XX əsrin ikinci yarısında Azərbaycan memarlığı yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu dövrdə yenilikçi, səmərəli təklif və ideyaları ilə tanınan, yüksəkixtisaslı kadrların hazırlanmasında əməyi olan sənətkarlardan biri də AMEA-nın müxbir üzvü, Əməkdar inşaatçı, professor Ənvər Qasımzadə olub. Bu il onun anadan olmasının 110-cü ildönümüdür.

Ənvər Əli bəy oğlu Qasımzadə 12 fevral 1912-ci ildə Salyan şəhərində dünyaya göz açıb. Atası Əli bəy Azərbaycanda rus dili və ədəbiyyatı üzrə ilk müəllimlərdən olub, maarif və mədəniyyətə böyük maraq göstərib. Övladlarını da bu ruhda tərbiyə edib. O, həmçinin 1919-cu ildə əsası qoyulan Bakı Dövlət Universitetinin təşkilatçılarından biridir. Onu da qeyd edək ki, Əli bəy Qasımovun böyük rus ədibi Lev Tolstoyla maraqlı yazışması olub. Bir neçə dəfə Yasnaya Polyanada yazıçı ilə görüşüb.

Ənvər Qasımzadə orta təhsilini Bakı Müəllimlər Seminariyasının nümunəvi məktəbində alır. Sonra Azərbaycan Sənaye Texnikumunun İnşaat şöbəsində oxuyur. Təhsilini başa vurur və göndərişlə Azərbaycan Sənaye İnstitutuna daxil olur. 1936-cı ildə mühəndis-memar ixtisası üzrə ali təhsilini başa vurur.

O, hələ tələbə ikən, 1934-cü ildən “Azərdövlətlayihə” təşkilatında işə düzəlir. Eyni zamanda Bakı İnşaat Texnikumunda dərs deyir. 1941-ci ildə texnikumun direktoru təyin edilir.

Həmin il Böyük Vətən müharibəsi başlayır. Ənvər Qasımzadə könüllü zabit hazırlığı kursuna yazılır. 1942-ci ilin aprelində cəbhəyə yollanır, üç il ərzində Şimali Qafrazdan – Terek sahillərindən Berlinə qədər döyüş yolu keçir. Sinəsini “Qırmızı bayraq”, “Qırmızı ulduz”, I və II dərəcəli “Böyük Vətən müharibəsi” orden və medalları bəzəyir.

1946-cı ilin iyununda Azərbaycan hökumətinin müraciəti ilə hərbi xidmətdən geri çağırılır və respublika Nazirlər Sovetinin Memarlıq işləri üzrə idarəsinin rəisi təyin edilir. Daha sonra Bakı Şəhər Soveti İcraiyyə Komitəsi sədrinin müavini, Dövlət Tikinti Komitəsinin sədri, Dövlət Plan Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışır.

Bu illər ərzində Ə.Qasımzadə Azərbaycanda tikinti proseslərini yüksək sənaye səviyyəsinə qaldırılmasına, milli memarlıq sənətinin inkişafı sahələrində böyük işlərin həyata keçirilməsinə diqqətlə yanaşır. Memarlıqda tarixi irsin, milli çalarlar və ornamentlərin geniş tətbiq olunması üçün səylər göstərir. Calışır ki, müasir Azərbaycan memarlığında yüzillərlə toplanıb qalmış tarixi irs, milli çalarlar, ornamentlər geniş tətbiq olunsun və özünəməxsusluğunu itirməsin.

Ə.Qasımzadə 1959-cu ildə Azərbaycan Memarlar İttifaqına rəhbər, 1962-ci ildə isə Azərbaycan Politexnik İnstitutuna rektor təyin olunur. O, burada böyük uğurlara imza atır. İnstitutun genişlənməsi, yeni fakültələrin açılması üçün səylər göstərir. İnstitutun Gəncə şəhərində filialı fəaliyyətə başlayır.

Təşkilati işlərlə yanaşı, elmi tədqiqatla da məşğul olan Ə.Qasımzadə 1964-cü ildə memarlıq doktoru alimlik dərəcəsi alır, 1966-cı ildə professor, 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilir. Harada işləməsindən asılı olmayaraq Ənvər Qasımzadə daim yaradıcılığa maraq göstərir. O, 60-dan çox elmi məqalənin və 7 monoqrafiyanın müəllifidir.

Görkəmli memarın layihələri əsasında Bakı, Gəncə, Daşkəsən və Xankəndidə onlarla yaşayış evi və ictimai binalar ucaldılıb. Bakının İnşaatçılar prospektindəki binalar, Dövlət Gömrük Komitəsi və Maliyyə Nazirliyinin inzibati binaları, Bakıxanov küçəsindəki Azərbaycan Tibb Universitetinin əsas korpusları, metronun “Ulduz” stansiyası və s. onun layihələri əsasında inşa edilib.

İctimai həyatda da öz fəallığı ilə seçilən və diqqətçəkən memar bir neçə çağırış Bakı Şəhər Sovetinə və Azərbaycan SSR Ali Sovetinə deputat, Azərbaycan KP Mərkəzi Komitəsinə üzv seçilib.

Azərbaycan memarlığının təşəkkül və inkişafında əməyi olan Ənvər Qasımzadə 1969-cu ildə, 57 yaşında vəfat edib. Fəxri xiyabanda dəfn olunub.

Savalan Fərəcov