Zamanın səhifələrində qalan olaylar, faktlar...
169 il əvvəl...
30 noyabr 1853-cü ildə Krım müharibəsi (1853-1856) gedişində Rusiya və Osmanlı donanmaları arasında Sinop döyüşü olub. Bu, dəniz müharibələri tarixində yelkənli gəmilərin iştirak etdiyi sonuncu döyüş idi. Sinop buxtası yaxınlığında gedən döyüşdə Rusiya donanması qələbə çalıb. Bununla belə, Rusiya Krım müharibəsini uduzdu.
104 il əvvəl...
29 noyabr 1918-ci ildə Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə Xalq Cümhuriyyəti Parlamentinə seçkilərlə bağlı ölkə əhalisinə müraciət edib. Rəsulzadə “milli və məzhəb fərqlərinə baxmayaraq” bütün əhalini yeni parlamentdə təmsil olunmağa çağırıb. Lakin bu çağırış erməni və ruslar tərəfindən rədd edildi və onlar ilk mərhələdə parlamentdən kənarda qaldılar. Parlamentin açılışı 7 dekabrda keçirildi. Erməni və rus icmaları parlamentə 1919-cu ildə qatıldılar.
1 dekabr 1918-ci ildə Rumıniya torpaqları birləşib. Rumıniya 1878-ci ildə Osmanlı imperiyasından müstəqilliyini elan etsə də, rumın torpaqları birləşməmişdi. I Dünya müharibəsinin yekunlarına əsasən, Rumıniyanın tarixi əraziləri Transilvaniya, Valaxiya, Bessarabiya, Bukovina birləşdi. 1940-cı ildə SSRİ Bessarabiya və Şimali Bukovinanı Rumıniyadan qopardı. Bununla belə, dekabrın 1-i Rumıniyada milli bayram – “Birləşmə günü” kimi qeyd olunur.
100 il əvvəl...
30 noyabr 1922-ci ildə RSFSR tərkibində Çeçenistan Muxtar Vilayəti yaranıb. 1936-cı ildə Çeçenistan-İnquşetiya MSSR yarandı. 1944-cü ildə muxtariyyət ləğv edildi, çeçenlər və inquşlar Orta Asiyaya sürgün olundular. 1957-ci ildə müştərək muxtariyyət bərpa olundu. 1993-cü ildə isə iki ayrı muxtar respublikaya (çeçen və inquş) bölündü.
83 il əvvəl...
30 noyabr 1939-cu ildə SSRİ ilə Finlandiya arasında müharibə başlanıb. Müharibəyə səbəb SSRİ-nin Karel zolağını (indiki Leninqrad vilayətinin bir hissəsi) Finlandiyadan (1918-ci ilədək Rusiya imperiyasının tərkibində olub) geri almaq niyyəti idi. SSRİ müharibəni bir-iki həftəyə bitirməyi planlaşdırsa da, istəyinə 4 ay sonra və böyük itkilər hesabına nail oldu. 1940-cı il martın 12-də imzalanan sülh sazişi ilə Finlandiya bu bölgəni SSRİ-nin ərazisi kimi tanıdı.
77 il əvvəl...
29 noyabr 1945-ci ildə Yuqoslaviya Xalq Federativ Respublikası (YXFR) yaranıb. Yuqoslaviya ərazisi 5 əsrə yaxın Osmanlı imperiyasının tərkibində olub, I Dünya müharibəsindən sonra, 1918-ci ildə Serbiya, Çernoqoriya, Sloveniya, Bosniya və Herseqovina, Makedoniya birləşmiş krallıq (1929-cu ildən Yuqoslaviya) yaradıblar. II Dünya müharibəsindən sonra monarxiyaya son qoyuldu və federativ respublika yarandı. 1963-cü ildə ölkə Yuqoslaviya Sosialist Federativ Respublikası (YSFR) adlandı. 90-cı illərdə Yuqoslaviya parçalandı.
75 il əvvəl...
29 noyabr 1947-ci ildə BMT Baş Assambleyası Yaxın Şərqdəki tarixi Fələstin ərazisində iki müstəqil dövlətin – yəhudi və ərəb dövlətlərinin yaradılması haqqında qətnamə (141 saylı) qəbul edib. Qətnamədən bir neçə ay sonra (1948-ci ilin mayı) birtərəfli qaydada İsrail dövləti yarandı. Ərəb ölkələri onu tanımadılar və bu günədək davam edən Fələstin münaqişəsi başlandı.
32 il əvvəl...
29 noyabr 1990-cı ildə Prezident Ayaz Mütəllibov Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı elan edilməsi barədə fərman imzalayıb. Bundan öncə, 17 noyabrda Naxçıvan Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında bayraqla bağlı və “Sovet Sosialist” sözlərindən imtina haqqında qərar qəbul edilmişdi. 1991-ci ilin 5 fevralında Azərbaycan Ali Soveti hər iki məsələyə dair qanunlar qəbul etdi.
21 il əvvəl...
30 noyabr 2001-ci ildə Moskvada MDB sammiti çərçivəsində Azərbaycanla Qazaxıstan arasında Xəzərin dibinin orta xətt prinsipi üzrə bölünməsinə dair saziş imzalanıb. Sənədi prezidentlər Heydər Əliyev və Nursultan Nazarbayev imzalayıblar. 2002-ci ildə Azərbaycanla Rusiya arasında analoji sənəd imzalandı.
Hazırladı: V.Orxan