Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən, bəstəkar, pedaqoq, Naxçıvan MR-in Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Əkrəm Məmmədlinin yaradıcılıq gecəsi keçirildi.
Beynəlxalq Muğam Mərkəzinin dəstəyi, AMEA Folklor İnstitutu nəzdində “Qorqud” ansamblının (bədii rəhbər – Əməkdar artist Nuriyyə Hüseynova) təşkilatçılığı ilə noyabrın 25-də keçirilən tədbirdə qonaqlar əvvəlcə tarzənin həyat və yaradıcılığına həsr edilən videomaterialla tanış oldular.
Gecədə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa, Xalq artistləri Vamiq Məmmədəliyev, Şəfiqə Eyvazova, Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov çıxışlarında tarzənin sənət yolundan, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açdılar. Qeyd edildi ki, “Naxçıvan-Şərur el yallıları” kitabının ərsəyə gəlməsində, muğamlarımızın və yallılarımızın nota köçürülməsində Əkrəm Məmmədlinin böyük xidmətləri olub. Sənətkar 50 ilə yaxındır ki, tar ifaçılığı və onun tədrisi ilə məşğuldur. Onun “Tar üçün etüdlər” və “Azərbaycan muğamları” kimi kitabları tar ifaçılıq sənətini öyrənənlər üçün dəyərli tədris vəsaitləridir. Tarzən ömrünün böyük bir hissəsini musiqi mədəniyyətimizin inkişafına, muğamlarımızın yaşadılması və təbliğinə, yeni musiqiçilər nəslinin yetişməsinə həsr edib.
Gecədə Xalq artisti İlqar Muradov, Şəfiqə Eyvazova, Əməkdar artistlər Nuriyyə Hüseynova, Sevinc Sarıyeva, filologiya üzrə fəlsəfə doktoru, aşıq Fəxrəddin Salim (türk sazı), tarzən Rövşən Qurbanov və gənc xanəndələr öz ifaları ilə sənətkara təbriklərini çatdırdılar.
Sonda Əkrəm Məmmədli çıxış edərək əməyinə və yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirdi.
Lalə Azəri