Görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyi münasibətilə təşkil olunan musiqi festivalı çərçivəsində noyabrın 18-də Gəncə Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı keçirilib.
Konsert Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Akademik Filarmoniyasının dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsi (RMİ) və Gəncə filarmoniyasının təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.
Bədii rəhbər və baş dirijor, Xalq artisti Rauf Abdullayevin və dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında keçirilən konsertdə Xalq artistləri Fərhad Bədəlbəyli, Azər Zeynalov, Teyyub Aslanov, solist Safura Aslanova çıxış ediblər. Konsertdə bəstəkarın “Azərbaycan süitası”, “Azərbaycan elləri”, Hüseyn Cavidin “Şeyx Sənan” pyesinin tamaşasına yazdığı “Kor ərəbin mahnısı”, “Kürd ovşarı” simfonik muğamı, “Sevil” operasından Balaşın ariyası və “Azərbaycan kapriççosu”, F.Əmirovun Elmira Nəzirova ilə birgə yazdığı “Piano və orkestr üçün ərəb mövzuları əsasında konsert” əsərləri səsləndirilib.
Konsert proqramında F.Əmirovun işləməsində xalq mahnısı “Gözəlim sənsən” dirijor Mustafa Mehmandarovun redaktəsində ilk dəfə Azər Zeynalov tərəfindən ifa olunub.
Konsert tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.