Aşıq Ələsgər - 190
   
   hekayə
      
   Dünyanın balası boyda bir düzənlik, göylük-göyçəlik, çəmən-çiçəklik idi - yel əsdikcə titrəşib sellənir, külək ara verdikcə duruxub donuşurdu. Hava işıqlaşdıqca piyalə lalələr hallanıb-allanır, ulduz-ulduz çiçəklər nübar öpüşdən qırpınan qız gözləri, açıla qalmış qızcığaz dodaqları kimi səyrişib, nazlanırdı. Qarşıdakı Ulu dağdan baxanda bu ucsuz-bucaqsız Güllüçöl Göyçə gölünün ekiz bacısı kimi görünür, rəngarəng gül-çiçəklərin yaratdığı talalar buranı ecazkar çeşnili Tanrı xalısına bənzədirdi.
   Gündoğar tərəfdən yaxasına vər düşmüşdü bu düzənin; qədd-qamətli bir aşıq idi - yeri-yürüyündən görünürdü ki, xeyir işə tələsir. Sol əli çiyni aşağı aşırdığı sazın boğazında, sağ əli çəmən-çiçəyin tellərində - bu gülləmə yazı döşünə qatıb irəliləyirdi. Bu gözəllik çöl-gölündə gözləri bir qoşa ada, özü piyada, könlü isə atlı idi...
   Çinar boylu, palıd gövdəli bu kişinin təhər-tövrü də bir görəcək idi. Addımları qoşma idi, çiyinləri cinas idi, baxışları təcnis idi. Yenicə çırtmaqda olan günəşin qızıl-qırmızımtraq şüaları arxadan onu sehrli ruha, qarşıdan isə - çal-çağır dolu bir məclisə, ağır mahala bənzədirdi.
   Arxadan günəşin, qarşıdan gör-gözəlliyin hərarəti artdıqca, qoca aşığın canı cimildəşir, ruhu qımıldanırdı. Arabir ayaq saxlayıb boyun-boğazını gərən, qulunclarını tərpəşdirən aşıq, nəhayət, dayandı. Başını sağ çiyninə əyib, baxışlarını kürəyi səmtə yönəldərək, hər ilin yazında qan aldırdığı nöqtəyə işarəylə: «Canımı qocaldıb, qanımı hələ də coşduran eşqim!» - pıçıldadı. Uyqulu gözlərindən, duyğulu sifətindən dodaqlarına hayalı-sayalı bir təbəssüm qondu. Gözlərini yumar-yummaz, iyirmi-otuz ilin o başında apardığı bir toy məclisi açıldı xəyalında.
   ... Bayaqdan bu gözəllik dənizində xəyala batıb qalmış aşıq qəfil parıltıyla uçub qalxan torağay səsinə diksinib özünə gəldi. Köhnə xatirələrdən ayrılıb yeni olaylara doğru yolaylandı. Addımlarını bir az da yeyinlətdi.
   Tutaş meşəliyinə yetəndə gün qalxmışdı. Bir-birinə boy verməyən ağaclar günəş şüalarını aşağı buraxmırdı. Yer-yurda qalın, buz kimi kölgə sərilmişdi. Meşə əməllicə soyuq idi - yolçu, elə bil, yazdan çıxıb qışa düşmüşdü. O, kəsə yolla getmək fikrindən daşınar-daşınmaz, nəzərləri bir gözəlin ilahi gözlərinə sataşdı. Bir ana ceyran - təlaş dolu baxışları yan-yörədə - dünyaya təzəcə göz açmış balasını təbiətə alışdırırdı. Yaxınlıqdakı yad nəfəsdən duyuq düşən ana, açıqlığa can atan balasını döşünə qatıb qamışlığa keçdi.
   Bayaqdan bu mənzərəni heyranlıqla seyr edən qoca aşıq küsəndi. Bu zərif canlının ondan çəkinib gizlənməsi gözəlliklər aşiqinə yer elədi. Elə bildi, düz yüz ildi bu qənirsiz məxluqa bənzətdiyi neçə-neçə xub gözəllər, bax, bu an bir qıraqdan göz qoyub qınayırlar onu. Ürək sinədə, saz köynəkdə tab gətirmədi. Təzanə tellərə him elədi, barmaqlar pərdələri göz-göz gəzib köz elədi, qəlb bunların hamısını cəm elədi və bu da alov! «Ruhani» meşəyə od saldı. O gözələ elçi düşən xallar əliboş qayıtmadı; çalğının öldüm-öldüm məqamında ceyran imsinə-imsinə mərədən çıxdı - balası da yanında. Başının tükləri qabardı qoca aşığın. Barmaqları yanıldı, xalların kələfi dolaşdı. Ceyran da buna bəndmiş kimi, balasını da yanına alıb qalın qamışlığa yönəldi.
   Yaşının bu ulu çağında bu qoca dünyaya bir könül də vurulub, yoluna düzəldi aşıq. Uzun ömrüylə qocaltmış zənn etdiyi gidi dünya gözləri önündə cilvələnib təzədən cavanlaşır, qoşacağı yeni kəlmələri sətir-bəndə vurur, qarşıdakı məclislərə Telli sazın yeni ovunu çatdırmağa tələsirdi.
   Meşə dağın döşünə qalxdıqca seyrəlirdi. Axırıncı ağacın - qayalıqda ucalan qoca palıdın əlçatmaz koğuşundakı arı pətəyi gün işığında alışıb-yanırdı.
   Qoca aşıq asta addımlarla qalxıb, dağın belində ayaq saxladı. Dağın bu üzü gül-çiçək dənizinə, aşağıdakı iyirmi-otuz evli kənd isə yaşıl adaya bənzəyirdi. Aşıq sazın boğazını qoltuqlayıb, üzüaşağı sallandı. O, bu kənddə də çox olmuşdu.
   Obanın yuxarı başından səs gəlirdi. Saz səsiydi - küləyin səmtindən gah itir, gah qalxır, gah düşürdü. Ardınca qulağına şirin bir avaz dəydi - şuxluğundan bilinirdi ki, kənddə toydu. Səsindən tanımadığı bir aşıq da, zalımı çıxmış, boğazının ocağında oxuyurdu. Özü də, deyəsən, mağardakı gözəllərdən birinin azarına düşmüşdü; zəngulələri palıd tonqalı kimi çatırdayırdı. Tanış duyğu idi...
   Bir azdan, üzü bəri əsən külək yanıqlı avaz içində bir cüt misra da gətirib, qoca aşığın qəlbini süsən sünbültək titrətdi:
   
   Mənim adım Ələsgərdi,
   Dərdim dillərdə əzbərdi...
   
   * * *
   Bir də onda ayıldı ki, otuz il qabaq toyunu başa vurub çıxdığı bir həyətin doqqazı qarşısındadır. Çəpərin o üzündən qırıq-qırıq danışıqlar eşidirdi - toyluqdan çox vaylıq havalı sədalar.
   Qapını astaca itələyib, içəri keçdi. Həyətdə üzləşdiyi baxışların heç biri ona tutduq vermir, ilk qırpımdaca sivişib yerə tökülürdü. Yüyürüşüb onu bağrına basanların kipriklərindən ələm asılmışdı.
   - İmran gözümə dəymir axı, Qulam kişi! Xeyirdimi?
   - Xeyir olar, inşallah, Dədə... Hələ bir öyə keçək, yol gəlmisən... bizi ağırlayıb el bilmisən... - Qulam kişi sözün birini yayda deyirdi, birini qışda. - Keçək, bir hovur dincini al...
   - Evin içinin rahatlığı çölün işinə bağlıdı, Qulam kişi. Üz-gözünüzdəki qara mətləbi ağart, görək noolub, nə baş verib?
   - Sənin canından iraq, Dədə, işimiz bir az əngələ düşüb. Budu bir həftədi fağır İmranın dincliyi kəsilib. Yenə hökumət ayağına gedib...
   Bu dəm adamlar arasından qınaq dolu ötkəm bir səs gəldi:
   - Ay Qulam əmi, elə arxayın danışırsan ki, guya bu işdən Dədə də agahdı! Sözün eyvan-seyvanından evinə keç.
   Qulam kişi səs gələn tərəfə üzrxahlıq əlaməti olaraq baş tərpədib, üzünü qoca aşığa tutdu:
   - Hə, Dədə, belədi ki, bu yandan sənə ismarış göndərdik, sabahısı o yandan qan xavarı aldıq...
   - Nə üz verib, Qulam kişi? - Məsələnin ciddiliyini hiss edən aşıq onun qolundan yapışıb, son həftənin bu ağır söhbətlərindən sallanmış qulaqlardan qırağa çəkdi.
   Adamlardan bir xeyli aralıda dayanmış aşıq ilə Qulam kişinin sözləri aydın eşidilmirdi. Amma onların dodaqları da, qaşları da, gözləri, əlləri, tez-tez birini götürüb o birini qoyduqları ayaqları da danışırdı. Ən çox təkrarlanan isə «qonşu Meynəli kəndi», «Məşədi Muxtar» kəlmələri idi.
   Adamların tam sakitcə dinşək kəsildiyi bir məqamda Qulam kişi, deyəsən, son sözlərini deyirdi:
   - Hə, Dədə. Büyünə qədər iki dəfə toy tədarükü eləmişik, hər iksində də əlaltdan, toyumuzun vaya çevriləcəyi xavarını gətirənimiz olub. Bu da üçüncü... Başı batmış bacıoğlu da ki, day qocalır...
   Qulam kişinin ağır yük altında gərilmiş nər kimi ləngərləndiyini görən qoca aşıq, onun qolundan yapışdı, gəlişindən xəbər tutub iki-bir, üç-bir bu həyətə toplaşmış mərəkəyə tərəf addımladılar.
   Hamının gözü aşıqda idi. Onun dərin gözlərində, nurlu çöhrəsində nə gördülərsə, yavaş-yavaş qırışıqları açıldı. Yaşlılar bu gözlərdə barış görürdülər. Amma həm də - əgər bu müşkül məsələnin həlli üçün qonşu kəndə - «qana qan» deyən Məşədi Muxtarın qapısına gedərsə, bihörmət edilib-edilməyəcəyi ehtimalından da narahat idilər.
   Cavanlar bu gözlərdə savaş da görür və bu boyda mahal ağsaqqalının, saz-söz ustadının bir himi ilə qonşu Meynəli kəndini yerlə-yeksan edəcəklərinə əmin-arxayın olub, qoca aşığın sıxılmış dodaqlarını izləyirdilər. Uşaqlar isə, sabahın toy-mərəkə havasından sevinişir və bunun əsas səbəbkarına - nəhəng gövdəli aşığa, onun, qonşu kənddəki bütün kişiləri yıxmağa qadir qollarına, pələng biləklərinə tamaşa edirdilər.
   Bu qədim aşığın təzə gəlişi bu həyətdə belə bir yenilik yaratmışdı ki, elə bil heç bu qapının sabah toyu çalınası oğlanı yeddi il qabaq qonşu Meynəli kəndinin nər kimi bir oğlunu - təzəbəyini yeddi günlük toyunun axırıncı günündə bazarağzında - söz çəpləyib öldürməyibmiş və sanki o nakam bəyin qardaşları bu oğlanı da məhz toyu çalınası gün qanına qəltan edəcəklərinə söz verməyiblərmiş...
   
   * * *
   Dəvəbel dağların, qartalbaş qayaların arasıyla uzanan köç yolunda, deyərdin bəs, qoşun qovurdular. Hökumətdən bu dəfə də əli boşa çıxmış İmran kişinin göy atı idi - toz-dumanı gerisincə div cəhrəsi tək əyirib-sovururdu. Atlının fikir-xəyalı dərd-ələm çapırdı, at isə dördəm. Göy at öz sahibinin onu insafsızcasına qovmasının səbəblərindən, İmran kişi isə qarşıdakı qayaya sinmiş iki əlitüfənglidən bixəbər idi.
   At təhlükəni sahibindən əvvəl duydu. Dördəmdən düşüb yorğalamağa başladı və elə bu dəm bir-birinin ardınca iki tüfəng açıldı. İmran kişi cilovu güllə səsi səmtə çəkdi. Əlitüfənglilər eyni anda qalxıb dərə yuxarı götürüldülər.
   - Ə, dayanın! Qaçsanız , gəlib kənddə sağ kişi qoymayacağam! - Bu ötkəm, amiranə səsdən onların tüfəngləri əllərindən düşdü: - Oyuncaqlarınızı da götürün, yanıma gəlin!
   Bir-birinə baxan həmkəndlilər tüfənglərini götürüb, atlıya yaxınlaşdılar.
   - Kimə güllə atırsız ə, dığalar?!
   - Kirvəcan, bağışla e li, elə bildik bizimkilərdənsən... - Orta yaşlı erməni gənc həmkəndlisinə him elədi ki, «dilim tutulub, sən davam elə».
   - Dayıcan... əmican... kişican, bizi pırlat sabah toy gumbuldadacağın Qoşqar balavın başına... - Gənc erməni nəhəng gövdəsinə yaraşmayan mağmun bir görkəm aldı.
   - Həə, deməli, bundan da xəbərdarsız.
   - Hə, kişican! Görüm, İrəvandakı bütün meçidlər onun cəncəl işini avand eləsin. - İndi də gənc erməni orta yaşlıya him elədi ki, «sən davam elə».
   - Vallah, kirvə, elə bildik bu mahala təzə köçürülən ermənilərdənsən. Yoxsa, biz nə qələt eləyib türkə güllə atardıq?!.
   - Bəs tüfəng niyə düşdü əlinizdən?
   - Səsindən tanıdıq ki, İmran kişisən!..
   İmran kişi duyğulandı, gülümsündü. Orta yaşlı erməni bir az da ürəkləndi:
   - Ara, kirvəcan, taqsır sizin musurmandadı e li! Ode, biri Mustapa bəy! Budu bir həptədi bizdə qonaxdı, hər dəyqə də arvadıma deyir ki, a kopax qızı Haykanuş, de görüm, sənin ərin qoçaxdı ya mən?! Haykanuş da hər gün mənə deyir, ara, Vartan, get bir adam tut gətir, Mustapa bəy səni də qoçax eləsin...
   - A Vartan! - Atlı bu adı ağzında iyrənə-iyrənə çeynəyib səsləndirdi. - Gərək ki, sənin babanın adı Vazgendi. Bax bu kəndi - yurd yerini ona mənim babam Toğrul bəy bağışlayıb.
   Bunu eşidən orta yaşlı erməninin çiçəyi çırta, dili mırta düşdü:
   - Ara, vaa! Ara, Allah ona qanı-qanı rəhmət eləsin! Onların dostluğundan bu kənddə hər gecə söz düşür. Ən çox da ağbaldır, çaşdım, ara, ağbirçək axçilər! Toğrul kişiynən Vazgen kişi...
   «Vazgen kişi» sözündən əti çimçəşən atlı onun sözünü ağzında qoydu:
   - Vazgen «kişi»nin Vartan dişisi, sizi qurban eləyirəm üstümdəki cəncəl işə. Gedin. Gedin, Mustafa bəyə də deyin ki, Toğrul bəyin, Mahmud ağanın, Sərdar paşanın günahlarını göyərtməsinlər. O babalarımız vazgenlərə torpağımızı peşkəş elədi, bunlar da haykanuşlara - özümüzə qənim kəsiləsi toxum-tumlarımızı! Eşitdinmi, Vartan «kişi»?! İnşallah, o cəncəlimi sovub, qayıdacam. Dediklərimi Mustafa bəyə deməmiş olsan, səni o bəylərdən döl tutduğunuz dır-dığalarınızla birənti doğrayacam!
   Atlı bunu deyib, tozu dumana qata-qata kəndə sarı çapdı. 
    * * *
   Qoca aşıq bu həyətə necə keçmişdi - eləcə durmuşdu. Onunçün əldən-ayaqdan gedənlərin dəvətinə, xahiş-minnətinə məhəl qoymur, evə tərəf yovumurdu. Nə ahıl-ağsaqqalın yol atmasına bənd olurdu, nə ərklə yaxınlaşan cavan-comrulun qol dartmasına. Ayağına kəsmək istədikləri qoçu da, ehmalca, buynuzundan çəkib buraxdırmışdı. Cavanlar onun bu tərsliyindən baş aça bilməsələr də, yaşlılara bəlliydi ki, qoca aşığın iştahı İmran kişinin gətirəcəyi xəbərə bağlıdı. Ancaq yeddi-səkkiz yaşlı bir uşaq onu inadından döndərdi. Bu balaca oğlan hallıca-ballıca bir əda ilə aşığa yaxınlaşıb əlindən yapışdı. Bayaq çovustanın qapısı ağzındakı köhnə yəhərə minib «at çaparkən» nənəsinin onun qulağına pıçıldadığı kəlmələri qoca aşığın gözlərinin içinə - özü də əzbərdən dedi:
   - Dədə, yaz havası naz havasıdı - qalxanına qılınc çalar, qulunc elər səni. Gəl, gəl, keçək öyə, oturaq, sözün gerisini sən davam elə...
   Və qoca aşıq - üzündə-gözündə bir dünya işıq - bu kişi qırığının ardınca düşüb, bir ayaq-bir ayaq evə keçdi.
   Süfrə hazır idi. Ev yiyələrinin də qırışığı açılsın deyə, qoca aşıq nahara iştahla başladı.
   Elə bu dəmlərdə - hələ uzaqdan qapı-baca qoxusu duymuş at kişnərtisi eşidildi. Qulam kişi qoca aşığa baxınıb, «Göy atdı» - deyə xısıldadı. Yəni «İmran gəldi».
   Doqqaz qapısı bayquş səsiylə cırıldayıb açıldı. İmran kişi həyətə bir qara qaya görkəmində girdi. Həmişə enli qapalağın gec açılmasına dözməyib hikkə-ciknəylə fınxıran Göy at da, bu dəfə çəm-xəm eləmədi - doqqazın daracaq qapısından quzu kimi keçdi.
   Çəpərin dibində mis samovarın odluğunu püləyən arvad kişisinin rəng-ruhunu belə görüb, əllərini dizlərinə çırpdı, amma çox sakitcə vaysındı. İmran kişi onun bu ehmal hərəkətlərindən, üstəlik bərk-bərk yaşmanmasından bildi ki, evdə ağır qonaq var; aşıq gəlib. Elə bu dəm Qulam kişinin ardınca başını əyib qapıdan çıxan nəhəng gövdəli bu qonağı gördü və atın yüyənini buraxıb, evə tərəf yüyrəndi:
   - Avazına qurban olum, ay Ələsgər Dədə! - dedi və boğazını tutmuş qəhəri gizlətməkçün öskürüb udqundu. - Bu darqursaqlar işi danışıb, bulandırıblarmı sənin də eynini? Sazı dustaq ediblərmi köynəkdə?!
   Qucaqlaşdılar. Hər ikisi özünü zora salıb, gülümsəməyə çalışırdı.
   - Dünyanın işi yaşından çoxdu, a İmran! Şükr, özün salamatsan, sözün də salavat olar, inşallah... - Qoca aşıq bu ağır mətləblə bağlı sorğu-suala yüngül bir ayaq axtarırdı. - Şəhərdə necədi havalar? Salvartının qarı yumşalmırmı hələ? Oyxunma e, qadam, aşığınkı dağdı, bağdı, qardı, bardı, bir də gül-bülbül...
   - Yaxşıdı, Dədə. Haqqın işi sahmanlıdı. Bəndələrinki isə... -Yan-yörəsinə baxınıb söz axtarırdı. At arabasının təkərinə bağlanmış qoçun mələrtisini eşidib diksindi və duyuq düşdü ki, aşığın ayağına qurban kəsilməyib. - Ay uşaq, qapıda gözümə qan dəymir axı!
   - Qalsın, a İmran. Gedək, qayıdaq, sonra...
   - Hara, Dədə?! - İmran kişinin dalağı sancdı. - Hara belə, Allah qoysa?..
   - Bə neyləyək, ay oğul? Hökumət ayağından naçar qayıdıbsan...
   - Hə, Dədə. Nə qədər ki, əlimdə-ovcumda vardı, - qorxma, səbr elə, düzələr, deyirdilər. Bu səfər başqa hava çaldılar. Sözlərindən belə çıxdı ki, Məşədi Muxtar deyən olmalıdı - qanı qan yumalıdı...
   - Məşədi Muxtarın qana-qan deməyi tək elə cana görə döyül, a İmran. - Qoca aşığın sir-sifətində qos-qoca bir kədər, təəssüf, ağrı vardı. - Məşədi Muxtarı bu hoya salan o namərd işin toy gecəsinə düşməsidi. Yoxsa Məşədi Muxtar belə uşaqlıq eləməzdi, indiyədək qapısından dörd-beş kərə ağsaqqal-qarasaqqal qədəmi, hökumətin gediyi qaytarmazdı. Deməli... Deməli...
   Qulam kişi söhbətə qoşulmağa məqam tapdı:
   - Deməli, bu işin açarı Allahdan aşağı - səndədi, Dədə! - dedi və İmran kişinin göz ağartdığını görüb, hövsələdən çıxdı. - A İmran, bə neyləyək, deyirsən? Uşağı qocaldıb öldürməkdimi fikrin?!
   - «Uşağı» yox, a yeznə, namərdi! Xeyir-şər günü igid igidə nəinki qatillik, heç cahillik də eləməz! Mənim küçüyüm... sənin bacoğlun isə... - O, gah evin kəlləsindəki tut ağacına söykənib başını aşağı dikmiş oğluna, gah qarşısındakı pir görkəmli aşığa baxıb, sör-söyüşlə yoğrulmuş kəlmələri uddu.
   - Allah o nakam bəyə rəhmət eləsin, a kişilər... Amma bu kişi də, - qızmış beyinlərə su səpməyə çalışan qoca aşıq tuta söykənib xəcalətdən sanki ayaq üstdə ölmüş oğlana baxa-baxa sözünə davam etdi - sabah bəy, yeddi gün sonra ər, ötəsi il atadı, a İmran! Danlaq-qanlağı işə qədər eləyərlər. Şeytana lənət. Yığışın, gedək Məşədi Muxtarın ayağına...
   - Nə danışdığındı, Dədə?! - Bu təklif yükünün ağırlığından İmran kişinin boynu qısıldı. - Məşədi Muxtar uşağının ağzı pərtovdu, Dədə! İraq-iraq, səni də üz-göz eləyərlər, el-oba goruma da söyər mənim. Oğlumun subaylığı da sənə qurbandı, mənim nəvə-nəticədən olası bu quru canım da! Adımın axirətinə dəydirmə, Dədə!..
   Qoca aşığın təpingən baxışları onun hələ çox uzanası yalvar-yaxarını yarımçıq kəsdi:
   - Danışıq dananı qurda, əngəli cəncələ verər, a İmran. - Aşıq mətləbi baxışlarına bab sözlərlə tamamladı. - Çörəkdən-sudan bir tikə dad, dəbərək...
   
   * * *
   Məşədi Muxtar oğul-uşağıyla süfrə başında idi. Mütəkkəyə dirsəklənib çay içirdi. Arvadı aşağı başda - sağ əli hisdən qaralmış çaydanın qulpunda - çöməlib, stəkanın boşalacağı anı gözləyirdi. Kişi isə - onun hörmət, məhəbbət və daha çox qorxu saçan baxışları altında - çayı bir az da ləng, zəhm-zabitəli ər qürrəsilə içir, evləndiyi çağdan bəri hər gün, hər dəfə təkrar olunan bu mənzərənin ömrünü bir qədər də uzatmağa çalışırdı. Bacılar gözaltdan qardaşlarını süzürdülər. Sabah baş verəcək məlum hadisə üstdə köklənmiş bu üç dəliqanlının ən adi hərəkətləri belə onların gözlərində qeyri-adi görünür, canlarından min dəfə çox istədikləri bu düşmən toxmaqlarına sonsuz fəxr, sevgi və bir az da narahat-nigarançılıqla baxırdılar.
   Həyətdə özünü yeyib-tökən it isə tamam başqa mətləbdən xəbər verirdi. Üzündə atasının tərs baxışlarını hiss edən ortancıl qardaş yerindən sıçrayıb həyətə çıxdı. İt özünə qahmar görüb bir az da yavalaşdı. Atlar hoyuxub sağa-sola vurnuxdular. Oğlan İmran kişini tanıyanda dartıb köynəyinin yaxasını cırdı:
   - Yol azmısan, a kaftar?! - dedi və özünü toxdadıb, sağ əlinin şəhadət barmağı ilə sol çiyni üstdən dünənlərə işarə etdi: - Keçənlərdə üstünə dəfələrlə hörmətli ağsaqqallar göndərdin, bu kişi də naçar qalıb onları geri qaytardı, özünü pis kişi elədi. İndi də öz gəlişinnən babamı ya qatil, ya o dünyalıq eləmək istəyirsən?! Bu saatcana rədd ol bu qapıdan, kişi çıxıb görməsin səni! Get, neçə ildi evlənmək üçün rüsxət dilənən kişiçənə toy vurdur!..
   Bu dəm qulağına dəyən pilə kimi yumşaq, dərya kimi dərin bir səs oğlanın nitqini qurutdu.
   - Öyün böyüyünü çağırarsanmı, oğul? Qoy o gəlib qovsun bu qapıdan dilibağlı qonaqları ... - Qoca aşıq bunu deyib, alnını ovuşdurmağa başladı.
   Məşədi Muxtar isə, artıq, qapıda idi - pəncərədən baxıb İmran kişini gördüyündən, tüfəngi də əlində:
   - Mənim qanlım mənim qapımda - at belində?!
   İlk sözü bu oldu. Son sözü nə olacaqdı? Yeddi ilin qisasıyla qıcqırmış söyüş, hədyan, ya atəş? Bunu bir Allah bilirdi.
   Amma hələ ilk kəlmənin titrətmə-qızdırmasından qurtarmamış, dodağı sallandı. Qolları yanına düşdü. Didişib-öcəşən fikirlər altında oğluna him elədi ki, gəlib silahı əlindən alsın. İrəlilədi. Atın üzəngisini basıb:
   - Aşağı düş, Dədə... - dedi. - Xoş gəlmisən mənim qapıma. Həmişə sən gələsən... Toyuna çağırmadım. Qıymadım. Yol uzaqdı, dedim... Vayın yolu beləmi yaxınmış, Dədə?! Aşağı düş...
   Qoca aşıq üzücü bir tərpənişlə atdan aşırılıb, qaranlıq quyuya düşürmüş kimi, ayağına yer tapa bilmirdi.
   Elə bil həyətdə üçcə adam vardı: aşıq, Məşədi Muxtar və İmran kişi. Amma, deyəsən, heç onlar da yox idi. Hər kəsin özündən başqa, heç kəs yox idi. Nədən ki, ətrafdakı hər şeyə, yerə-göyə min kərə baxan bu üçlük bir-birinə bircə dəfə də baxa bilmirdi.
   Həyətin yuxarı başında - çəpərdən o yanda arxasınca qoyun sürüsü çəkib aparan bir uşaq qəfil və çox ucadan asqırdı. Həyətdəki canlı heykəllər bu göydəndüşmə sədaya söykənib:
   - Ya haqq Allah! - dedilər və Məşədi Muxtardan savay hamı eyni hüznlə əlavə etdi. - Allah səbr versin...
   Ağsaqqallardan biri günahkar bir səslə pıçıldadı:
   - Allah şeytana lənət eləsin!..
   Atlılar arasında üzgün bir kəlmə dolaşdı:
   - Amin...
   Qoca aşıq Məşədi Muxtar səmtə yarım addım atdı və ayağını közə basıbmış kimi, yenidən gerilədi. Məşədi Muxtar təşvişlə irəliləyib, onun qoluna girdi:
   - Öyə keçək, Dədə... Bir tikə çörək kəsək...
   Bu dəm ilk dəfə göz-gözə gəlib, baxışdılar. Hərəsi bir umu-sevdada olan bu baxışlar bir-birinə nə dedi, nə demədi - çiyinlər dikəldi. Aralarındakı illət su olub axdı, üzlər bir balaca durulub, bir azcaca açıldı. Qoca aşıq əlini onun çiyninə qoydu:
   - Süfrən açıq olsun, Məşədi Muxtar... - dedi və bəlkə də yüz ildən sonra əlavə etdi. - ... İcazə versəydin, geri dönərdik. Qayıdanbaş yolumu burdan sallam... Çörək də kəsərik, kəlmə də...
   Durduğu yerdə donub, gah bu dünyanın tifağını dağıtmağa, gah bu ellər aşığının qənşərində yıxılıb ölməyə müntəzir Məşədi Muxtarın dinib-danışacağına güman yox idi. Bu aşığın qədəmi ilə qisası qınında qalası atanın gözlərinə laxta-laxta qan görünürdü. Duvağı üzündən qaldırılmadan, bu qapıya kül tökmədən öz ata evinə qayıtmış gəlin görünürdü. Neçə ildi sabahkı günü gözləyən üç oğlunun sınıb yanlarına düşmüş qol-qanadı görünürdü. Arvadının daha heç vaxt barınmayası eynəsi, qızlarının daha heç zaman açılmayası aynası görünürdü. Bunların hamısı sabah İmran kişinin qapısında gurlayası toy sədalarına dinşək kəsilmişdi. Axı o toy da - yeddi il bundan qabaq bu qapıda olduğu kimi - vaya çevrilməliydi. Elə o qatilin qazamata salınmaması üçün Məşədi Muxtarın özünün də əlaltdan divan-dərəçilərə verdiyi pul-para da bununçün deyildimi?!
   - Qapım sənin üzünə həmişə açıqdı, Dədə! - Məşədi Muxtar bu sözləri qoca aşığın gah gözlərinə, gah yaxalığına deyirdi. - Ancaq, nə deyim, vallah... Mən nə deyə bilərəm ki... Qapıma sən gəlmisən!
   Məşədi Muxtar, elə bil, ağzından çıxan kəlmələrin hər birinə bir can verirdi. - Mən neyləyə bilərəm axı?! Gedin... Hə, tərpənin... Di tərpənin, siz Allah! Yubanmayın. Hə, hə! Gedin... işinizdə olun...
   Qoca aşıq əslində tərpənmək istəyirdi, amma bu sınıq-çilik kəlmələrin çala-çuxurunda addım ata bilmirdi.
   Beynində çox söz gəzirdi qoca aşığın. Baş kəlməsi isə bu idi: «Hələ məni belə bağlayan olmamışdı, Məşədi Muxtar! Sən bağladın...»
   Heç nə demədi qoca aşıq. Qorxdu ki, hər hansısa bir kəlmə qəlbi tük qədər nazilmiş bu comərdi hönkürdüb, urvatdan sala bilər.
   Kəndə çatanadək atlılardan dinib-danışan olmadı...

   Tahir Abbaslı