Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert

 

Noyabrın 22-də Nyu-Yorkdakı “Carnegie Hall”da azərbaycanlı, türk və yəhudi icmalarını klassik musiqi vasitəsilə həmrəyliyə və dostluğu möhkəmlətməyə səsləyən “Dostluq körpüləri” adlı konsert təşkil olunub.

Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin (National Music & Global Culture Society) təşəbbüsü ilə keçirilən konsert Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunub.

Konsertdə tanınmış musiqiçilər – skripkaçı Aleksandr Markov və pianoçu Nərgiz Əliyarova, eləcə də dirijor Fuad İbrahimovun rəhbərliyi altında Nyu-York Beynəlxalq Virtuozlar Orkestri (“New York International Virtuosi Orchestra”) iştirak edib.

Tədbirdə türk bəstəkarı, “Qremmi” mükafatı nominantı Faruk Kancanın “Vox in Terra” əsərinin dünya premyerası, həmçinin Fikrət Əmirovun bəstəkar Elmira Nəzirova ilə həmmüəllif kimi yaratdığı “Fortepiano və orkestr üçün ərəb mövzularında konsert”in ABŞ-da premyerası keçirilib. Tədbirdə yəhudi-alman bəstəkarı Feliks Mendelsonun, məşhur türk bəstəkarı Nevit Kodalli və yəhudi əsilli Amerika bəstəkarı Corc Gerşvinin skripka konsertləri də yer alıb.

Skripkaçıların Paqanini adına beynəlxalq müsabiqəsinin qızıl medalına layiq görülmüş Aleksandr Markov “Carnegie Hall”da 16 yaşında solo debüt edib. Markov Moskvada yaşayarkən atasından skripka dərsləri alıb və artıq 8 yaşında onunla birgə konsertlərdə müxtəlif orkestrlərin heyətində solist qismində çıxış edib.

Nərgiz Əliyarova Nyu-Yorkda yaşayan tanınmış azərbaycanlı pianoçu və klassik musiqi üzrə tədqiqatçıdır. Dünyanın 40-dan çox şəhərində solist kimi, həmçinin kamera və simfonik orkestrlərilə çıxış edib. O, Azərbaycanın Əməkdar artistidir, 2010-cu ildə “Şopen irsinə böyük töhfəsinə görə” Polşa hökuməti tərəfindən təltif olunub. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Nərgiz Əliyarova 20 ilə yaxın Bakı Musiqi Akademiyasında dərs deyib. Nyu-Yorkda Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətini yaradıb.

Dirijor Fuad İbrahimov Köln Konservatoriyasının məzunudur. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının üçüncü kursunda oxuyarkən o, Azərbaycan paytaxtında  səfərdə olan Mstislav Rostropoviçin ustad dərslərində iştirak edib. Almaniyada, Köln Konservatoriyasında əvvəlcə alt sinfində oxuyub, sonra opera-simfonik dirijorluğu fakültəsinə daxil olub. Fuad İbrahimov London Kral Filarmonik Orkestri, Vyana Kamera Orkestri kimi Avropanın aparıcı kollektivləri ilə əməkdaşlıq edir.