Türkiyənin Ərzurum şəhərində 1-ci qış Anadolu sammiti - “Turizm, idman, biomüxtəliflik və qlobal dəyişikliklər mövzusunda birgə layihələr” adlı beynəlxalq konfrans keçirilib. Türkiyə, Pakistan, Malayziya, Banqladeş, Tacikistan, ABŞ, Fransa, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Hindistan və digər ölkələrdən nümayəndələrin iştirak etdiyi tədbirdə Azərbaycanı Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, ATİ-nin dekanı Nəsirulla Nəsirli, Azərbaycan Müəllimlər İnstitutunun prorektoru Tünzalə Yusifova və Naxçıvan Dövlət Universitetinin prorektoru Məmməd Rzayev təmsil ediblər.
   N.Nəsirli beynəlxalq tədbirdə aqrar turizmdə yeni istiqamətlər və Azərbaycanda onun inkişaf perspektivləri mövzusunda məruzə ilə çıxış edib.
   Plenar iclasların birinə ATİ-nin rektoru C.Cəfərov sədrlik edib. İclasda ABŞ-ın Ohayo Dövlət Universitetindən Ceki Qudvayın “Gənclər arasında idmanın təbliğinin inkişaf perspektivi”, Əl-Fərabi adına Qazax Milli Universitetindən professor Erkin Kakimcanovun “GİS üsulu ilə Almatıda turizm infrastrukturunun planlaşdırılması” və digərlərinin məruzələri dinlənilib.
   Azərbaycan nümayəndə heyəti sammitin təşkilatçısı olan Ərzurum Atatürk Universitetinin rəhbərliyi ilə də görüşüb, qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparıb.
   
   * * *
   Türkiyənin Ərzurum şəhərində Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun (ESRUC) İcraedici Şurasının iclası da keçirilib. 2010-cu ildə yaradılan qurumun məqsədi Tarixi İpək Yolu üzərində yerləşən ölkələrdə təhsilin, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə kömək göstərməkdir.
   Konsorsiumun İcraedici Şurasına Türkiyənin Ərzurum Atatürk Universiteti, Pakistan Beynəlxalq İslam Universiteti, İtaliyanın Padua Universiteti, Monqolustan Milli Universiteti, Qırğızıstan Beynəlxalq Universiteti, Putra Malayziya Universiteti və Tbilisi Dövlət Tibb Universitetinin rəhbərləri daxildirlər. Bu mötəbər qurumda Azərbaycanı ATİ-nin rektoru Cəfər Cəfərov təmsil edir.
   C.Cəfərov iclasda ali məktəblərin kadr potensialı haqqında vahid məlumat bazasının yaradılması, Qərb ölkələrinin ali təhsil məktəblərinin təcrübəsinin öyrənilməsi məsələləri ilə bağlı təkliflərlə çıxış edib.
   Azərbaycan nümayəndələrinin təklifi ilə Dünya Turizm Təşkilatının İpək Yolu proqramı çərçivəsində 2012-2013-cü illər üçün müəyyən edilmiş strategiya və istiqamətlərin ESRUC-un İpək Yolu proqramı ilə əlaqələndirilməsi, tələbələrin bu prosesə cəlb edilməsi, turizm üçün faydalı istiqamətlər üzrə tədqiqatların aparılması qərara alınıb.
   
   Fəxriyyə