İsveçrənin Cenevrə şəhərindəki “Palexpo” sərgi mərkəzində təşkil edilən ənənəvi “Les Automnales” payız yarmarkası çərçivəsində bu ölkədə yaşayan müxtəlif xalqların nümayəndələri tərəfindən təqdimatlar olub.

Yarmarka zamanı Azərbaycan icmasının fəal üzvü Mariya Xanxoyskaya-Martiqnolinin rəhbərlik etdiyi “İrs” uşaq rəqs qrupu da çıxış edib. Cenevrədə yaşayan azərbaycanlıların övladlarından ibarət olan qrup Azərbaycan xalq rəqslərini məharətlə nümayiş etdirib. “İRS”in çıxışı izləyicilərin alqışları ilə qarşılanıb.

Azərbaycan incəsənətinin təqdimatı ölkəmizin BMT-nin Cenevrə Ofisi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin dəstəyi ilə gerçəkləşib.