Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qaliblərindən olan “İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması” layihəsi çərçivəsində “Yuxarı Gövhər ağa məscidi” adlı sənədli film hazırlanıb.
Noyabrın 23-də Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzində filmin təqdimatı keçirildi.
Filmin ssenari müəllifi, AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov Yuxarı Gövhər ağa məscidinin tarixi və erməni vandalizminə məruz qalması ilə bağlı faktlardan danışdı. Qeyd etdi ki, Şuşa şəhəri Ermənistan tərəfindən işğal altında saxlandığı dövr ərzində digər tarixi-mədəni abidələr kimi, Yuxarı Gövhər ağa məscidi də talan olunub. Minarələri daxildən tamamilə sökülüb, xaricdən atəşə tutulub, tavanı bir neçə yerdən uçurdulub, daxili tərtibatı, dizayn və divar yazıları pozulub, kommunikasiya xətləri dağıdılaraq yararsız hala salınıb.
Film barədə danışan F.İsmayılov bildirdi ki, mütəxəssislər tərəfindən filmə ilkin baxış olub və yüksək qiymətləndirilib. Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə ekran əsərini Ermənistana qarşı məhkəmə iddiası işlərinin hazırlanmasında istifadə etmək məqsədilə müvafiq komissiyalara göndərəcəklərini deyib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov filmin dünya ictimaiyyətini məlumatlandırmaq baxımından əhəmiyyətini qeyd etdi. Dedi ki, Dövlət Xidməti tərəfindən bu günə qədər işğaldan azad olunmuş ərazilərdə 400-dən artıq abidəyə baxış keçirilib: “Ümidvaram ki, gələcəkdə belə layihələr davamlı olacaq. Mədəniyyət Nazirliyi gələcəkdə də bu istiqamətdə reallaşdırılan layihələrə dəstək göstərməyə hazırdır”.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Həsən Səmədov Yuxarı Gövhər ağa məscidinin erməni vandalizminə rəğmən ayaqda qalan az sayda abidələrdən biri olduğunu deyib.
Sonra sənədli film nümayiş olundu.
“Vətəndaşların Sosial Rifahı naminə” İctimai Birliyinin sədri İradə Rzazadə və digərləri film haqqında fikirlərini bölüşdülər.
Filmin rejissoru Amil Amaldır.
Qeyd edək ki, Yuxarı Gövhər ağa məscidində Qarabağ xanı İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən 1883-1884-cü illərdə inşa edilib. Şuşa erməni işğalından azad ediləndən sonra, 2021-ci ildən məscid binasında təmir-bərpa işləri həyata keçirilir.
Nurəddin