Azərbaycanda tar ifaçılarından danışarkən ilk sırada adı çəkilənlərdən biri də Əhməd Bakıxanovdur. Onun dahi Üzeyir Hacıbəylinin yaxın sənət yoldaşlarından biri kimi Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri var. Muğam sənətinin tədrisinə dair proqramın hazırlanmasında, mahir tar ifaçılarının yetişməsində, ilk xalq çalğı alətləri ansamblının yaranmasında, Azərbaycan Dövlət Filarmoniyasının təşəkkülündə və ümumən milli və professional musiqi sənətimizin inkişafında Əhməd Bakıxanov imzasına, onun fədakar fəaliyyətinə rast gəlinir.
Belə dəyərli sənətkarların irsinin əbədi yaşamasına, onların bu günün və gələcəyin nəsillərinə tanıdılmasına xüsusi diqqət ayıran Prezident İlham Əliyev 11 oktyabr 2022-ci il tarixində Əhməd Bakıxanovun 130 illiyinin qeyd olunmasına dair sərəncam imzalayıb. Sərəncamın icrası ilə bağlı tədbirlər davam etməkdədir.
Noyabrın 30-da Bəstəkarlar İttifaqında da ustadın yubileyinə həsr olunan sənət axşamı keçirildi. Tədbirin ən maraqlı tərəfi o idi ki, Əhməd Bakıxanov onun canlı yadigarı – Xalq artisti, professor, “Şöhrət” ordenli və neçə-neçə digər mükafatların sahibi olan görkəmli bəstəkar Tofiq Bakıxanovun əsərləri ilə anıldı.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova giriş sözündə Əhməd Bakıxanov sənətindən və Tofiq Bakıxanovun bəstəkarlıq fəaliyyətindən söhbət açdı.
Tədbirin aparıcısı – Bəstəkarlar İttifaqının baş məsləhətçisi Sevda Hüseynova səslənəcək əsərlərin Tofiq Bakıxanovun atasına ithaf edildiyini xüsusi vurğuladı.
Proqramda əvvəlcə bəstəkarın yaradıcılığından tar və piano üçün “Konsanetto” (tarzən Mehdi Sadıqzadə), tar və orkestr üçün 3 saylı konsertin birinci hissəsi (tar Rəhilə Məhərrəmova, konsertmeyster Gülnarə Teymurzadə) alqışlarla qarşılandı. Bu əsərlərdə Əhməd Bakıxanovun ifa etdiyi xalq musiqisi və muğamlardan müəyyən fraqmentlərdən bəstəkar böyük ustalıqla istifadə edib.
Sonra Tofiq Bakıxanovun digər əsərləri Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə, Əməkdar artistlər Töhfə Babayeva, Səbinə İbrahimova, Elnarə Kəbirlinskaya, beynəlxalq müsabiqələr laureatı Fəridə Əhmədbəyova, Azərbaycan Dövlət Xor Kapellasının solisti Leyla Dadaşovanın ifasında səslənərək yubiley tədbirinə xüsusi rəng qatdı. Gənc musiqişünas Nərgiz Qulamova Bakıxanovların nəsil şəcərəsi və onların Azərbaycanın elm və mədəniyyət tarixindəki xidmətlərindən bəhs etdi.
Tədbirin sonunda qocaman bəstəkarımız Tofiq Bakıxanov atasının yaradıcılığına göstərdiyi qayğıya və 130 illik yubileylə bağlı verdiyi sərəncama görə Prezident İlham Əliyevə öz minnətdarlığını ifadə etdi, Əhməd Bakıxanovun Üzeyir Hacıbəyli ilə dostluğundan maraqlı faktlar danışdı. Sənətkar yubiley tədbirinin keçirilməsinə görə Azərbaycan Bəstəkarlar İttifaqının sədri professor, Xalq artisti Firəngiz Əlizadəyə təşəkkürünü bildirdi.
Firəngiz Əlizadə Tofiq müəllimi qarşıdan gələn ad günü münasibətilə də təbrik edərək ona cansağlığı arzuladı.
Səadət Təhmirazqızı
Əməkdar mədəniyyət işçisi