu soruşuram.

– Bəli, 25 yaşımdan – bu 40 ildən artıq vaxtda əgər aktyorların mənə hörməti və istəyi olmasaydı, teatrların repertuarında olan bir çox tamaşaları hazırlaya bilməzdim. Yəni inam olmasaydı, çətin alınardı, dostluq da çətin yaranardı. İnsan kimi, ola bilsin, qəbul etmirdilər. Amma inam varsa, tamaşa yaxşı alınır. Dövlət Dram Teatrındakı ən uğurlu tamaşalarımın çoxunu teatrın foyesində, zirzəmisində məşq etmişəm. Yəni məni tərifləyə-tərifləyə böyük məşq salonuna, səhnəyə çox da yaxın qoymurdular. Ona görə də ən yaxşı tamaşalarım 20-25 günə hazırlanıb. Dostluq dediniz, birdən yadıma düşdü bu münasibət.

 

– Teatrdakı intriqalardan xəbərsizcəsinə soruşum: niyə?

– Bilmirəm, yəni şərait elə gətirirdi. Hətta bədii rəhbər, direktor sayılan aktyorlar belə bu problemlə bacarmırdılar. Xatirimdədir, “Mesenat” tamaşasını “Oxunuş otağı”nda qurmuşam. Baxmayaraq ki, Xalq artisti Əliabbas Qədirov tamaşada baş rolu oynayırdı və o həm bədii rəhbər, həm də direktor idi. Mən də bütün bunları başa düşür və incimirdim. İndi həmin üslub, işləmək üslubu mənə çox kömək edir. Məsələn, kənar teatrlara dəvət alıram. Deyirlər, bir aya tamaşa hazırlamalısan. Deyirəm, baş üstə. Ondan qorxmuram. Mən bilirəm ki, aktyorla necə işləyib onu bu qısa vaxtda necə hazırlaya bilərəm. Məsələn, “Xəcalət” tamaşası premyeraya 22 günə hasil oldu. Amma 12 il teatrın repertuarında oldu və Azərbaycan teatrına xarici festivallardan ondan çox hörmət gətirən tamaşa olmadı. Əlbəttə, belə tamaşaların olması üçün əsas kamertonlara – aktyorlara minnətdaram. Sadalayım da: Xalq artistləri Siyavuş Aslan, Nurəddin Mehdixanlı, Firəngiz Mütəllimova, Bəsti Cəfərova, Kamal Xudaverdiyev və başqaları. Bax, bu nəslin çoxu məni insan olaraq qəbul eləməsələr də, birlikdə xeyli yaddaqalan işə imza atmışıq.

 

– Sizə olan bu münasibəti indi özünüzdən eşidirəm.

– Ola bilər. Amma mən çətin adamam, nə edim? Hansısa adam üçün yox, proses üçün, iş üçün işləyirdim. Onlara elə gəlirdi ki, hər hansı aktyora görə rol, pyes seçirəm. Amma zaman gəldi və hər şey öz yolunu tapdı.

 

– Əslində, filankəs filan rejissorun aktyorudur ifadəsi siz qarışıq bir çox işlək rejissorlara verilən “xarakteristika”nın əsas özəyidir və düşünmürəm ki, bu, kimisə incitsin.

– Yox, bu, məndə yoxdur. Siz tarixə baxsanız, bunun isbatını da görəcəksiniz. Etiraf etdim ki, mən eyni aktyor, eyni aktrisa ilə mövsümdə bir tamaşa hazırlaya bilərəm. Buna görə inciyənlər də olurdu. Artıq hamısını unutmuşam və bağışlamışam.

 

– Daha nələrin üzərindən xətt çəkmisiz? Yaş və yaşananlar mütləq bizə nəyisə öyrədir, axı...

– Əslində, çoxdan “məhəbbət klapanları”mı bağlamışam. Sağlam rəqabət deyirsiz ha, hansı ki, sonradan düşmənçiliyə çevrilir – onu bağlamışam. Bir də bu yaxın iki ildə “mərhəmət klapanları”mı.

 

– Ondan sonra rahatlaşmısız?

– Xeyli. Çox rahatam. Mən o aktyora hörmət edirəm ki, onun sənəti və sənətinə münasibəti olsun.

 

– Rəqabət dedik, əslində, peşəkar Azərbaycan teatrında fəaliyyətdə olan rejissor sayı on barmağı keçmir. Bizdə böyük mənada o onluq arasında rəqabət var, yoxsa...?

– Mən cavan olanda belə deyir, göstərməyə çalışırdılar. İllər keçəndən sonra anladım ki, sağlam rəqabət sözü yoxdur və əvvəl-axır bu düşmənçiliyə gətirib çıxardacaq. Ona görə də baxıram, alqışlayıram və keçib gedirəm. Onu araşdırmaq, təhlil eləmək, fikir bildirməyin tərkin qılmışam. Əgər hansısa rejissora ərkim çatırsa, ona deyirəm ki, qardaş, bacı, bunu eləmə, deyirəm və çıxıb gedirəm.

 

– Maraqlıdır, sizin “eləmə”nizdən sonra nə deyib, nə edirlər?

– Heç nə. Mən yoldaş kimi deyirəm, başqası ilə müzakirə eləmirəm ki. Onu da əgər qəbul edirlərsə.

 

– Belə çıxır ki, düşməni də sənətə görə qazanmısız. Yəni peşəkar adamın doğru bilib dedikləri başına iş açıb, eləmi?

– Əzizim, bu gün siz dediyiniz o on barmaq sayında peşəkar rejissor yoxdur. Siz on dediz, amma mənim sayım ilə beşinci barmaq havada qalır. O adamlarla biz hamımız eyni zamanda, müxtəlif kurslarda oxumuşuq, işləmişik və heç birimizin ünsiyyəti yoxdur. Yəni mən özüm artıq ünsiyyət saxlamıram. Demirəm onlar eləmir. Mən istəmirəm. Belə rahatdır. Çünki mən elə bilirdim ki, Azərbaycan teatrının inkişaf mərhələsinin hər hansı bir faizi də mənim işlərimdən asılıdır. Amma bu gün belə demirəm. Bu inciklik də deyil. Sadəcə, elə düşünürəm və ürəklə deyirəm. Bu gün tamam başqa proseslər gedir və mən o proseslərdə iştirak etmək istəmirəm.

 

– Yəqin yenə başınızı işə qatmısız. Hazırda hansı teatrda hansı pyesin quruluşunda “gizlənmisiz”?

– Bir şey deyim də, 1989-cu ildən təkidlə Mədəniyyət və İncəsənət Universitetində (rektor Timuçin Əfəndiyev idi) dərs deməyə başlamışam. Ora tarixi boyu praktiki rejissuradan uzaqlaşan şəxslərin sığınacaq yeri olub. Zamanında Adil İsgəndərovun, Nəsir Sadıqzadənin, Mehdi Məmmədov (baxmayaraq ki, o, intensiv işləyib, amma “əmək kitabçası”nda 1946-cı ildən cəmisi üç il fasilə olub) ora sığınıb. Zamanında mən də orada kafedra müdiri olmuşam, indi isə kursum var. Demirəm o zümrəyə aid rejissoram. Amma universitet artıq mənim də sığınacaq yerimdir. Sizə deyim ki, rəhbərliyə minnətdaram, çıxmağa qoymadılar. Hərçənd iki-üç il əvvəl oradan getmək istəyirdim. Çünki dediklərim, anlatdıqlarım bugünkü nəsil tələbələrə lazım deyildi. Sonra başa düşdüm ki, yox, işləmək lazımdır. Buna rəhbərlik məni yola gətirdi də demək olar. Çünki hər hansı kursdan, tələbədən qaynaqlanmadan, təsirlənmədən, ruhdan düşmədən işləmək lazımdır. İşləyirəm, ləzzət alıram. Bu, mənim üçün treninqdir. Dörd ildən bir kurs dəyişir və elmin diktəsini başqa istiqamətdə icra edirəm. Hazırda İrəvan Dövlət Azərbaycan Dövlət Dram Teatrında Azər Turanın “Cavidnamə” kitabı əsasında “Mən, atam, anam, qardaşım və Stalin” adlı tamaşanın məşqləri gedir. Həyat yoldaşım Esmiralda Osmanova ilə sənət barədə iki kitab yazmışıq, bundan başqa, rejissor sənəti ilə bağlı iki tərcüməmiz olub. Pandemiya dövründə iki dərslik yazmışam, bir kitab üzərində işləmişəm. Qismət olsun, onları çap elətdirəcəm. Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” traktatı əsasında tamaşa hazırlamağı düşünürəm. Dərindən oxuyuram, çalışıram ki, səhvlərim olmasın. Hesab edirəm ki, bu, mənim mənəvi borcumdur. Sonra Yunus Oğuzun “Cığır” romanı əsasında pyes hazırlayıram. Və digər işlərimiz var.

 

– İşlədikcə onların səhnə yolunu, harada qoyacağınızı da düşünübsüz yəqin.

– Yox, heç bilmirəm harada qoyulacaq. Əsas odur ki, müəlliflər mənimlə işləmək istəyirlər, mən də bunu sevərək edirəm. Baxaq görək də. Əslində, vacib deyil ki, mən hazırlayım, kimə lazım olacaq, götürüb quracaq. İndi də işləyirəm. Yenə də nəticəsini düşünmədən. Sözsüz ki, yenə səhv etdiyimi anlayaraq. Amma nə etməli? Mən də belə adamam.

 

– Bunun nəyi yanlışdır ki? Biz də elə bilirik: sən işini gör, o, səni mütləq təqdim edəcək.

– O, sizə elə gəlir. Mən də elə düşünürdüm. Bax, 60-da bunu da öyrəndim.

 

– Yenə də gec deyil.

(gülür) Yox, bu məni incitmir. İstehza ilə danışsam da, hər bir şeyə elə baxıram. Bir az da ironiya ilə.

 

– Bu, yəqin ki, həmişə belə olmayıb.

– Yox, həmişə. Teatra tez-tez gələn adam kimi siz də görmüsüz: final bitir, pərdə bağlanıb açılır, musiqi səslənir, aktyorlar təzim edir. Sonra rejissor fəxarətlə təzimə çıxır. Orada oturan tamaşaçılara hörmətim olmasa, o ani çıxışı da etmərəm, inanın. Bilirsiz, bu hissi də məndə çoxdan öldürüblər. Lap çoxdan, 80-ci illərin ortalarından. Yalnız bir-iki dəfə başqa ölkələrdə bunu etmişəm. Bir də Azərbaycandan kənarda hazırladığım tamaşalarda o ləzzəti görmüşəm. İndi istəmirəm.

 

– Həvəsinizi qırıblar, bildim. Amma buna qarşı da bir səssiz üsyanınız labüd idi, axı.

– Mən o prosesi xoşlayıram. Bilirəm ki, tamaşanın uğurlu taleyi orada oynayan aktyorlardan asılıdır və bunu anladığım üçün onlara hörmət ifadə edib alqışlayıram. Amma çıxıb özümü göstərməyə, təzimə utanıram.

 

– Son 10 ilə nəzər salsaq, paytaxtdan bölgəyə ən çox axtarılan rejissorsunuz. Sıx qrafik, fasiləsiz iş və sükut. Bu paradoksda özünüzü necə hiss edirsiz?

– Səmimi deyim ki, çox yaxşı. Allaha and olsun, çox yaxşı. Bilirsiniz niyə? Çünki mən heç nəyi nəyinsə, kiminsə naminə etməmişəm. Birincisi, öz qəlbimə, düşüncəmə görə etmişəm. Bir əsəri bəzən 5, 10 il beynimdə saxlamışam, işləmişəm və sonra görmüşəm ki, onu oynamağa aktyor yoxdur, həmən silmişəm, yenisini yazmışam, onun ifaçılarını saf-çürük etməyə başlamışam. Yəni heç vaxt başqa həmkarlarım kimi, onun üçün, bunun üçün tamaşa hazırlamamışam.

 

– İfaçısı tapılmayan əsərləriniz çoxdur?

– Əlbəttə. Təəssüf ki, çoxdur.

 

– Teatr sənəti ilə bağlı müzakirə və mübahisələrin əsasında sənət təhsili və onun səviyyəsi dayanır...

– Bilirsiz, öyrədənlər təxminən eyni kitabdan öyrədirlər. Sadəcə, kimlərsə o kitabları kənara qoyub, özünün sənət əxlaqını tələbələrə öyrədir. Amma mən yenə deyirəm ki, bu sənətin düzgün yazılmış elmi qayda-qanunları var. Onu dəqiq tədris etməyi bacarmaq lazımdır. Biz artist yox, fərd yetişdiririk. Düşünməyi bacaran, öz fərdi keyfiyyətlərinin nəyə qadir olduğunu bilən şəxs yetişdiririk. Sonra da onu teatrlara atırıq. O da orada o cür qəbul olunur. Peşəni bilir, sadəcə, püxtələşmək yolu keçməlidir. Bu da 10-15 ilə olur. Kiminsə bəxti gətirir, bir-iki il uğurlu rollar oynayır, sonra yaddan çıxıb gedir. Bu mənada kiməsə 20 il bəxti gətirməyən kimi baxırıq və 21-ci ildə kimsə onu kəşf edir. Stanislavskinin sözüdür, deyir zəhmət, üstəgəl səbir, bərabərdir istedad. Amma biz altı ay hazırlığa gedib, bir şeiri o vaxta əzbərləyib, gözəl ifa edəni artıq istedad yağışına bürüyürük ki, qalsın teatrda. Ola bilməz. Fərd və maraq vacibdir. Sənətə marağı olan şəxs aldatmağı bacarmalıdır. Məsələn, niyə o, həkim yox, hüquqşünas yox, məhz aktyor olmağa gəlib. Sadəcə, balı ona çatıb və başqa universitetlərə girə bilməyələr gəlib bu fakültələrə, oradan da teatrlara düşürlər. Mənim gördüyüm budur və onlar çoxdurlar.

 

– Sözünüzdən belə çıxır ki, tamaşaçı da o uzun vaxtı oturub, gözləməlidir? Yəni o aktyor püxtələşənə qədər bütün səhnə, sənət qüsurlarına göz yummalıdır?

– Niyə ki, nəsil hələ ki var və işləyir də. Baxın, öz yaşımdan bu yana olanların sənətə necə gədiklərini, paytaxt teatrlarına yol açmaqlarını, nail olduqları imtiyazlara nə yolla çatdıqlarını bilirəm.

 

– Başqa nəsnədən danışırdıq, amma sizin beyninizdən bu an keçəni də bilmək maraqlı oldu. Əslində, haqlısız, ovuc içi boyda həndəvərdə kimin kim olduğunu təxminən hamı bilir. Elə tamaşaçı da.

– Hamısını bilirəm və bu, onlara da yaxşı məlumdur. Deməyə bilərəm, amma deyirəm.

 

– Dövlət Gənc Tamaşaçılar Teatrına baş rejissor təyinatınız da çətin dövrə təsadüf etdi.

– Asan heç nə olmur. Mən ora təyin olunanda kimsə məndən böyük teatr yaratmağı tələb etmədi. Sadəcə, proses getməli idi. Üç teatr birləşmişdi, kimlərisə daha çox, kimlərisə az yola vermək, kollektiv işə nail olmaq lazım idi. Bütün bunlara nisbətdə, özü də məndən tələb olunandan da o yana keçərək orada xeyli tamaşa hazırlamışam və hələ də oynanılır. Kassada da, festivallarda da teatrın üzünü ağ edə bilmişəm. Amma yola vermək məni çox yorub, yordu. Son illər gördüm ki, yox, daha alınmır.

 

– Buna yola getməyi də qata bilərik?

– Yox, məhz yola vermək. Mənimlə yola getmək çox asandır. Çünki ünsiyyətim yoxdur və kiminsə mənimlə yola gedib-getməməyi müzakirə edilmirdi. Sizinlə danışmağıma baxmayın, əslində, danışan adam deyiləm. Daha çox öz-özümlə danışıram.

 

– Sənətdə bir də uğursuzluq var. Siz necə, bundan qorxmadınız ki?

– Yox, əksinə.

 

– Ümumiyyətlə, ən mükəmmələ can atmaq, ən yaxşısı olmaq üçün sənətlə məşğul olmamaq peşə əxlaqı baxımından nə qədər doğrudur?

– Siz deyən məqamları düşünmədən, sadəcə, işimlə məşğul olmuşam. Müəlliflərin təqdim etdikləri əsərləri oxuyub içərilərindən seçib, səhnəyə qoymuşam. Mənim nəzərimdə bir tamaşa 10-15 il gedə bilməz. Bu o zaman baş verər ki, aktyorlar, iştirakçılar onu ləzzətlə ifa edib yeni nələrsə tapa bilərlər. Əksi, ifaçının özü üçün də maraqsız olur və bu mənada tamaşaçını yormaq olmaz. Tamaşanı qəlb və beyinlə oynayan az aktyor var və onlar da sütundur.

 

“Proses kimi alınmayan tamaşa repertuardan çıxarılmalıdır”

 

– Bayaqdan hər iki teatrda quruluş verdiyiniz uzunömürlü, kassa və festival üçün əlverişli tamaşaları sadaladız. Məsələn, indi onların heç biri Akademik Milli Dram Teatrının repertuarında yoxdur.

– Təbiidir. Çünki ifaçısı yoxdur, yaşlanıb. Gənc Tamaşaçılar Teatrında elə tamaşalar var idi ki, teatrın rəhbərliyindən xahiş edib onları repertuardan çıxarmışıq. Çünki proses kimi alınmayan tamaşa repertuardan birmənalı çıxarılmalıdır. Lap az oynansa belə. Çünki tamaşaçının hissiyyatı ilə oynamaq olmaz. Amma baxın, illər keçir, aktyor yaşlanır, fiziki imkanları məhdudlaşır, amma o, yenə cavan oğlan rolunda oynayır, oynadılır. Bu, nəyə lazımdır? Hər bir tamaşa bitməli və əvəzi olmalıdır. Bunun üçün də oxumaq və tapmaq lazımdır.

 

– Hə, siz deyən o mütaliə və tapmaq da bizim əksər rejissorlara yaddır.

– Mənim özümə gücüm çatır, özümü mütaliəsiz qoymuram (gülür).

 

– İstər teatr prosesinə nəzarət edənlər, istərsə də onun içində olanlar bir şeyi istəyirlər: proses getsin. Maraqlıdır, indi hansı proses gedir və ümumən gedirmi?

– Çətin sualdır. Əvvəl iştirakçı idim deyə başqa cavab verərdim. İndi müşahidəçiyəm deyə rahatlıqla maraqsızlığını etiraf edə bilərəm.

 

– Bizim teatr arxaikdir, yoxsa müasir?

– Kifayət qədər müasirdir. Amma kənardan bu, belə görünmürsə, onun günahkarı biz rejissorlarıq. Öz ambisiyamızı kənara qoyub, doğru-düzgün düşünüb işləməliyik. Təbii ki, bu işləməkdə aktyor əsas şərtdir. Biz onları inandırmağı bacarmalıyıq. İndi pisi budur ki, aktyorlar bəzən cəmiyyətdə baş verən neqativ hallar əsasında yazılan pyesləri “baxdığın mən deyiləm ha, qəhrəmandır və pis olan odur. Roldur da, rejissor verib və mən də oynamağa məcburam” ilə oynayırlar və belə şeyləri daha “peşəkar” bacarırlar...

 

– Çox pis.

– Əlbəttə. Azərbaycan teatrını yaşatmağın bir yolu var: aktyor özbaşınalığının qabağını almaq. Çünki bu hal daha çoxdur.

 

– Bunun başvermə prosesi lap maraqlı gəldi.

– Siz tamaşaçı olaraq onu çətin biləsiniz. Proses məşqdən başlanır və sonadək gedir.

 

– Bəs rejissorun cəza metodu nə olur?

– Heç nə, mən, sadəcə, anlatmağa çalışırdım.

 

– Axı siz həm də bir teatrın baş rejissoru idiniz?

– Nə olsun ki? Azərbaycan teatrında baş rejissorun ixtiyarında heç vaxt, heç nə olmayıb. Direktorun səlahiyyətindədir bütün bunlar. Mən ancaq anlatmaq istəmişəm.

 

– Belə çıxır ki, ikiniz (aktyor və rejissoru nəzərdə tuturam) birləşib tamaşaçını aldadırsız?

– Niyə? O, səhvini edir və sən irad bildirəndə də üzr istəyir, vəssalam. Nə mənası var üzrün? Onsuz da o istədiyi səhvi edib. Özü də bilərəkdən. Ona görə deyirəm: aktyor özbaşınalığının qarşısını almaq üçün qarşılıqlı diktatura olmalıdır. Çünki teatr qarşılıqlı diktaturadan əmələ gələn sənət növüdür. Qarşılıqlı diktədə ya sən rejissor deyəni qəbul etməlisən, ya illərlə rolsuz qalmalısan, ya da çıxıb getməlisən. Bizdə isə illərlə rolsuz qalmağa hamı razıdır. Təki gedib kənarda öz “xalturasını” etsin.

 

– Sonra da çox işləyən aktyora “rejissorun əvəzolunmazı” ayamasını yapışdırırlar.

– Məcbur olur, verirlər, oynayır. O da bezir. Sən özün də ondan bezirsən. Baxın, ən zəif sayılan aktyora mövsümdə 6 rol ver, hamı onu qəbul edəcək. Hətta “Ondan böyük sənətkar yox idi, niyə kənarda qalmışdı?” deyəcəklər. O, sadəcə olaraq, səhnədə mövcud olmağın yolunu öyrənir və olur aktyor, vəssalam. Bizim sizinlə danışdığımız böyük, dərin obraz yaratma o deyil, sözsüz.

 

– Bizim reallıqda baş rejissorla quruluşçu rejissorun heç bir fərqi yoxdursa, nədir bu bölgü?

– Heç bir fərqi yoxdur və heç vaxt da olmayıb. Amma, əslində, baş rejissor bədii rəhbər kimi teatrın proqram tamaşalarının kamertonudur. Ancaq bizdə bunun dəxli yoxdur. Mənim üçün direktor var. O, həmişə hakimdir.

 

– Bu yaxşıdır, yoxsa pis?

– Səmimi deyim də, mənim direktorlarla münasibətim həmişə yaxşı olub. Çünki onlarla söhbətim iş otağında olub və elə oradaca da qalıb. Narazı olmuşamsa, fikirlərimi deyib inandırmaq istəmişəm. İnananlar mövsümün axırında mən deyənə gəlib çıxıblar. Bunu Akademik Milli Dram Teatrında işləyəndə də görmüşəm, digər teatrda baş rejissor olanda da. Sadalanan uğurlu tamaşalar mənim bədii rəhbər və direktorları inandırmağımın məhsuludur. Onların yox ha, mənim!

 

– Belə çıxır ki, artıq çətin inandırırsınız.

– Yox, sadəcə, onda həvəsim var idi. İndi illərdir buna cəhd də etmirəm.

 

– Nə yaman uzun olub həvəssiz işləməyiniz...

– Nə qədər olar e, kimisə nəyəsə inandırmaq?! Bir yerə qədərdir. Onlar mənə inanmalıdır. Nəhayət, elə bir an gəlir ki, sən sənə inanmayanlarla sağollaşmalı olursan.

 

– Ölkənin əksər teatrlarında işləmisiniz. Doğurdanmı Akademik Milli Dram Teatrı “ana teatr”dır deyə onun aktyor heyəti bir göstəricidir?

– Xeyr. Onu kim deyir ki? Sadəcə, o teatr peşəkar Azərbaycan teatrının tarixinin başlanğıcıdır. O teatrın mətbəxini bildiyim üçün deyirəm ki, o teatra 30 il əvvəl gəlmiş gənc oğlan və qızlar (texniki işçilər də daxil) bir-birlərindən öyrənə-öyrənə gəlib səlahiyyət sahibi olublar və o gənclik romantikasını qoruyaraq öz imperiyalarını yaradıblar. Təbii ki, yaxşı mənada. Digər tərəfdən, dövlətin nəzər-diqqəti oradadır. Ona görə hamı ora can atır. Siz dediyiniz göstərici də yoxdur artıq. Sadalasaq, orada barmaqla sayılacaq aktyor var. Bəlkə də elə olmalıdır. Mənim üçün heç zaman böyük-kiçik teatr anlayışı yoxdur, aktyor var.

 

– Adi prosesdir: pyes seçilir, rol bölgüsü edilir, tamaşa hazırlanır, səhnəyə çıxır. Amma zaman-zaman bu rol bölgüsü özü böyük “tamaşaya” çevrilir... Sizə də məlum “siyahı”larla diktə edirdilər? Adətən roldan kənarda qalan aktyorların arqumenti bu olur.

– Vallah, yalan sözdür. Mən heç bir direktorda o siyahını görməmişəm. Məncə, rol vermirəm deyə əksəriyyəti sevinir də.

 

– Niyə?

– İşləmək, ağır prosesə girmək onun üçün maraqsızdır, lazımsızdır. Əmək haqqını alır, başqa işlərini görür. Vaxtdır da gedir. Siz deyən rol bölgüsü zamanı həyəcan, qarğaşa əvvəllər idi. Məsələn, illər əvvəl Milli Dram Teatrında rol bölgüsü edilib, siyahı divardan asılandan sonra üç gün işə gəlmirdim. Düşünürdüm ki, oynayan sağ ol deyəcək, oynamayan da söyəcək. Qoy, sevib-söyüb qurtarsınlar, sonra işləyək (gülür).

 

– Bəlkə aktyoru işlətmək mənasında çox incidirsiz deyə indikilər bölgüyə düşməməyə görə sevinirlər?

– Yox, qətiyyən. Sadəcə, mən hamıya bütün şəraiti yaradıram və tələbimi qoyuram. Amma bunu da əvvəllər etmişəm. İndi nəsihətdən uzaq durmağa çalışıram. Çünki əhəmiyyəti yoxdur. 35 il bunu belə etməyə çalışdım, artıq yox olub o inam. Çünki o inamımı qazananlar sonra birgə işimizin şübhə doğurmasına çalışıblar.

 

– Ya da elə görünmək istəyiblər. Nəzərə alsaq ki, siz üç teatrın birləşdiyi bir sənət ocağında yaradıcı rəhbər olmusuz, bunu yaxşı ayırd edə bilərsiz.

– İslahat, inqilab edilirsə, bu, qəddarcasına olmalıdır. Kimdənsə nə isə soruşmalı deyilsən. “Yola verin getsin”lə olmur. Kəsmək və o anda təmizlik etmək lazımdır. Hər şeyin bir qayda-qanunu var, axı. Sübut olunur ki, bu şəxs bu alətdə çala bilmir. Vacibdir onu saxlayasan, burax, çıxıb getsin də.

 

– Alətdə çala bilməyənlə işləmək asandır?

– Yox, onlar onsuz da prosesdə yoxdurlar. Onları iclasdan-iclasa görürsən. Odur ki, siz bayaq dediyiniz qəddarlığı heç vaxt etmirəm. Damara baxıb, qan almağı bacarıram. O, zəif ola bilər, amma onun zəifliyi tamaşanın ümumi məziyyətlərinə mane olmur. Çünki müəyyən bir çərçivənin içərisində lazımdır. Mən bunu da Akademik Teatrdan öyrənmişəm. O teatr həm də ona görə böyükdür ki, orada daş da, divar da hər şeyi öyrədir. Əgər oranı sevsən...

 

– Öyrənməsən də, cəzalandırıb atır bir kənara.

– Əlbəttə. Hərdən mənə elə gəlir ki, Akademik Milli Dram Teatrı Adil İsgəndərovun lənətlənmiş yeridir və oranı nə iləsə təmizləmək lazımdır ki, o lənət itsin.

 

– Niyə düşünürsüz ki, ora lənətlənib?

– Çünki Adil müəllimə orada işləməyə icazə verməyiblər. O bina tikilib bitəndən sonra, hazırlıq işləri gedəndə onu oradan çıxarıblar. Yaşlılar deyir ki, o, həmin vaxtdan nəinki o teatra, heç həndəvərinə də getməyib. Bir dəfə Ələsgər Ələkbərov dünyasını dəyişəndə indiki Şahmat məktəbinin yanında dayanıb izdihamın arxasınca göz yaşı tökərək “Öldü Vaqifim, Xanlarım, Bərxudarım” deyir. Baxın, Ələsgər müəllimin adını çəkmir, ancaq rollarını sayır. Bir dəfə də Hökumə Qurbanova “SSRİ Xalq artisti” adını alanda onun əlini sıxır, vəssalam. Mənə elə gəlir ki, oranı xoş bir şeyə çevirmək lazımdır. Çünki Adil müəllim nəinki Azərbaycan milli kinosunu, həm də milli teatrını qurub və sonra lazımsız bir şəxs kimi kənara atılıb. Sonra da sənət üçün cavan, yaradıcılıq üçün məhsuldar vaxtında dünyasını dəyişib. Hörmətsiz də dəfn olunub, 5-6 nəfərlə. Adil müəllimin ruhunun dincliyi üçün nə isə etmək lazımdır.

 

– Mistikadır, sadəcə.

– Ola bilər. Amma gördüklərim ona gətirib çıxardır. Proses olaraq teatrımız lənətlənə-lənətlənə gedir. Biz, sadəcə, uğuru lənətləməyi bacarırıq.

 

– Məncə, bir az ovqatı dəyişək, qayıdaq sizə. Məsələn, hazırda hansı obrazdasınız? İndi kənardan Kefli İsgəndərə oxşayırsız, ona görə soruşdum.

– Yaman çətinə saldız məni. Kral Lir. Böldüm, verdim və sonra da anladım ki, səhv elədim.

 

– Niyə 60-dan sonra yalnız özünüzdə səhv axtarırsız?

– Səhvdir də. Mənə elə gəlirdi ki, məni həzm etmək olmaz. Amma yanıldım. İndi ləzzətlə gülürəm. Sən demə, hələ qaxac deyiləm, “yeyilə” bilirəm. Demək, qaxac olmaq üçün hələ 10 il də yaşamalıyam (Gülür, ancaq o gülüşün içindəki əzab adamın sinirlərini tarıma çəkir).

 

– Adil müəllim kimi siz də Gənc Tamaşaçılar Teatrının həndəvərinə dolanmırsız?

– Mənim orda nə işim var? “Azdrama”dan çıxanda da iki ildən çox ora getmədim. Mənim elə xasiyyətim də var: unuduram. O teatr da, bu teatr da bir epoxa idi, bitdi və mənim üçün qurtardı. Yəqin yeni epoxa da başlanacaq. Heç vaxt rəhbər olmaq ambisiyam olmayıb. Baş rejissor seçilməyim də bir təsadüfdür. Növbəti bir etapı gözləyirəm. İstək və işlərim var. Mehriban yaşasaq, daha yaxşı olar.

 

- Söhbətinizdəki səmimiyyəti də, ironiyanı da, sarkazmı da duydum. Oxucu necə duyacaq, bilmirəm.

– O da sizdən asılıdır. Remarkalarda yazarsız ki, burda güldü, burda hirsləndi, burda susdu (gülür).

 

– Məncə, siz tamaşaçınızı tanıdığınız kimi o da sizi yaxşı tanıyır.

– Onda, məni tanıyan hər kəsə salam deyin.

 

– Baş üstə.

Söhbətləşdi: Həmidə Nizamiqızı