Xəbər verdiyimiz kimi, Prezident Şavkat Mirziyoyevin göstərişi ilə özbək dilində “Türk ədəbiyyatının inciləri” seriyasından 100 cildlik toplu nəşr olunub. Noyabrın 22-də Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda 100 cildliyin təqdimatı keçirilib.
Kolleksiyada Türk Dövlətləri Təşkilatında təmsil olunan Özbəkistan, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Macarıstanın XI-XXI əsrlərdə yaşayıb-yaratmış ümumilikdə 629 şair, yazıçı və mütəfəkkirin əsərləri yer alıb.
Təqdimatda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın Daşkənddəki səfirliklərinin nümayəndələri də iştirak ediblər.
Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xocayev layihə barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, 100 cildlik toplunun hazırlanmasında 200-dən çox tərcüməçi, 50-yə yaxın yazıçı, redaktor və rəssam iştirak edib.
Özbəkistan Prezidentinin müşaviri Xayritdin Sultonov layihənin özbək ədəbiyyatsevərlər, tədqiqatçılar üçün mühüm hadisə olduğunu vurğulayaraq, soykökü, dili, dini, mədəniyyəti yaxın olan xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracağını bildirib.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov çıxışında Özbəkistan dövlətinə və Prezident Şavkat Mirziyoyevə təşəkkürünü ifadə edərək, nəşr layihəsini Türk dünyası mədəniyyəti, ədəbiyyatı üçün böyük hadisə adlandırıb. AMM-in toplunun Azərbaycanla bağlı hissəsinə, tərcümə işlərinə dəstək göstərdiyini qeyd edən Samir Abbasov Azərbaycan ədəbiyyatının korifeyləri, klassik və müasir dövr ədiblərin – ümumilikdə 200 müəllifin əsərlərinin özbək dilinə tərcümə edilərək 16 cilddə təqdim olunmasını ədəbi əlaqələrimizə mühüm töhfə kimi dəyərləndirib.
Qırğızıstanın Özbəkistandakı Səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Aycamal Karamurzaeva, Türkiyə səfirliyinin mətbuat və mədəniyyət attaşesi Hamdi Turşçu və digər çıxış edənlər layihənin əhəmiyyətindən söz açıblar.