Fikrət Əmirovun əsərləri, Azərbaycan və Türkiyə xalq mahnıları səslənib
Parisdə, UNESCO-nun mənzil-qərargahında UNESCO üzrə Azərbaycan Milli Komissiyası və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan və Türkiyənin UNESCO yanında daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə konsert keçirilib.
Konsertdən əvvəl Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış edib. Milli musiqimiz, bəstəkarlarımız haqqında məlumat verən diplomat Azərbaycanın musiqi mədəniyyətinə böyük töhfələr vermiş, simfonik muğam janrının banisi Fikrət Əmirovun 100 illiyinin UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edildiyini və bu yaxınlarda təşkilatın qərargahında təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırıb.
Sonra o, konsert proqramının iştirakçısı – Azərbaycanın Əməkdar artisti Turan Manafzadə haqqında məlumat verib. Bildirib ki, pianoçu, dirijor və bəstəkar Turan Manafzadənin Avstriya, Almaniya, Rumıniya, Şimali Kipr, Türkiyə və digər ölkələrdə keçirilən konsertlərində Fikrət Əmirovun əsərləri səslənib.
Türkiyənin UNESCO yanında daimi nümayəndəsi Gülnur Aybet çıxış edərək bildirib ki, konsert iki qardaş ölkə arasında sıx əməkdaşlığı əks etdirir. Daimi nümayəndə Türkiyə Dövlət Opera və Baletinin baş direktoru, məşhur tenor Murat Karahanın bir çox Avropa ölkələrinin simfonik orkestrləri ilə uğurlu konsertlərindən söz açıb.
Sonra pianoçu Turan Manafzadə və tenor Murat Karahanın ifasında Avropa bəstəkarlarının, 100 illik yubileyi qeyd olunan Fikrət Əmirovun əsərləri, eləcə də Türkiyə və Azərbaycan xalq mahnıları səslənib. T.Manafzadə Xocalı soyqırımına həsr etdiyi musiqi əsərini, “Laçın” xalq mahnısını da ifa edib. Sənətçilərin performansı dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Tədbirdə UNESCO yanında akkreditə olunmuş səfir və daimi nümayəndələr, diplomatlar, Parisdə yaşayan Azərbaycan və Türkiyə icmalarının nümayəndələri iştirak ediblər.
Konsertdən sonra tamaşaçılar iki qardaş ölkənin milli mətbəxinin təamlarına qonaq ediliblər.