İordaniya Haşimilər Krallığının paytaxtı Amman şəhərində 19-21 noyabr tarixində İHTF-2022 – Beynəlxalq Sağlamlıq Turizmi Forumu keçirilib. 50-dən artıq ölkənin qatıldığı tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti Ruslan Quliyev də iştirak edib.
Forum zamanı Qlobal Sağlamlıq Turizmi Təşkilatının (GHTC) təqdimatı çərçivəsində Azərbaycanın bu quruma rəhbərlik etdiyi dövrdə görülən işlər, bu sahədə Azərbaycanın mövcud təcrübəsi haqqında iştirakçılara geniş məlumat verilib. GHTC stendində Azərbaycanda sağlamlıq turizmi imkanlarını, o cümlədən Naftalan, Duzdağ, Qalaaltı və digər təsislər haqqında ətraflı məlumatların əks olunduğu reklam-çap məhsulları təqdim olunub.
Tədbirin ikinci günü Qlobal Sağlamlıq Turizmi Şurasının toplantısı keçirilib. Toplantıda 2023-cü ilin 26-27 aprelində Xorvatiyada Qlobal Sağlamlıq Turizmi Şurasının 5-ci sammitinin keçirilməsi qərara alınıb.
Toplantıda Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sağlamlıq turizmi potensialı barədə quruma üzv ölkələrin nümayəndələrinə məlumat verilib.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyevə Azərbaycanın Qlobal Sağlamlıq Turizmi Təşkilatına rəhbərlik etdiyi dövrdə qlobal sağlamlıq turizminin inkişafında göstərdiyi xidmətə görə xüsusi təşəkkür plaketi təqdim olunub.