Xəbər verdiyimiz kimi, 15-20 noyabr tarixində Bakı növbəti caz festivalına ev sahibliyi edir. Mədəniyyət Nazirliyinin dəstəyi və “Paşa Holdinq”in baş sponsorluğu ilə keçirilən XVII Bakı Beynəlxalq Caz Festivalı zəngin proqramı ilə müxtəlif ölkələrdən məşhur ifaçı və qrupları sənətsevərlərlə görüşdürür.
Festivalın açılış mərasimi noyabrın 15-də ADA Universitetində keçirilib. Mərasimdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və incəsənət xadimləri, caz musiqisi həvəskarları iştirak ediblər.
Konsertdən öncə Bakıda caz festivallarının tarixinə nəzər salınıb. Qeyd olunub ki, Bakıda ilk dəfə Caz festivalı sovet dövründə, 1967-ci ildə keçirilib. Diqqətə çatdırılıb ki, müstəqilik dövründə əsası qoyulan Bakı Beynəlxalq Caz Festivalı ənənəvi olaraq öz pərəstişkarlarına geniş proqram təqdim edir. Festival çərçivəsində konsertlərdən əlavə, incəsənət sərgiləri və caz mövzulu kino günləri də təşkil olunur.
Bu il festivalın proqramına istedadlı rəssam Ramina Səadətxanın əsərlərindən ibarət “Rəqs edən caz” layihəsi və caz əfsanəsi Maylz Devis haqqında filmin təqdimatı da daxildir.
Qeyd olunub ki, XVII Bakı Beynəlxalq Caz Festivalının açılış mərasiminin ADA Universitetində keçirilməsi təsadüfi deyil. ADA Universiteti gənclərin, tələbələrin inkişafı üçün bir çox layihələr həyata keçirir.
Sonra festivalın yaradıcılarından biri olan tanınmış cazmen, saksofon ifaçısı, Əməkdar artist Rain Sultanov tamaşaçıları salamlayıb.
Açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev ənənəvi caz festivalının açılışına ev sahibliyi etməkdən şərəf duyduqlarını bildirib. O, illər öncə caz musiqisi ilə tanışlığına dair xatirəsini tədbir iştirakçıları ilə bölüşüb. ADA Universitetinin rektoru tədbirə gələn hər kəsə təşəkkürünü bildirib.
Mədəniyyət naziri Anar Kərimov Bakı Beynəlxalq Caz Festivalının gözəl bir ənənəyə çevrilməsindən söz açıb. O, builki festivalın açılış mərasiminin ADA Universitetində təşkilinə görə rektor Hafiz Paşayevə minnətdarlığını bildirib. Nazir qeyd edib ki, builki festivalda gənclərə xüsusi yer ayrılıb. Festival çərçivəsində onlar arasında müsabiqə də keçiriləcək. Bakı Beynəlxalq Caz Festivalının coğrafiyası ildən-ilə böyüyür. Bu il Almaniya, İsveçrə, İtaliya, İsrail, Braziliya və digər ölkələrdən ifaçılar çıxış edəcəklər. Əminik ki, festival Azərbaycanda olan caz ənənələrini daha da inkişaf etdirəcək.
Festivalın açılışında Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz da çıxış edərək bu mərasimdə olmaqdan məmnunluğunu söyləyib və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Daha sonra “Grammy” mükafatı laureatı, isveçrəli ifaçı Qreqori Maret konsert proqramını təqdim edib. Konsertdə məşhur cazmenlə bərabər gənc azərbaycanlı pianoçu Elbəy Məmmədzadə də çıxış edib.
Qeyd edək ki, noyabrın 16-da festival çərçivəsində “Hypnoze Club”da braziliyalı musiqiçi Eloiza Lourenso çıxış edib.
Noyabrın 17-də “QGallery”də rəssam Ramina Səadətxanın “Rəqs edən caz” sərgisi açılıb. Sərgidə tamaşaçılar caz sədaları altında yaradılmış rəsmlərə baxıblar.
Həmin gün “YARAT” Müasir İncəsənət Mərkəzində kinoşünas Ülvi Mehdinin aparıcılığı ilə caz əfsanəsi Maylz Devis haqqında filmin təqdimatı olub.
Festivalın 18-20 noyabr konsertləri Beynəlxalq Muğam Mərkəzində keçirilir...