Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) azərbaycanlı gənc istedadların konserti keçirilib.
Konsertdən öncə çıxış edən AMM-in rəhbəri Leyla Qasımova mərkəzin gənc istedadlara dəstək məqsədli fəaliyyətindən söz açıb. Qeyd edib ki, Bakı şəhəri Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri avstriyalı musiqisevərlər üçün maraqlı proqram hazırlayıblar.
Diqqətə çatdırılıb ki, bu günlərdə Azərbaycanda bir neçə bayram – Vətən müharibəsində tarixi Zəfərin (8 noyabr) ikinci ildönümü, Azərbaycanın Dövlət Bayrağı Günü (9 noyabr) və Konstitusiya Günü (12 noyabr) qürurla qeyd edilir.
Sonra H.Sarabski adına məktəbin şagirdləri Camal Əliyev, Fərəh Əliyeva, Cəmilə Rəhimova və Nuray Quliyeva Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.
Proqramda əsas diqqət isə bu il yubileyləri qeyd edilən Fikrət Əmirov, Tofiq Quliyev və Emin Sabitoğlunun əsərlərinə ayrılıb. Həmçinin Qara Qarayev, Vaqif Mustafazadə və Polad Bülbüloğlunun əsərləri səslənib. Azərbaycanlı şagirdlərin ifasında avstriyalı bəstəkar Yohann Ştraussun bəstələri də tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.