Mədəniyyət Nazirliyinin bu ilin mart ayında başlanan “Yeni adlar” musiqi layihəsi davam edir. İstedadlı gənclər böyük səhnələrdə ölkəmizin aparıcı kollektivlərinin müşayiətində məharətlərini göstərirlər. 

Noyabrın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsinin növbəti konserti keçirilib.

Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Mustafa Mehmandarov) müşayiəti ilə gənc musiqiçilər – respublika və beynəlxalq müsabiqələr laureatları Kamran Talıblı (fleyta) və Cəmil Sədizadə (piano) yaddaqalan proqramla çıxış ediblər.

Musiqi axşamının tamaşaçıları arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər olub.

Konsertdə Kamran Talıblının ifasında J.İbertin “Fleyta və orkestr üçün konsert”i, Cəmil Sədizadənin təqdimatında isə K.Sen-Sansın “Piano və orkestr üçün 2 nömrəli konsert”i alqışlarla qarşılanıb. İstedadlı gənclər orkestrin müşayiəti ilə hər iki əsəri yüksək peşəkarlıqla tamaşaçılara çatdırmağı bacarıblar.

***

Kamran Talıblı 2000-ci ildə Bakıda anadan olub. L. və M.Rostropoviçlar adına 21 nömrəli Musiqi məktəbində fleyta ixtisası üzrə (Xalq artisti, professor Müzəffər Ağamalızadənin sinfi) təhsil alıb. Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına (BMA) qəbul olub. 2022-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. Hazırda BMA-da magistr pilləsində təhsilini davam etdirir.

2011-ci ildə nəfəs və zərb alətləri üzrə II Respublika müsabiqəsində II yerə layiq görülüb, 2013-cü ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən II Respublika müsabiqəsində I yeri qazanıb. 2014-cü ildə İslam dünyası gənc klassik musiqi ifaçılarının III beynəlxalq müsabiqəsində birinci olub. Eləcə də Rusiyanın Samara şəhərində Yuri Başmetin rəhbərliyi ilə MDB ölkələri arasında keçirilən ustad dərslərində Paris Ali Milli Konservatoriyasının professoru Jean-Noel Bonmortdan dərs alıb və Tolyatti şəhərinin filarmoniyasında çıxış edib. 2016-cı ildə Estoniyanın Narva şəhərində keçirilən “Baltikanın ulduzları” VII beynəlxalq müsabiqənin, dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr olunmuş respublika musiqi müsabiqəsinin qalibi olub. 2017-ci ildə Prezident təqaüdünə layiq görülüb.

***

Cəmil Sədizadə 2008-ci ildə Bakıda doğulub. 2014-cü ildə Rauf Hacıyev adına 15 nömrəli Musiqi məktəbinin fortepiano ixtisası üzrə I sinfinə qəbul olub. Hazırda məktəbin IX sinfində təhsil alır.

2015-ci ildən başlayaraq Estoniya, Bolqarıstan, İspaniya, İsrail, BƏƏ, Rusiya, İtaliya, Gürcüstan, Çexiya və digər ölkələrdə müsabiqələrdə iştirak edərək laureat adını qazanıb.

2017-ci il mayın 28-də Kreml Sarayının Georgiyevsk zalında keçirilən “Nəsillərin melodiyası” V beynəlxalq musiqi festivalında Rusiya Prezidenti Orkestri ilə L.V.Bethovenin I konsertini (I hissə) ifa edib. Həmin ilin iyununda ölkə başçımızın sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb. 2018-ci ilin yanvarında Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor – Xalq artisti Rauf Abdullayev) ilə birlikdə “Zirvəyə doğru” adlı ilk solo konsertini verib. Həmin ilin mayında Parisdə UNESCO-nun təşkil etdiyi Qara Qarayevin 100 illik yubileyinə həsr edilmiş konsertdə solo nömrə ilə uğurlu çıxış edib.

Cəmil Sədizadə bu ilin aprel ayında Heydər Əliyev Sarayında yenə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə “Qəlblərin fatehi” adlı ikinci solo konsertlə çıxış edib.

Nurəddin