Fərəc Qarayevin və yetirmələrinin əsərləri səsləndirildi
Noyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində “Cadenza” orkestrinin “Epitaf” adlı konsert proqramı keçirildi. Musiqi axşamında P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, tanınmış bəstəkar, Azərbaycanın Xalq artisti Fərəc Qarayev və tələbələri Elmir Mirzəyev, Aliyə Məmmədova, Əli Əlizadənin əsərləri ifa olundu.
Orkestr əsərləri peşəkarlıqla, həvəslə səsləndirdi. Solist Mirxalid Məmmədzadənin (fleyta) çıxışı isə ayrıca qeyd olunmağa dəyərdi.
Kollektivin bədii rəhbəri Türkər Qasımzadə, konsertmeysteri Samir Əsədov idi.
Konsertdən sonra təəssüratlarını bölüşən Xalq artisti Fərəc Qarayev gecədən yüksək əhvalla ayrıldığını dedi: “Orkestrə eşq olsun! Yüksək həssaslıq və həvəslə ifa etdilər. Bu, çox mühümdür. Yolları açıq olsun!”.
Əməkdar incəsənət xadimi, musiqişünas Zümrüd Dadaşzadə sosial şəbəkə hesabında konsertdə səsləndirilən əsərlərlə bağlı fikirlərini qeyd edib: “Konsertdə şagird mövzusu proqramı müəyyənləşdirdi. Fərqli əsərlər idi, amma estetika səviyyəsində onların arasında bir bağlantı sezmək olardı. Musiqini yaşadığımız hisslər – iztirablar, sarsıntılar süzgəcindən keçirirdik. Əli Əlizadənin “Tənha çinarın ağısı”nda o qədər hüzn var idi ki. Çinar axı bir rəmzdir. Onun tənhalığı da, ağısı da hamımızın ürəyini ağrıdırdı. Küləyin vıyıltısı fonunda fleytanın səsini dinlədikcə tənhalığı fiziki olaraq duyurduq. Amma çinarımız sınmadı, nəğməsini səsləndirməkdə davam etdi. Aliyə Məmmədovanın kvarteti bəstəkarın gənc ikən yazdığı, ona uğur gətirən əsərlərdəndir. İkihissəli bu kvartet bəstəkarın formanı ustalıqla qurmaq, musiqi toxumasının hər bir detalını düşünüb-daşınmaq kimi keyfiyyətini əyani nümayiş etdirdi. Elmir Mirzəyevin “Epitaf”ı sağalmayan yaramız – Xocalı soyqırımının 30 illiyi ərəfəsində yazılıb. Bu əsərdə o qədər ağrı, o qədər gərginlik, o qədər kədər var ki... Və sonda Fərəc Qarayevin “postludio” – son sözü... Bəstəkarın məhdud musiqi materialı çərçivəsində böyük sarsıntı yaratmaq bacarığı bir başqadır. O sükut, o pauzalar, o zərif kövrək lirika...”.
Lalə Azəri