Xəbər verildiyi kimi, Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti ölkəmizə səfərə gəlib. Səfər Azərbaycanla Tatarıstan arasında müxtəlif sahələrdə əməkdaşlığın cari vəziyyəti və perspektivlərinin, gələcək layihələrin müzakirə edilməsi məqsədilə təşkil edilib. Noyabrın 29-da Bakıda Azərbaycan-Tatarıstan biznes forumu keçirilib.
Noyabrın 28-də isə Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (Rus Evi) Tatarıstanın biznes-missiyasının nümayəndələri ilə görüş keçirilib. Görüşdə Tatarıstan Baş nazirinin müavini – sənaye və ticarət naziri Oleq Korobçenko, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, “Rossotrudniçestvo”nun ölkəmizdəki nümayəndəliyinin rəhbəri İrek Zinnurov və Rusiya İxrac Mərkəzi nümayəndəliyinin rəhbəri Nuri Quliyev, Tatarıstanın Azərbaycandakı daimi nümayəndəsi Murad Qadılşin və Bakıya gəlmiş 40-dan çox müəssisənin nümayəndəsi iştirak edib.
Bakıdakı Rus Evində tatar mədəniyyəti sərgisi də açılıb. Tatarıstanın mədəniyyət naziri İradə Ayupova və “Yaşlek” Tatar Gənclər Mərkəzinin sədri Diaz Əhmədcanov qonaqları salamlayıblar.
Tədbir zamanı dəri mozaikası, üzərində ənənəvi tatar naxışları olan keçə xalça yaradılması və muncuqla tikmə üsulu ilə milli baş geyimlərinin hazırlanması üzrə ustad dərsləri də təqdim edilib. Bundan əlavə, Volqa Bulqariyasında İslam dininin qəbul edilməsinin 1100 illiyinə həsr edilmiş “Bizi düz yol ilə apar” adlı fotosərgi, habelə “İbn Fədlan” sənədli-bədii filmi nümayiş etdirilib.
Səfər çərçivəsində Tatarıstan Respublikasının Azərbaycandakı Daimi nümayəndəliyində görüş keçirilib. Görüşdə Milli Arxiv İdarəsi tərəfindən hazırlanmış “Tatarların Azərbaycan tarixində rolu” adlı sənəd sərgisi Tatarıstan prezidenti Rüstəm Minnixanova təqdim olunub.
Tatarıstanın Arxiv İşi üzrə Dövlət Komitəsinin nümayəndələri Milli Arxiv İdarəsində və Respublika Dövlət arxivlərində də olublar. İdarənin rəisi Əsgər Rəsulov Tatarıstan Respublikasının Arxiv İşi üzrə Dövlət Komitəsinin sədri Gülnarə Əbdürrəhmanova və nümayəndə heyətinin üzvlərini səmimiyyətlə qarşılayıb.
Nümayəndə heyəti Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər sahəsində gördüyü işlərlə tanış olub. Qonaqlara Elektron Arxiv Sistemi, Elektron Arxiv Məlumat Sistemi və Elektron Hesabatlar Sistemi haqqında məlumat verilib.
Daha sonra Dövlət Arxivi, Dövlət Tarix Arxivi, Dövlət Kino-Foto Sənədləri Arxivi, Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, Dövlət Səs Yazıları Arxivi, Dövlət Elm və Texnika Sənədləri Arxivi, Elmi Məlumat Kitabxanası ilə tanış olan qonaqlara sənədlərin saxlanılması qaydaları və müvafiq şərait barədə ətraflı məlumat verilib. Mərkəzi Laboratoriyanın işi ilə tanış olan Tatarıstan arxivçilərinə sənədlərin bərpası barədə müvafiq bilgilər verilib, avadanlıqlar və iş prinsipi nümayiş etdirilib.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.